Sülh rəmzi olan “Xarı bülbül” gülü Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsində Madriddə yenidən çiçək açıb - FOTO
Madridin Kral Nəbatət Bağı bu günlərdə xüsusi rəmzi məna daşıyan bir hadisəyə ev sahibliyi edir: “Xarı bülbül”ün yenidən çiçək açması Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsinə təsadüf edərək bu ana xüsusi bir məna qazandırır.
1news.az xəbər verir ki, Xarı bülbül 2023-cü ildə Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə İspaniyanın Madrid Kral Nəbatat Bağına hədiyyə edilmişdir.
Bitki botanik dəyərindən əlavə, iki ölkə arasında dərin mədəni bağları da simvolizə edir. Nəbatət bağının direktoru Mariya-Pas Martin Estebanın sözləri ilə desək, bu gül “Madridin qəlbində yerləşən Azərbaycan təbiətinin cazibədar bir parçasıdır” və kolleksiyanın incilərindən biri kimi qeydiyyata alınmışdır. Beləliklə, “Xarı bülbül” həm qurbanların xatirəsinə ehtiramın ifadəsi, həm də Qarabağın azad edilmiş torpaqlarına qayıdan insanlar üçün ümid və sülh rəmzi kimi dəyərləndirilir.
Qeyd edək ki, bitki xüsusiyyətləri nəzərə alınaraq, “Xarı bülbül” gülü nəbatat bağında səhləbkimilər fəsiləsinin digər növlərinin yetişdirildiyi xüsusi istixanada saxlanılacaq və yaz ayları ərzində nəbatat bağının ziyarətçiləri, Madrid şəhərinin sakinləri və ölkəyə səyahət edən qonaqlar üçün nümayiş olunacaq.
Xatırladaq ki, Kral Fernando VI tərəfindən 17 oktyabr 1755-ci il tarixində verilmiş sərəncamla Manzanares çayı yaxınlığında yaradılmış İspaniyanın Kral Nəbatat Bağı möhtəşəm biomüxtəlifliyi bir araya gətirən canlı muzeydir. Bağ sonradan 1781-ci ildə hazırkı yerinə - Təbiət Elmləri Muzeyinin yanındakı “Paseo del Prado”ya köçürülüb. Bağda dünyanın bir çox regionlarından 5500-dən çox flora nümunəsinə rast gəlmək olar.

.jpeg)

.jpeg)
.jpeg)













