İndiyədək 673 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb
Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur. Sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir.
AYNA-dan 1news.az-a bildirilib ki, Naxçıvan Avtovağzalından İğdır hava limanı və əks istiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.
Martın 5-dən indiyədək ümumilikdə 19 reys həyata keçirilib, 673 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb. Proses davam etdirilir.












