ABŞ–İran danışıqları fevralın 6-da Oman paytaxtı Masqatda keçiriləcək
1news.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Amerikanın X şirkətinin sosial media hesabında paylaşımında bildirib.
Nazirin sözlərinə görə, ABŞ ilə nüvə danışıqlarının cümə günü saat 10:00 radələrində Masqatda keçirilməsi nəzərdə tutulur. O, danışıqlar üçün bütün zəruri təşkilati işləri həyata keçirən Oman tərəfinə təşəkkürünü ifadə edib.
ABŞ tərəfindən isə Ağ Evin bir rəsmisi Anadolu Agentliyinin müxbirinin danışıqların keçiriləcəyi məkanla bağlı sorğusuna yazılı cavab verib. Amerikalı rəsmi İranla nüvə danışıqlarının fevralın 6-da, cümə günü, Oman paytaxtı Masqatda baş tutacağını bildirib.
Bununla yanaşı, Axios xəbər platforması iki amerikalı rəsmi mənbəyə istinadən yazıb ki, Vaşinqton administrasiyası İranın danışıqların İstanbul əvəzinə Omada və yalnız ikitərəfli formatda keçirilməsi tələbi ilə razılaşmayıb və nəticədə görüşlər ləğv edilib.
Anadolu Agentliyinin müxbirinə danışan iranlı diplomatik mənbə isə ABŞ ilə danışıqlar ərəfəsində təmasların gərginləşdiyini və görüşlərin cümə günü baş tutmaya biləcəyini qeyd edib.
İranın yarırəsmi Tesnim Xəbər Agentliyinə açıqlama verən, adı açıqlanmayan digər iranlı rəsmi isə problemin danışıqların məkanının dəyişdirilməsi olmadığını bildirib. O, amerikalıların “İsraillə əlaqəli müharibə təhrikçisi qüvvələrin təsiri altında davamlı olaraq mövqelərini dəyişdiyini” iddia edib və İranın nüvə proqramından kənar hər hansı mövzunun müzakirəsini qəbul etməyəcəyini vurğulayıb.









