İlham Əliyev Yunanıstanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev yanvarın 30-da Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Maria K.Papakonstantinusu qəbul edib.
1news.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə COP29 çərçivəsində ölkədə, ötən ilin sentyabrında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, həmçinin digər beynəlxalq tədbirlər çərçivəsində görüşlərini məmnunluqla xatırlayıb, həmin görüşlər əsnasında ikitərəfli əlaqələrin müxtəlif aspektləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını vurğulayıb, bu dialoqun münasibətlərimizin inkişafı üçün çox önəmli olduğunu deyib.
Hər iki ölkənin müxtəlif sahələrdə, o cümlədən bu gün qlobal təhlükəsizlikdə mühüm amil olan enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etdiklərini deyən Azərbaycan Prezidenti gələcəkdə biznes nümayəndələri arasında daha çox təmasların olacağına, qarşılıqlı investisiya qoyuluşunun həyata keçiriləcəyinə, tərəfdaşlığımızın inkişaf etdirilməsində hər iki ölkənin səfirlərinin vacib rol oynayacaqlarına ümidvarlığını bildirib.
Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.
Maria K.Papakonstantinus Azərbaycana səfir təyin olunmasından şərəf hissi keçirdiyini bildirərək, yaşıl enerji, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Səfir ölkələr arasında birbaşa hava əlaqəsinin olmasının önəminə toxunub.
Söhbət zamanı siyasət, iqtisadiyyat, energetika, investisiyalar, nəqliyyat, mədəniyyət, incəsənət, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulandı, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
12:17
Prezident İlham Əliyev yanvarın 30-da Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Maria K.Papakonstantinusun etimadnaməsini qəbul edib.
1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.














