Mingəçevirdə mağazalarda aşkarlanan saxta alkoqollu içkilərin satışı qadağan edilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mingəçevir şəhərinin Puşkin küçəsi, ev 20 ünvanında fəaliyyət göstərən alkoqollu içkilərin satışı mağazasında və Xocalı küçəsi, ev 6 ünvanında fəaliyyət göstərən qida məshullarının satışı mağazasında saxta alkoqollu içkilər müəyyən edilib.
1news.az AQTA-ya istinadən xəbər verir ki, hər iki mağazada içkilərin etiketində istehsalçı adı, ünvanı, VÖEN və s. barədə məlumatların qeyd edilmədiyi, müvafiq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb.
Mağazalarda aşkarlanan “Настояшая”, “Forest Line Organic”, “Kapitan”, “Organic Marka”, “Native Nectar”, “Qərbi Azərbaycan”, “Brend Line” əmtəə nişanlı saxta alkoqollu içkilərin satışının qadağan olunması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Materialların hüquq mühafizə orqanlarına göndərilməsi nəzərdə tutulub.

















