Ağrılı köçdən sevincli qayıdışa: Kəlbəcər 33 il fərqlə
Müəllif: Qafar Ağayev
33 il əvvəl aprelin 2-si tarixi Azərbaycanın gündəmi Kəlbəcərlə bağlı idi.
Bu gündəm Kəlbəcərin işğalına görə idi.
Həmin ağrılı gün insanlar sadəcə evlərini məcburi tərk etmədilər, həyatlarını yarımçıq qoydular.
O gün dağ yollarına düzülən köç karvanları əslində bir xalqın ürəyindən qopan ağrının səssiz yürüşü idi.
Heç kim qapısını bağlaya bilmədi. Heç kim geri dönəcəyinə əmin deyildi. Kimisi evinin açarını götürə bildi, kimisi onu da unudub çıxdı. Amma hamı Kəlbəcər həsrətini, Kəlbəcər ağrısını özü ilə apardı, aparmağa məcbur oldu....
İllər keçdi… O həsrət nə azaldı, nə də köhnəldi.
Mən əslən Kəlbəcərdən olsam da, Kəlbəcərdə doğulmamışam. Məcburi köçkün həyatını yaşamamışam. Amma Kəlbəcər mənim uşaqlığımın ən çox eşitdiyim adı olub.
Babamın titrək səsində, nənəmin dolan gözlərində, evimizdə bitməyən söhbətlərdə Kəlbəcər həmişə yaşayırdı.
Bizim evdə Kəlbəcər sadəcə bir məkan deyildi…
O, itirilmiş bir ömür idi.
Vətən Müharibəsinə qədər hər il xüsusilə 2 aprel tarixində həm ümidlənirdik, həm də “bu il də Kəlbəcər yağı işğalında qaldı” deyib, təəssüflənirdik.
Əvvəl 2016-cı il Aprel Döyüşlərində cücərən ümidlərimiz Vətən Müharibəsində doğruldu.
Torpaqlarımız işğaldan azad olunandan sonra isə sürətli yenidənqurma işləri başladı. Hər dəfə rayonlarımıza köç olanda fərəhlənirdik.
Ancaq bu dəfə tam fərqli mənzərə oldu. Bu dəfə də fərəhləndik, qururlandıq. Səhər saatlarında işə başlayanda saytların xəbər lentində “Kəlbəcərə növbəti qayıdış” başlıqlı xəbərləri görəndə tamamilə fərqli bir hiss yaşandı…
Kəlbəcərin işğalının 33-cü il dönümündə Kəlbəcərə növbəti qayıdış məhz əlamətdar hadisədir.
2 apreldə köç edənləri isə Kəlbəcərdə məktəblilər əllərində Azərbaycan bayrağı ilə qarşıladılar. Həmin məktəblilər ki, onların valideynləri bəlkə də onların valideynləri doğma yurdlarından didərgin düşəndə onlardan da yaşca kiçik idilər.
Bu gün Kəlbəcərə köçənlərə evlərinin açarları təqdim olunur. Amma o açarlar sadəcə qapı açmır… O açarlar 33 ilin həsrətini, gözləntisini, duasını açır.
Bir vaxtlar talan edilən, viran qoyulan o torpaq bu gün öz sahibləri ilə yenidən nəfəs alır. Dağlar yenə səssizdir, amma bu səssizlik artıq kədərli deyil. Bu, qayıdışın, dirçəlişin səssizliyidir.
Bu gün sosial şəbəkələrdə yayılan fotolara baxanda insanın ürəyi sıxılır… və eyni zamanda genişlənir. Bir tərəfdə qar içində, ayaqyalın, ümidsiz köç, digər tərəfdə isə eyni yollarla ümidlə, sevincə doğru gedən insanlar.
Bu iki şəkil arasında bir xalqın taleyi dayanır.
Kəlbəcərdən məcburi köç…
Kəlbəcərə qayıdış…
Bu, sadəcə zaman fərqi deyil. Bu, ağrının qürura çevrildiyi bir hekayədir.
Kəlbəcərli şair Sücayət hələ illər əvvəl, torpaqlarımız işğal altında olanda qələmə aldığı misralar sanki bu fotolar üçün yazılıb. Həmin misraları fotoların müşaiyəti ilə oxuyanda yəqin ki, mənə haqq verəcəksiniz.
Sücaət, neyləyək, baxt belə baxtdır,
Darıxma, hər şeyi həll edən vaxtdır...
Bir gün gülə-gülə qayıdacaqdır,
Ağlaya-ağlaya köçən Kəlbəcər!...
Allah bizlərə bir də dogma torpaqlarımızdan köç qismət etməsin!





















