“Terrorizm və separatizmin qarşısını alan əsas ölkələrdən biri Azərbaycandır” - ŞƏRH | 1news.az | Xəbərlər
Mövqe

“Terrorizm və separatizmin qarşısını alan əsas ölkələrdən biri Azərbaycandır” - ŞƏRH

Ayşən Salehli15:34 - Bu gün
“Terrorizm və separatizmin qarşısını alan əsas ölkələrdən biri Azərbaycandır” - ŞƏRH

Son illər Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal iştirakçı kimi həm regional, həm də qlobal səviyyədə əməkdaşlıq əlaqələrini genişləndirir.

Ölkənin region dövlətləri ilə həyata keçirdiyi çoxtərəfli layihələr, beynəlxalq təşkilatlar çərçivəsində irəli sürdüyü təşəbbüslər və ev sahibliyi etdiyi nüfuzlu tədbirlər onun dünya birliyində mövqeyini daha da gücləndirir. Xüsusilə qlobal çağırışların artdığı bir dövrdə qarşılıqlı əməkdaşlıq, dialoq və tərəfdaşlıq mexanizmlərinin əhəmiyyəti daha qabarıq şəkildə özünü göstərir. Azərbaycanın müxtəlif beynəlxalq platformalarda fəal təmsil olunması həm regional sabitliyin möhkəmlənməsinə, həm də qlobal gündəlikdə yer alan məsələlərin müzakirəsinə töhfə verir. Bəs ölkəmizin xarici siyasət prioritetləri hansı istiqamətlərdə cəmləşir? Beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycanın inkişaf strategiyasında hansı rolu oynayır? Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər ölkənin qlobal inteqrasiyasına necə təsir göstərir?

Məsələ ilə bağlı 1news.az-a açıqlama verən Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva hazırda müasir dünyanın təkcə hərbi və siyasi güc üzərində qurulmadığını vurğulayıb.

“XXI əsrin geosiyasi reallıqları göstərir ki, dövlətlərin beynəlxalq nüfuzu onların texnologiya, logistika, enerji təhlükəsizliyi, kommunikasiya imkanları və qlobal proseslərə inteqrasiya səviyyəsi ilə müəyyən olunur. Elm, rəqəmsallaşma və qlobal informasiya axınının beynəlxalq münasibətlər sistemini sürətlə dəyişdirdiyi bir dövrdə Azərbaycan da xarici siyasət modelini yeni reallıqlara uyğun şəkildə formalaşdıraraq mühüm strateji nəticələr əldə edir. Son illər Azərbaycanın xarici siyasətində müşahidə olunan əsas xətt ölkənin regional çərçivədən çıxaraq qlobal siyasi və iqtisadi proseslərin fəal iştirakçısına çevrilməsidir.

O qeyd edib ki, bu gün Azərbaycan təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya geosiyasətinin mühüm faktorlarından biri kimi qəbul olunur.

“Rəsmi Bakı müxtəlif beynəlxalq platformalarda nümayiş etdirdiyi balanslı və praqmatik siyasət nəticəsində həm Qərb, həm Türk dünyası, həm Mərkəzi Asiya, həm də Yaxın Şərq istiqamətində etibarlı tərəfdaş imicini möhkəmləndirib. Azərbaycanın son illərdə əldə etdiyi uğurların əsas səbəbi dəyişən dünya düzənini düzgün oxuya bilməsidir. Çünki artıq beynəlxalq münasibətlər yalnız dövlətlərarası diplomatiya ilə məhdudlaşmır. Qlobal proseslərdə beynəlxalq təşkilatlar, transmilli korporasiyalar, enerji şirkətləri, logistika şəbəkələri və maliyyə institutları da mühüm rol oynayır. Azərbaycan isə məhz bu mürəkkəb maraqlar sistemində balans yaratmağa nail olub. COP29 və WUF13 kimi nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu qərarlar, əslində, beynəlxalq ictimaiyyətin Azərbaycana göstərdiyi siyasi etimadın göstəricisidir. Dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatlarının minlərlə nümayəndəsinin Bakıda bir araya gəlməsi ölkəmizin təhlükəsizlik, sabitlik və infrastruktur baxımından etibarlı platformaya çevrildiyini nümayiş etdirir. Bu isə birbaşa Azərbaycanın geosiyasi çəkisini artırır”.

“Bu gün beynəlxalq tədbirlərə ev sahibliyi etmək yalnız protokol xarakterli məsələ deyil, həm də siyasi güc nümayişidir”, - deyə Yeganə Hacıyeva fikirlərinə davam edib.

