İrandakı gərginlik Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? – Deputatdan AÇIQLAMA | 1news.az | Xəbərlər
İqtisadiyyat

İrandakı gərginlik Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? – Deputatdan AÇIQLAMA

Qafar Ağayev11:29 - Bu gün
İrandakı gərginlik Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? – Deputatdan AÇIQLAMA

İranda baş verən müharibə region ölkələrinin iqtisadiyyatına da təsirsiz ötüşməyə bilər.

1news.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov özünün “Facebook” hesabında bunun Azərbaycan iqtisadiyyatına mümkün təsirləri ilə bağlı açıqlama yayıb.

Deputat bildirib ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2025-ci ildə 644 milyon dollar təşkil edib:

“2024-cü ildə bu göstərici 647 milyon dollar idi. Rəqəmlər ölkələr arasındakı ticarət əlaqələrinin müəyyən həcmdə olduğunu göstərsə də, dövriyyənin strukturuna baxdıqda fərqli mənzərə yaranır. 2025-ci ildə 644 milyon dollarlıq dövriyyənin 624 milyon dolları İrandan idxalın payına düşüb. Azərbaycanın İrana ixracı isə cəmi 20 milyon dollar olub. Bu isə o deməkdir ki, ötən il İranla ticarətdə 604 milyon dollarlıq mənfi saldomuz yaranıb”.

V.Bayramov vurğulayıb ki, statistik təhlillər illər üzrə İranın idxalda dominant mövqedə olduğunu göstərir:

“Azərbaycanın ümumi ixracında İranın payı hətta tam rəqəmlərlə belə ifadə olunmur. İxrac ölkəyə valyuta gətirir, idxal isə ölkədən valyuta çıxarır. Bu baxımdan, İran ilə ticarətdə texniki çətinliklərin davam etməsi Azərbaycanın ixracına xüsusi təsir göstərməyəcək”.

Vüqar Bayramov

Deputatın sözlərinə görə, mümkün təsirlər daha çox İrandan idxalın azalmasında özünü göstərə bilər:

“Azərbaycana İrandan tikinti materialları, kənd təsərrüfatı məhsulları, quru meyvələr, yüngül sənaye və məişətdə istifadə edilən məhsullar idxal edilir. Əgər İranın ixrac imkanları uzun müddət məhdudlaşarsa, həmin məhsulların gətirilməsində çətinlik yarana bilər”.

O qeyd edib ki, 2025-ci ildə Azərbaycan İrandan portağal (14,3 milyon dollar), kartof (13,6 milyon dollar), qida üçün yararlı duz və yodlaşdırılmış məhsullar (11,8 milyon dollar), badımcan (9,4 milyon dollar), peçenye (8,8 milyon dollar), kərə yağı (8,7 milyon dollar), bibər (8,3 milyon dollar), xurma (6,4 milyon dollar), soğan (6,1 milyon dollar), yerkökü (5,7 milyon dollar), kələm (4,5 milyon dollar), pendir (4,1 milyon dollar), kivi (3,1 milyon dollar) və digər ərzaq məhsulları idxal edib.

“Bununla yanaşı, idxalda əsas ağırlıq tikinti və sənaye məhsullarının payına düşüb. Həmin dövrdə İrandan azot (84,8 milyon dollar), arqon (48,7 milyon dollar), mərmər qırıntıları (20,1 milyon dollar), tikinti daşlarının dənəvərləri (18,9 milyon dollar), təbii barium sulfatı (12,5 milyon dollar), ağ portlandsement (9,7 milyon dollar), hipoxloritlər və xloritlər (6,9 milyon dollar), dinatrium karbonat (5,8 milyon dollar) və digər qeyri-ərzaq məhsulları idxal olunub”, – deyə deputat əlavə edib.

V.Bayramov hesab edir ki, ümumilikdə İrandan idxalın azalması Azərbaycanın istehlak bazarında ciddi tarazlıq pozuntusu yaratmayacaq:

“Azərbaycanın xarici ticarət dövriyyəsinin cəmi 1,3 faizi İranın payına düşür. 2025-ci ildə illik idxalımızın isə 2,6 faizi İranın hesabına formalaşıb. Bununla belə, xüsusilə ərzaq məhsulları üzrə alternativ bazarlardan idxalın qısa müddətdə təşkil olunması vacibdir”.

Deputat vurğulayıb ki, regionda baş verən hadisələr fonunda idxal bazarlarının şaxələndirilməsi və asılılığın minimumlaşdırılması daha da aktuallaşır:

“İrandan idxal edilən malların, xüsusilə ərzağın qiymətinin yüksəlməməsi üçün alternativ mənbələrdən daha operativ şəkildə tədarükün təmin olunmasına ehtiyac var. Bu isə müharibənin davametmə müddətindən birbaşa asılı olacaq”.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər