Skuter istifadəçilərinə xəbərdarlıq: Qayda pozuntuları faciəyə səbəb ola bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Skuter istifadəçilərinə xəbərdarlıq: Qayda pozuntuları faciəyə səbəb ola bilər

Qafar Ağayev10:05 - Bu gün
Skuter istifadəçilərinə xəbərdarlıq: Qayda pozuntuları faciəyə səbəb ola bilər

Baş Dövlət Yol Polisi İdarəsi skuter və digər fərdi elektrik nəqliyyat vasitələrindən istifadə edən vətəndaşlara müraciət edib.

1news.az xəbər verir ki, qurumdan bildirilib ki, xüsusilə paytaxtda bu cür nəqliyyat vasitələrinin istifadəsinin artması müsbət hal olsa da, yol hərəkəti qaydalarına əməl olunmaması ciddi təhlükə yaradır və digər hərəkət iştirakçılarında narazılığa səbəb olur.

Qeyd olunub ki, skuter istifadəçiləri arasında ən çox rast gəlinən qayda pozuntularına bir skuterdə iki nəfərin hərəkət etməsi, piyada səkilərində və zolaqlarında yüksək sürətlə sürmə, işıqfor və yol nişanlarının tələblərinə əməl etməmək, gecə vaxtı xəbərdaredici işıqlarsız hərəkət və azyaşlıların skuterlə yol hərəkətinə qoşulması daxildir.

Bildirilib ki, bu cür pozuntular təkcə inzibati məsuliyyət yaratmır, eyni zamanda ağır yol-nəqliyyat hadisələrinin baş verməsi riskini artırır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladıb ki, skuter və digər kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər də yol hərəkətinin iştirakçılarıdır və onlar digər sürücülər kimi qaydalara qeyd-şərtsiz əməl etməlidirlər.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər