Azərbaycanın strateji üstünlükləri və qlobal texnoloji inteqrasiyası - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın strateji üstünlükləri və qlobal texnoloji inteqrasiyası - ŞƏRH

Qafar Ağayev14:44 - Bu gün
Azərbaycanın strateji üstünlükləri və qlobal texnoloji inteqrasiyası - ŞƏRH

“Azərbaycan enerji və nəqliyyat mərkəzindən rəqəmsal mərkəzə transformasiya edir”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Deputat bildirib ki, dövlət başçısının çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın gələcək inkişaf modelinin artıq rəqəmsal transformasiya üzərində qurulacağını qəti şəkildə ortaya qoyur:
“Müasir dünyada süni intellekt və data mərkəzləri iqtisadi gücün əsas indikatorlarına çevrilib. Prezident İlham Əliyev vurğuladı ki, bu sahədə aparılan islahatlar ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanın bu prosesdən kənarda qalması mümkün deyil”.

Şahin Seyidzadə qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi yeni rəqəmsal arxitekturanın qurulmasında mühüm üstünlüklər yaradır:
“Ölkəmiz yalnız enerji və nəqliyyat tranzit ölkəsi deyil, həm də potensial rəqəmsal tranzit mərkəzidir. Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzərində yerləşməyimiz fiber-optik bağlantıların genişləndirilməsi üçün strateji imkanlar açır”.

Deputat vurğulayıb ki, enerji təhlükəsizliyi rəqəmsal inkişafın təməl sütunudur:
“10 min meqavat generasiya gücü və ən azı 2 min meqavat ehtiyat enerji potensialı data mərkəzlərinin yaradılması üçün unikal şərait formalaşdırır. Bərpaolunan enerji layihələri isə bu sahədə dayanıqlı və ekoloji təmiz həllər təqdim edir”.

Onun sözlərinə görə, Azərbaycanın investisiya mühiti də rəqəmsal iqtisadiyyatın qurulması üçün etibarlı platforma yaradır:
“Son 20 ildə ölkə iqtisadiyyatına yatırılmış 350 milyard dollarlıq sərmayə, ABŞ, Çin və Avropa İttifaqı ilə imzalanmış strateji tərəfdaşlıq sənədləri Azərbaycanın çoxtərəfli əməkdaşlıq modelini gücləndirir”.

Şahin Seyidzadə əlavə edib ki, dövlət xidmətlərinin “mygov” platforması üzərindən vahid mərkəzdə birləşdirilməsi şəffaflığı artıracaq və vətəndaşların xidmətlərə çıxışını asanlaşdıracaq. Ali məktəblərdə süni intellekt, data analitikası və kibertəhlükəsizlik üzrə ixtisasların genişləndirilməsi isə yeni mərhələnin əsas dayağı olacaq.

“Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər Azərbaycanın yeni inkişaf fəlsəfəsini əks etdirir: enerji və nəqliyyat mərkəzindən rəqəmsal və texnoloji mərkəzə transformasiya. Bu strateji kurs ölkəmizin qlobal rəqabət qabiliyyətini artıracaq və uzunmüddətli dayanıqlı inkişafını təmin edəcək,” – deyə deputat qeyd edib.

Xatırladaq ki, fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər