Azərbaycanda sosial media məhdiyyətləri uşaqların psixologiyasına necə təsir edə bilər? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Mövqe

Azərbaycanda sosial media məhdiyyətləri uşaqların psixologiyasına necə təsir edə bilər? - AÇIQLAMA

Oksana Orucova13:32 - Bu gün
Azərbaycanda sosial media məhdiyyətləri uşaqların psixologiyasına necə təsir edə bilər? - AÇIQLAMA

Son dövrlərdə bir sıra ölkələrdə azyaşlıların sosial mediadan istifadəsinə məhdudiyyətlər tətbiq olunur.

Belə ki, bu ölkələrdə 15-16 yaşdan aşağı şəxslər sosial media platformalarından yalnız valideyn nəzarəti ilə istifadə edə bilirlər.

Azərbaycan Prezidenti İlham Əliyev də uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı Sərəncam imzalayıb.

Sənəddə rəqəmsallaşmanın sürətlənməsi fonunda sosial şəbəkələrin uşaqların həyatında artan rolunun yaratdığı risklərə diqqət çəkilir, onların psixoloji rifahının və təhlükəsizliyinin qorunmasının vacibliyi vurğulanır.

Sərəncama əsasən, sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi, valideyn nəzarətinin gücləndirilməsi və platformadaxili təhlükəsizlik mexanizmlərinin yaradılması istiqamətində tədbirlər nəzərdə tutulur. Bununla yanaşı, təhsil proqramlarına rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzularının daxil edilməsi, valideyn və müəllimlər üçün maarifləndirmə işlərinin genişləndirilməsi planlaşdırılır.

Bəs bu məhdudiyyətlərin Azərbaycanda tətbiqi hansı dəyişikliklərə səbəb ola bilər? Bu addımlar uşaqların psixologiyasına necə təsir edər?

Məsələ ilə bağlı 1news.az-a danışan uşaq psixoloqu Aygül Məlikova bildirib ki, sosial mediada yalnız maarifləndirici deyil, eyni zamanda uşaqların yaşına uyğun olmayan məzmunlar da geniş yayılıb.

“Münasibətlər, sevgi mövzuları, makiyaj və hazırlıq videoları, eləcə də bullinq və zorakılıqla bağlı paylaşımlar uşaqlar arasında sürətlə yayılır”, – deyə A. Məlikova bildirib.

Onun sözlərinə görə, sosial mediada depressiv məzmunların çoxluğu da uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərir:

“Belə hallarda uşaqların sosiallaşmasında çətinliklər yaranır, ünsiyyət bacarıqları zəifləyir və özlərini daha az dəyərli hiss edə bilirlər. Digər tərəfdən, uzun müddət ekran qarşısında qalmaq uşaqların düşünmə qabiliyyətində passivləşməyə səbəb olur. Bu baxımdan Azərbaycanda da uşaqların sosial mediadan istifadəsinə müəyyən məhdudiyyətlərin tətbiqi faydalı olar”.

Aygül Məlikova

Qeyd edək ki, bir sıra ölkələrdə artıq belə məhdudiyyətlər qüvvəyə minib:
İndoneziya hökuməti martın 28-dən 16 yaşdan aşağı şəxslərin sosial media platformalarına girişini qadağan edib. Qadağanın məqsədi uşaqları kiberhücum, onlayn fırıldaqçılıq və asılılıqdan qorumaqdır.
Avstriyada mayın 1-dən etibarən ibtidai və orta məktəblərdə mobil telefon və “ağıllı” saat kimi rəqəmsal cihazların istifadəsinə icazə verilmir.
Fransa 2023-cü ildə 15 yaşından kiçik uşaqlar üçün sosial media hesabı yaratmaq üçün valideyn razılığını tələb edən qanun qəbul edib.

Almaniyada 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadə etməsi üçün valideyn razılığı tələb olunur, lakin razılığın yoxlanılması çətin olduğundan qanunun tətbiqi bəzi hallarda məhdudlaşır.

ABŞ-də Kaliforniya, Florida, Indiana, Luiziana, Minnesota, Ohayo, Cənubi Karolina və Virciniya ştatlarında məktəblərdə mobil telefon istifadəsi qismən və ya tamamilə qadağan edilib.

Braziliya Konqresi 20 dekabr 2024-cü ildə ibtidai və orta məktəblərdə cib telefonlarından istifadəni qadağan edən tənzimləmə qəbul edib.

Avstraliya Senatı 28 noyabr 2024-cü ildə 16 yaşdan kiçik uşaqların sosial mediaya girişini qadağan edən qanun layihəsini təsdiqləyib.

Belə tədbirlər uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz böyüməsi və psixoloji sağlamlığının qorunması məqsədini daşıyır.

Paylaş:
107

Son xəbərlər

Bütün xəbərlər