Nazir müavini: Prezidentin sərəncamı 1,1 milyon pensiyaçıya şamil olunacaq
“Prezident cənab İlham Əliyevin imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam 1,1 milyon pensiyaçının sosial müdafiəsinin gücləndirilməsində növbəti irəliləyişə imkan yaradır və onların, yəni yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan insanlarımızın rifahına daha bir dəstəkdir”.
1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin Sərəncamına əsasən pensiyaların indeksləşdirərək artırılmasına dair mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.
O bildirib ki, Sərəncamla bütün pensiyalar 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılıb.
“Pensiyaların təyinatı kimi, bu artım da proaktiv qaydada, pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan e-sistem üzərindən avtomatik həyata keçirilir. Yeni pensiya artımları üçün illik əlavə olaraq 640 milyon manat vəsait ayrılıb. İndeksasiya üzrə yeni artım 2025-ci il üzrə inflyasiya dərəcəsini üstələyir".












