Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azaltmasına təsir edə bilər? - Ekspertdən ŞƏRH | 1news.az | Xəbərlər
Mövqe

Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azaltmasına təsir edə bilər? - Ekspertdən ŞƏRH

Oksana Orucova09:12 - Bu gün
Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azaltmasına təsir edə bilər? - Ekspertdən ŞƏRH

Uzun illərdir ki, paytaxtda yaranan sıxlığı aradan qaldırmaq üçün universitetlərin bir qisminin rayonlara köçürülməsi müzakirə mövzusuna çevirilib.

Bir sıra ekspertlər düşünürlər ki, əgər universitetlər rayonlara köçürülsə Bakıda yaranan sıxlıq xeyli azala bilər.

Məsələyə başqa aspektdən yanaşan nəqliyyat məsələləri üzrə eksperti Rauf Ağamirzəyev 1news.az-a verdiyi açıqlamasında bildirib ki, universitetlərin Bakıda sıx yerləşməsi pis hal deyil və mövcud sıxlıq düzgün idarə olunmalıdır.

Onun sözlərinə görə, əsas məsələ sıxlığın düzgün idarə olunmasıdır:
“Ümumilikdə bu mövzular mütəmadi olaraq gündəmə gəlir. Amma sıxlıq pis element deyil. Əsas sual ondan ibarətdir ki, biz bu sıxlığı necə idarə edirik. Universitetlərin köçürülməsi məsələsinə mən müsbət baxmıram. Yeni açılan universitetlər digər regionlarda fəaliyyət göstərə bilər, filiallar gücləndirilə bilər. Regional universitetlərin inkişafı ilə bağlı qərarlar qəbul olunmalıdır. Amma bu, o demək deyil ki, Bakıda fəaliyyət göstərən ali təhsil müəssisələri ləğv edilməli və ya köçürülməlidir”.

Rauf Ağamirzəyev qeyd edib ki, mövcud universitetlər üçün əsas prioritet kampüs infrastrukturunun inkişafıdır:

“Dəyərləndirmə dedikdə, ilk növbədə kampüslərin qurulmasını nəzərdə tuturam. Uzun illər universitet yataqxanalarında qaçqın və məcburi köçkünlər məskunlaşmışdı. Böyük Qayıdış proqramı çərçivəsində onlar öz yurdlarına qayıtdıqdan sonra həmin ərazilər yenidən qurulmalı, müasir tələblərə uyğun şəkildə daha çox tələbə qəbul edə biləcək vəziyyətə gətirilməlidir”.

Rauf Ağamirzəyev

Onun fikrincə, bu addım həm nəqliyyat yükünü azaldacaq, həm də tələbələrin xərclərinə müsbət təsir edəcək:

“Tələbələr universitetə yaxın məsafədə yerləşdikdə onların nəqliyyat xərcləri azalır. Bu, həm onların, həm də valideynlərinin maddi yükünü yüngülləşdirir. Eyni zamanda şəhər nəqliyyatında sıxlıq da azalır. Tələbələrin şəhərdən çıxarılması və ya universitetlərin köçürülməsi kimi yanaşmaların iqtisadi mənfi təsirləri mütləq nəzərə alınmalıdır. Bu məsələ kompleks şəkildə idarə olunmalıdır. Bu fikirləri səsləndirənlərin əksəriyyəti nəqliyyat sistemini düzgün dərk etmir. Əsas məsələ şəhərdə hərəkət imkanlarının genişləndirilməsidir. Əgər nəqliyyat növləri məhduddursa, əlbəttə ki, sıxlıq yaranacaq. Amma bu, universitetləri şəhərdən çıxarmaq üçün əsas deyil”.

Onun sözlərinə görə, piyadalar üçün şərait və ictimai nəqliyyat inkişaf etdirilməlidir:

“Piyada səkiləri abadlaşdırılmalı, rahat və təhlükəsiz olmalıdır. Eyni zamanda ictimai nəqliyyatın – metro, tramvay və şəhərdaxili qatarların inkişafına daha çox investisiya ayrılmalıdır. Böyük şəhərlərdə hərəkətin təmin olunması üçün alternativ və inteqrasiya olunmuş nəqliyyat imkanları yaradılmalıdır.Əgər alternativ nəqliyyat imkanları olmazsa, boşluğu fərdi nəqliyyat doldurur. Bu isə tıxaclara, ekoloji və səs çirklənməsinə, eləcə də şəhər resurslarının səmərəsiz istifadəsinə səbəb olur”.

Sonda o qeyd edib ki, dünya təcrübəsi bu istiqamətdə düzgün yol göstərir:
“Dünyanın aparıcı şəhərlərinin keçdiyi inkişaf yolunu biz də keçməliyik. Mobilik və nəqliyyat sahəsində transformasiya sürətləndirilməlidir. Bunun üçün müvafiq dövlət proqramları mövcuddur və onların icrası vacibdir”.

Paylaş:
119

Son xəbərlər

Bütün xəbərlər