FHN: Ötən həftə 50 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə 1news.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 191 yanğına çıxış, 39 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 50 nəfər xilas edilib, 5 nəfər xəsarət alıb, 39 nəfər təxliyə olunub, hadisələr zamanı 6 nəfər həyatını itirib.











