Stress, rəqabət və psixoloji təsir: İmtahanın faciəyə çevrilməməsi üçün nə etməli? - ŞƏRH | 1news.az | Xəbərlər
Mövqe

Stress, rəqabət və psixoloji təsir: İmtahanın faciəyə çevrilməməsi üçün nə etməli? - ŞƏRH

Oksana Orucova11:11 - Bu gün
Stress, rəqabət və psixoloji təsir: İmtahanın faciəyə çevrilməməsi üçün nə etməli? - ŞƏRH

Bütün valideynlər övladlarının uğurlu gələcək qurmasını və yaxşı karyeraya sahib olmasını arzulayır.

Uşaqlar isə öz növbəsində valideynlərinin etimadını doğrultmağa çalışırlar.

Lakin imtahan dövrü gənclər üçün həm məsuliyyətli, həm də yüksək stress yaradan bir mərhələdir. Bəzi hallarda gözlənilən nəticəni əldə edə bilməyən şagirdlər psixoloji təzyiq altında qalaraq hətta təhlükəli addımlara – intihara cəhdə belə əl ata bilirlər.

Bəs bu cür halların qarşısını necə almaq olar? Valideynlər övladlarına necə yanaşmalıdırlar ki, imtahan həyəcanı təhlükəli həddə çatmasın?

Məsələ ilə bağlı 1news.az-a açıqlama verən psixoloq Nizami Orucov bildirib ki, belə faciələri yalnız bir tərəfin üzərinə yükləmək düzgün yanaşma deyil.

“Bu çoxfaktorlu və həssas məsələdir. Məsuliyyət həm ailə, həm məktəb, həm də sistem səviyyəsində paylaşılır. Ən böyük risk o zaman yaranır ki, imtahan nəticəsi gəncin gözündə həyatın yeganə ölçüsünə çevrilir. “Əgər uşaq uzun müddət “sənin dəyərin nəticəndi”, “uğur = qəbul” mesajları ilə böyüyürsə, uğursuzluq onun üçün sadəcə nəticə yox, “mən kifayət qədər yaxşı deyiləm” kimi şəxsi dəyər böhranına çevrilir. Bu mərhələdə məsələ artıq akademik yox, psixoloji olur”, – deyə N. Orucov bildirib.

Nizami Orucov

Ailə faktoruna diqqət çəkən psixoloq əlavə edib: “Valideynin niyyəti dəstək olsa belə, “mütləq keçməlisən”, “hamı bacarır, sən də bacarmalısan” kimi cümlələr uşağın üzərində ciddi təzyiq yaradır. Belə halda uşaq valideyn sevgisini şərtli kimi hiss etməyə başlayır. Halbuki ən qoruyucu faktor şərtsiz qəbul hissidir – nəticə necə olursa olsun, uşaq dəyərlidir”.

Məktəb mühitində yalnız nəticəyə fokuslanmanın da riskləri olduğunu bildirən N. Orucov deyib: “Şagirdə alternativ yollar və fərqli uğur modelləri göstərilmədikdə o, bir imtahanı “tək çıxış yolu” kimi qəbul edir ki, bu da psixoloji sıxışmaya səbəb olur. Sistem səviyyəsində isə rəqabətin yüksək olması, qəbul yerlərinin məhdudluğu və uğurun dar çərçivədə təqdim olunması gənclərdə “ya qalib, ya məğlub” düşüncəsini gücləndirir. Bu yanaşma emosional dözümlülüyü zəif olan gənclər üçün təhlükəli ola bilər”.

Nizami Orucov vurğulayıb ki, ən vacib məqam odur ki, heç bir imtahan insan həyatından daha dəyərli deyil.

“Bu mesaj ailədə, məktəbdə və cəmiyyət səviyyəsində açıq şəkildə verilməlidir. Riskli vəziyyətlərin qarşısını almaq üçün gənclərlə daha çox ünsiyyət qurmaq, onların emosiyalarını ciddiyə almaq və “Nə hiss edirsən?” sualını vermək vacibdir. Eyni zamanda məktəblərdə və imtahan prosesində psixoloji dəstək mexanizmlərinin gücləndirilməsi önəmlidir”.

“Unutmayaq ki, gənc intihar həddinə birdən-birə gəlmir” - psixoloq əlavə edib:

“Bu, uzun müddət yığılan təzyiq, qorxu və çıxış yolu görməməyin nəticəsidir. Ona görə də əsas məsuliyyət kimdədir sualından daha önəmlisi budur: biz bu təzyiqi necə azalda bilərik və gəncə başqa yolların da olduğunu necə göstərə bilərik”.

Təhsil eksperti Elmin Nurizadə qeyd edib ki, imtahan prosedurunun mürəkkəbliyi, rəqabət mühitinin yüksək olması və prosesin “labirintvari” xarakter daşıması abituriyentlərdə stress səviyyəsini artırır.

Elmin Nurizadə

“Bu problemə yalnız imtahan kontekstində deyil, daha geniş – məktəblilərin ümumi psixoloji hazırlığı baxımından yanaşmaq lazımdır. 11-ci sinif şagirdləri artıq 17–18 yaşında formalaşmaqda olan fərdlərdir. Onlara yalnız akademik biliklər deyil, eyni zamanda müxtəlif həyat situasiyalarında, xüsusilə gərgin məqamlarda stresin düzgün idarə olunması bacarığı da öyrədilməlidir”, – deyə o vurğulayıb.

Elmin Nurizadə hesab edir ki, bu məsələdə əsas məsuliyyət ilk növbədə ailə və sosial mühitin üzərinə düşür.

Onun fikrincə, valideynlər uşağın yalnız uğurunu deyil, uğursuzluğunu da qəbul etməli, onu təzyiq və cəza ilə deyil, motivasiya ilə dəstəkləməlidirlər.

“Bu yanaşma abituriyentin psixoloji gərginliyinin azalmasına kömək edir. İmtahan mərhələsində isə abituriyentin öz üzərinə düşən məsuliyyət artır”.

Müasir dövrdə informasiya resurslarının geniş olduğunu xatırladan Elmin Nurizadə qeyd edib ki, şagirdlər stresin idarə olunması ilə bağlı bilikləri müstəqil şəkildə də əldə edə bilərlər.

“Stresin idarə olunması üç mərhələdə aparılmalıdır: imtahandan əvvəl, imtahan zamanı və imtahandan sonra. Bu istiqamətlər üzrə kifayət qədər onlayn resurslar, mobil tətbiqlər və video materiallar mövcuddur.İnsan ilk növbədə özünü idarə etməyi öyrənməlidir. Psixoloqların rolu vacibdir, lakin bütün məsuliyyəti onların üzərinə yönəltmək düzgün deyil”.

Sonda ekspert cəmiyyətdə ictimai maarifləndirmənin gücləndirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu sahədə biliklərin geniş yayılması valideyn, müəllim və şagirdlərin gündəlik həyatda daha düzgün yanaşmalar tətbiq etməsinə imkan yaradır.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər