Azərbaycan və Sloveniya Prezidentləri bir-birilərini təbrik etdilər
Sloveniya Prezidenti Nataşa Pirts Musar Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
1news.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Sloveniya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar səmimi təbriklərimi, Azərbaycan xalqına davamlı uğurlar, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.
Son üç onillikdə Sloveniya və Azərbaycan arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı hörmətə, etimada və əməkdaşlıqla bağlı ortaq öhdəliyə əsaslanan dostluq münasibətlərinin və konstruktiv əlaqələrin inkişaf etdiyini bildirməkdən böyük məmnunluq duyuram. Əminəm ki, ölkələrimizin əlaqələri qarşılıqlı maraq doğuran sahələrdə, xüsusilə də iqtisadiyyat, enerji təhlükəsizliyi, yeni texnologiyaların inkişafı istiqamətlərində uğurla dərinləşəcək və genişlənəcək, xalqlarımız arasında dostluq münasibətləri möhkəmlənəcəkdir.
Beynəlxalq sülhü və təhlükəsizliyi təşviq etmək, davamlı inkişafı dəstəkləmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq istiqamətlərində birgə səylərimiz qlobal problemlərin kollektiv fəaliyyətlə həllinə sadiq olduğumuzu nümayiş etdirir. Biz qarşılıqlı anlaşmanın, sabitliyin və sülhün təşviqi üçün beynəlxalq təşkilatlar çərçivəsində birlikdə işləməyə davam edəcəyik.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Həmçinin Prezident İlham Əliyev də sloveniyalı həmkarını təbrik edib:
“Hörmətli xanım Prezident,
Azərbaycan Respublikası ilə Sloveniya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.
Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətləri bizim üçün əhəmiyyətlidir. Sevindirici haldır ki, ötən otuz illik dövr ərzində ikitərəfli əlaqələrimiz möhkəmlənmiş, müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı inkişaf etmişdir.
İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Sloveniya dostluq və tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı və genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Sloveniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.











