Azərbaycanda tolerantlıq mühiti: görünən və görünməyən tərəflər
Dini və milli müxtəlifliyin birgə mövcudluğu müasir cəmiyyətlərin əsas xüsusiyyətlərindən biri kimi diqqət çəkir.
Bu müxtəlifliyin sağlam münasibətlər müstəvisində inkişafı isə təkcə tarixi ənənələrə deyil, həm də bu gün həyata keçirilən yanaşmalara və ictimai baxışlara bağlıdır. Azərbaycan da bu baxımdan daim diqqət mərkəzində olan ölkələr sırasındadır. Bu baxımdan mövzu ilə bağlı əsas məqamlar bir sıra vacib sualları gündəmə gətirir.
Azərbaycanda dini və milli tolerantlığın qorunması istiqamətində hansı siyasət həyata keçirilir?
Bu sahədə dövlətin əsas prioritetləri nələrdir? Müxtəlif din nümayəndələri arasında qarşılıqlı hörmətin artırılması üçün dini liderlərin üzərinə hansı məsuliyyət düşür?
Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Azərbaycan Respublikası Milli Məclisinin deputatı və İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa tolerantlığın cəmiyyətdəki önəmini vurğulayıb.
“Ümumiyyətlə, tolerantlıq bütövlükdə dövlətin yalnız siyasəti kimi anlaşılmamalıdır. Tolerantlıq cəmiyyətin stereotiplərinə aid məsələdir. Biz bu stereotipləri mütləq davamlı bir yaşam tərzinə çevirməyə başlamalıyıq. Burada hansısa bir proqram, məqsədyönlü fəaliyyət lazımdır. Amma bunlardan da önəmlisi cəmiyyətin ziyalılarının, düşüncə adamlarının bu istiqamətdə yazıları, fikirləri, bu istiqamətdə təbliğ etdiyi fikirləri önəmlidir. Buna görə də belə kimi məsələlərdə daha çox buna ehtiyac var. Cəmiyyət bütövlükdə özünü başqa sahələrdə - istər dini, istər sosial yönlərdə dözümlülük vərdişini və bir-birinə tolerantlıq göstərmək kimi bir anlayışı özlüyündə daşımalıdırlar”.
Deputat qeyd edib ki, qanunvericilikdə də bu istiqamətdə xeyli addımlar atılır.
“Vaxtilə mövcud olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi böyük təbliğat işləri görür, xarici ölkələrdən yay düşərgələrinə insanları dəvət edib Azərbaycan mühiti ilə tanış edir, inteqrasiya yaradır, görüşlər və simpoziumlar təşkil edirdi. Eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə çox əhəmiyyətli işləri var var. Ona görə də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ayrı-ayrı ölkələrin din xadimləri ilə münasibətlərində həm də yerli dini icmalarla olan koordinasiya işinin yüksək səviyyədə təşkilində görürük ki, dövlət səviyyəsində əhəmiyyətli addımlar atılır. Qanunvericilikdə də bu istiqamətdə lazımi səviyyədə maddələr nəzərdə tutulur. Bundan sonra da bu istiqamətdə davamlı siyasət izlənilməlidir. Azərbaycanın tolerant ölkə olaraq tanınması bizim imicimiz üçün də vacibdir”.
Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, ilahiyyat elmləri doktoru Hacı Surxay Məmmədli isə ölkəmizdə dini tolerantlığın dərin kökləri olduğunu söyləyib:
“Azərbaycanda dini tolerantlıq təsadüfi formalaşmayıb, onun dərin dini və mənəvi kökləri var. İlk növbədə, bu mühitin əsas dayağı Qurani Kərimdə yer alan “dində məcburiyyət yoxdur” (Bəqərə, 256) prinsipi və insanın ləyaqətinə verilən yüksək dəyərdir. Bu yanaşma İslamın mahiyyətində olan ədalət, mərhəmət və qarşılıqlı hörmət anlayışlarını formalaşdırır. İmam Əlinin öz nümayəndəsinə ünvanladığı məşhur məktubda insanların “ya sənin din qardaşın, ya da yaradılışda sənin bərabərin” olduğu vurğulanır. Bu fikir cəmiyyət daxilində fərqli inanc sahiblərinə qarşı ədalətli və mərhəmətli davranmağın dini əsasını təşkil edir. Bundan əlavə, Azərbaycan coğrafiyası tarix boyu müxtəlif mədəniyyətlərin və dinlərin kəsişdiyi məkan olub. Bu da xalqın düşüncəsində dözümlülük, qonaqpərvərlik və fərqliliklərə hörmət kimi mənəvi keyfiyyətləri möhkəmləndirib.
Dini liderlərin məsuliyyəti burada son dərəcə böyükdür. Onlar yalnız ibadət məkanlarının rəhbərləri deyil, həm də cəmiyyətin mənəvi istiqamətvericiləridir. Dini liderlər öz çıxışlarında nifrət deyil, birgəyaşayış mədəniyyətini təşviq etməlidirlər. Hədislərimizdə qonşuluq hüququ, insanlara yaxşılıq və ədalətli davranış geniş şəkildə vurğulanır”.
“Dini liderlər bu prinsipləri cəmiyyətə düzgün şəkildə çatdırmalıdırlar”, – deyə o, fikirlərinə davam edib.
“Onlar müxtəlif din icmaları ilə dialoqa açıq olmalı, ortaq dəyərlər üzərində əməkdaşlıq mühiti yaratmalıdırlar. Əgər dini rəhbərlər bir araya gəlib qarşılıqlı hörmət nümayiş etdirirsə, bu, cəmiyyətə birbaşa nümunə olur. Bu, klassik “multikultural harmoniya modeli”nin canlı nümunəsidir. Azərbaycanda məscid, kilsə və sinaqoqların paralel şəkildə fəaliyyət göstərməsi formal tolerantlıq deyil, real və gündəlik həyatın bir hissəsidir. Bu modelin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada fərqli dinlər yalnız yanaşı mövcud olmur, həm də qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşayır. Bu, Quranda qeyd olunan “sizin dininiz sizə, mənim dinim mənə” (Kafirun, 6) prinsipinin ictimai müstəvidə tətbiqi kimi də dəyərləndirilə bilər. İslam düşüncəsində də insanın inancına hörmət və onun hüquqlarının qorunması əsas prinsiplərdəndir. Bu baxımdan Azərbaycan modeli həm İslamın, həm də ümumbəşəri dəyərlərin sintezindən yaranmış unikal bir nümunədir. Nəticə etibarilə, Azərbaycandakı dini müxtəliflik qarşıdurma deyil, zənginlik kimi qəbul olunur və bu yanaşma region üçün də nümunəvi model hesab edilə bilər”.
Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.