“Dövlət özünü qlobal dialoq mərkəzi kimi təqdim edir. Beynəlxalq gündəliyin formalaşmasında iştirak edərək, siyasi nüfuzunu genişləndirir. Azərbaycan artıq bu mərhələyə daxil olub. Digər mühüm məsələ strateji tərəfdaşlıqların genişləndirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan enerji, nəqliyyat, təhlükəsizlik və iqtisadiyyat sahələrində mühüm beynəlxalq layihələrin əsas iştirakçılarından birinə çevrilib. Avropa İttifaqı ilə enerji əməkdaşlığı, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesləri, Mərkəzi Asiya ilə tranzit əlaqələrinin gücləndirilməsi və Yaxın Şərq ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi Azərbaycanın diplomatik təsir imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın xarici siyasətində iqtisadi diplomatiya xüsusi yer tutur. Müasir dünyada siyasi nüfuz birbaşa iqtisadi imkanlarla bağlıdır. Məhz buna görə də Azərbaycan beynəlxalq investisiya forumları, enerji layihələri və nəqliyyat dəhlizləri vasitəsilə öz iqtisadi çəkisini artırır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas mərkəzlərindən birinə çevrilən Azərbaycan, sadəcə, enerji ixracatçısı deyil, həm də Avrasiyanın strateji logistika qovşağıdır. Bu reallıq ölkəyə həm siyasi, həm də iqtisadi üstünlüklər qazandırır. Çünki qlobal enerji və nəqliyyat təhlükəsizliyində mühüm rol oynayan dövlətlərin beynəlxalq qərarvermə proseslərinə təsir imkanları da artır. Azərbaycanın xarici siyasətinin mühüm üstünlüklərindən biri də milli maraqları ardıcıl və prinsipial şəkildə müdafiə edə bilməsidir. Rəsmi Bakı beynəlxalq platformalarda regional təhlükəsizlik, enerji təhlükəsizliyi, multikulturalizm və beynəlxalq hüquq prinsipləri ilə bağlı mövqeyini açıq şəkildə ifadə edir. Bu isə Azərbaycanın beynəlxalq siyasətdə müstəqil xətt yürüdən dövlət kimi qəbul olunmasına səbəb olur. Ən vacib məqamlardan biri isə odur ki, Azərbaycan yalnız xarici siyasətdə deyil, daxili idarəetmədə də qlobal təcrübəni tətbiq etməyə çalışır. Beynəlxalq tədbirlər vasitəsilə rəqəmsallaşma, innovasiya, ekologiya və dövlət idarəçiliyi sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi ölkənin modernləşmə prosesinə ciddi töhfə verir. Bütün bunlar göstərir ki, Azərbaycanın xarici siyasəti artıq klassik diplomatiya çərçivəsindən çıxaraq geoiqtisadi və geostrateji təsir mexanizminə çevrilib. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan bu gün beynəlxalq sistemdə söz sahibi olan, regional proseslərə təsir göstərə bilən və qlobal layihələrdə fəal iştirak edən güclü dövlət kimi mövqeyini daha da möhkəmləndirir”.

Siyasi şərhçi Əziz Əlibəylinin isə fikrincə, Azərbaycan regional əməkdaşlığı ona görə prioritet hesab edir ki, bütövlükdə Azərbaycanın enerji əməkdaşlığında Xəzər regionunun enerji ixracatçısı kimi çox uğurlu bir vizyon təqdim edir.

“Ən vacib nöqtə isə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın müstəsna rol oynamasıdır. Bizim TANAP və TAP, Bakı-Tbilisi-Ceyhan (BTC) kimi layihələrimiz var”.

O əlavə edib ki, Azərbaycanın şərqlə qərb arasında terrorizm, separatizm kimi “izm”lərin bir neçəsinin qarşısını kəsən əsas ölkə olması çox önəmlidir.

“Diqqətlə baxsaq, görərik ki, iki platforma arasında Azərbaycanla qərbə doğru esktermist düşüncələr keçmir. Bundan əlavə, Azərbaycan Türk Dövlətləri Təşkilatını inşa edir. Bu da çox ciddi bir regional quruma çevriləcək. Beynəlxalq təşkilatlarla əməkdaşlığa gəldikdə, əlbəttə ki, Azərbaycan qlobal aləmdə digər ölkələr müharibə təəssübkeşi kimi çıxış edir, Azərbaycan isə humanitar forumlarla dünyanı dialoqa gətirir. Münaqişələrin kökündə bəzən etnik subkultura, o cümlədən hansısa toqquşmalar dayanır. Azərbaycan multikultural dəyərləri ilə onun alternativini tərtib edir. Burada idman yarışları, enerji sammitləri də var. Azərbaycan beynəlxalq təşkilatlarda Qoşulmama Hərəkatı, BRİCS, BMT və digər qurumlar üzərindən dünyaya böyük mesajlar verir. Yəni beynəlxalq təşkilatlarla qlobal çağırışlara cavabda, o cümlədən ədalət və hüququn müdafiəsində Azərbaycanın əlahiddə rolu var”.

Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

 

Paylaş:
113

Son xəbərlər

Bütün xəbərlər