Politoloq: İlham Əliyevin çıxışı Azərbaycanın enerji liderliyini bir daha təsdiqlədi | 1news.az | Xəbərlər
Mövqe

Politoloq: İlham Əliyevin çıxışı Azərbaycanın enerji liderliyini bir daha təsdiqlədi

Oksana Orucova15:53 - Bu gün
Politoloq: İlham Əliyevin çıxışı Azərbaycanın enerji liderliyini bir daha təsdiqlədi

“Prezident İlham Əliyevin çıxışı qlobal enerji təhlükəsizliyi, iqtisadi realizm və iqlim gündəminin yenidən qiymətləndirilməsi baxımından mühüm mesajlar ehtiva edir”.

Politoloq Tural İsmayılov 1news.az-a verdiyi açıqlamada, Prezidentin “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışından danışarkən deyib.

Politoloqun sözlərinə görə, dövlət başçısının “Bakı Enerji Həftəsi”ndəki çıxışı və enerji məsələləri ilə bağlı ABŞ rəhbərliyinə ünvanladığı təşəkkür mesajı qlobal geosiyasi düzəndə baş verən fundamental transformasiyanın və Azərbaycanın bu prosesdə tutduğu strateji mövqenin ifadəsidir.

“Azərbaycanın enerji siyasətində nümayiş etdirdiyi ardıcıllıq və beynəlxalq enerji bazarlarında oynadığı sabitləşdirici rol ölkəmizin ABŞ və digər aparıcı dövlətlərlə münasibətlərində yeni, etibarlı və praqmatik mərhələnin formalaşmasına töhfə verir”, - deyə o vurğulayıb.

Tural İsmayılov qeyd edib ki, ABŞ-də enerji siyasətinin daha praqmatik istiqamətdə inkişaf etməsi Azərbaycanın uzun illərdir müdafiə etdiyi enerji təhlükəsizliyi konsepsiyası ilə üst-üstə düşür.

Onun fikrincə, Prezident İlham Əliyevin enerji resurslarının “normal məcraya” qaytarılması ilə bağlı mesajı dövlətlərin öz təbii sərvətlərindən suveren hüquqları çərçivəsində istifadə etməsinin yenidən prioritetə çevrildiyini göstərir.

“Bu yanaşma Azərbaycan - ABŞ münasibətlərində strateji tərəfdaşlığın daha da dərinləşməsi üçün yeni imkanlar yaradır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol ABŞ tərəfindən də regionda sabitlik amili kimi qiymətləndirilir. Son illərdə baş verən enerji böhranları və geosiyasi gərginliklər bir daha göstərdi ki, enerji təhlükəsizliyi iqtisadi və siyasi sabitliyin əsas şərtlərindən biridir. Dünya artıq enerji məsələlərinə daha realist yanaşmağa başlayıb və neft-qaz sektorunun əhəmiyyətini yenidən dərk edir”, - deyə o qeyd edib.

Politoloq Azərbaycanın enerji strategiyasının yalnız karbohidrogen ehtiyatlarının idarə olunması ilə məhdudlaşmadığını, eyni zamanda yaşıl enerji istiqamətində də mühüm addımlar atıldığını vurğulayıb:

“Azərbaycan ənənəvi enerji ixracatçısı olmaqla yanaşı, bərpaolunan enerji sahəsində də böyük layihələr həyata keçirir. Xəzər dənizinin yaşıl enerji potensialının reallaşdırılması, beynəlxalq tərəfdaşlarla birgə icra olunan layihələr və yaşıl enerji dəhlizinin yaradılması ölkəmizin enerji keçidində fəal iştirak etdiyini göstərir”, - deyə o bildirib.

Tural İsmayılovun sözlərinə görə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin iqlim dəyişiklikləri ilə mübarizə sahəsində konstruktiv və məsuliyyətli tərəfdaş olduğunu nümayiş etdirib:

“Azərbaycan enerji təhlükəsizliyi ilə iqlim hədəfləri arasında balansın qorunmasının vacibliyini vurğulayır. Ölkəmiz hesab edir ki, enerji keçidi mərhələli, ədalətli və davamlı şəkildə həyata keçirilməlidir. Bu yanaşma Azərbaycanın həm enerji, həm də iqlim gündəmində nüfuzunu daha da artırır”,- deyə Tural İsmayılov bildirib.

Qeyd edək ki, İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib. Dövlət başçısı açılış mərasimində çıxışında önəmli məsələlərə toxunub. 

Həmçinin oxuyun: İlham Əliyev Bakı 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər