Bakıda WUF13 forumuna həsr olunmuş media nümayəndələri üçün təlim keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda WUF13 forumuna həsr olunmuş media nümayəndələri üçün təlim keçirilib - FOTO

14:00 - Bu gün
Bakıda WUF13 forumuna həsr olunmuş media nümayəndələri üçün təlim keçirilib - FOTO

2026-cı il mayın 17-dən 22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində WUF13 Azərbaycan Əməliyyat Şirkəti və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDIA) birgə təşkilatçılığı ilə "WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu" mövzusunda məlumat sessiyası keçirilib.

1news.az saytının müxbirinin verdiyi məlumata görə, tədbirdə iştirak edən 50-yə yaxın media nümayəndəsinə WUF13-ün əsas mövzusu olan "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və qəsəbələr" haqqında ətraflı məlumat verilib. Sessiya zamanı forumun effektiv və keyfiyyətli işıqlandırılması üçün tövsiyələr və istiqamətlər təqdim olunub.

WUF13-ün milli koordinatorunun müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparat rəhbərinin müavini Gülşən Rzayeva açılış nitqi ilə çıxış edərək bildirib ki, belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi şəhərsalma sahəsində aparılan genişmiqyaslı islahatların məntiqi davamıdır və ölkəni yenidən qlobal gündəmin mərkəzinə çıxarır. O qeyd edib ki, bu öhdəliklər və imkanlar təkcə maraqlı tərəflərin deyil, həm də medianın üzərinə mühüm vəzifələr qoyur. Sessiyanın əhəmiyyətini vurğulayan G.Rzayeva jurnalistləri həm hazırlıq mərhələsində, həm də WUF13 zamanı və forumdan sonra şəhərsalma mövzularını aktiv və peşəkar şəkildə işıqlandırmağa çağırıb.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə proqram rəhbəri Anna Soave qeyd edib ki, 2026-cı ilin ölkədə "Şəhərsalma və Arxitektura İli" elan edilməsi və WUF13-ün keçirilməsi regiona beynəlxalq diqqəti cəlb etmək və konkret nəticələr əldə etmək üçün unikal imkan yaradır. Onun sözlərinə görə, əsas hədəflər aşağıdakılardır:

  • Forumun nəticələrinin milli təcrübəyə inteqrasiyası;

  • İnstitusional mexanizmlərin gücləndirilməsi;

  • Mütəxəssislərin bacarıqlarının artırılması və uzunmüddətli tərəfdaşlıqların qurulması;

  • Şəhərsalmada insan mərkəzli yanaşmanın təşviqi.

Anna Soave həmçinin əlavə edib ki, forumdakı müzakirələr layiqli mənzil, mobillik, əlçatanlıq, ekoloji dayanıqlılıq və inklüzivlik kimi sahələrdə tərəqqiyə təkan verəcək.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli iştirakçılara müraciət edərək bildirib ki, bu tədbir dayanıqlı şəhərsalma prinsipləri ilə medianın məsuliyyətli və maarifləndirici rolunun birliyini vurğulayır. O qeyd edib ki, müasir urbanizasiya prosesləri yalnız infrastruktur və texnoloji innovasiyalara deyil, həm də şəffaf kommunikasiyaya və düzgün informasiya siyasətinə əsaslanmalıdır.

Sessiyanın davamında WUF13 Azərbaycan Əməliyyat Şirkəti və Dövlət Komitəsinin nümayəndələri Ümumdünya Şəhərsalma Forumunun mahiyyəti, Azərbaycanın dayanıqlı inkişaf və inklüzivlik sahəsindəki siyasəti, habelə Azərbaycan Şəhərsalma Kampaniyasının gedişatı barədə ətraflı məlumat veriblər. Sahənin ən aktual məsələlərini əhatə edən praktik vörkşop keçirilib.

Forumun əvvəlki sessiyalarının işıqlandırılmasında böyük təcrübəyə malik beynəlxalq jurnalist Laura Puttkamer sessiyaya onlayn qoşularaq, mövzu seçimi və bu miqyasda tədbirlərin işıqlandırılma xüsusiyyətləri ilə bağlı praktik məsləhətlərini paylaşıb.

Sonda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları forum zamanı Bakı Olimpiya Stadionunda fəaliyyət göstərəcək media mərkəzinin imkanları barədə təqdimatla çıxış ediblər.

Qeyd edək ki, bu növ məlumat sessiyaları silsilə xarakter daşıyır və WUF13-ün başlanmasına qədər media nümayəndələri üçün mütəmadi olaraq keçiriləcəkdir.

Faiqə Məmmədova

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər