Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının üçüncü günü keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının üçüncü günü keçirilir

Faiqə Məmmədova09:11 - Bu gün
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının üçüncü günü keçirilir

Bakıda Azərbaycan hökuməti və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir.

1news.az xəbər verir ki, bugünkü müzakirələrin əsas mövzuları qlobal mənzil böhranının aradan qaldırılması, iqlim dayanıqlılığı, inklüziv inkişaf və şəhər mühitinin rəqəmsallaşdırılması olacaq.

Günün əsas tədbiri “Qlobal mənzil böhranı: çıxış yolu nədir?” adlı dialoq sessiyası elan olunub. Sessiyada ekspertlər mənzil əlçatanlığı, sosial ədalət və şəhərlərdə həyat keyfiyyətinin yaxşılaşdırılması məsələlərini müzakirə edirlər.

Sessiyaların proqramı əsas istiqamətlər üzrə qruplaşdırılıb:

Rəqəmsallaşma və texnologiyalar:
“Süni intellekt şəhərlər üçün”, “Məlumatdan qərara: süni intellekt, məkan təhlili və hər kəs üçün mənzil” mövzularında keçirilən sessiyalarda ekspertlər məlumat əsaslı idarəetməyə xüsusi diqqət yetirirlər.

İnklüzivlik və sosial məsələlər:
“Mənzilin sosial və iqtisadi gücü”, “Hər kəs üçün mənzil”, “Qadınların imkanlarının genişləndirilməsi üçün təhlükəsiz və dayanıqlı yaşayış mühiti”, “Əlilliyi olan şəxslər üçün inklüziv şəhərlər” və “Gənclərin şəhər idarəçiliyində rolu” mövzuları müzakirə olunur.

İqlim və ekologiya:
“İqlimə dayanıqlı şəhərlər və icmalar”, “Şəhərsalma iqlim fəaliyyəti kimi”, “İsti hava şəraitinə davamlı şəhərlər”, “Təbiət əsaslı həllər”, “Yaşıl və dayanıqlı yaşayış mühiti”, “Su ehtiyatlarının idarə olunması” və “Şəhərlərdə enerji ədaləti” sessiyaları keçirilir.

Böhranların idarə olunması:
“Müharibədən zərər çəkmiş şəhərlərin bərpası” və “İqlim maliyyəsinin şəhərlərə yönləndirilməsi” mövzuları da forumun gündəliyində yer alır.

Günün vacib tədbirləri sırasında “World Cities Report 2026” hesabatının təqdimatı, həmçinin Afrika regionu üzrə yüksək səviyyəli görüşlər də var.

WUF13 çərçivəsində Azərbaycanın təcrübəsinə də xüsusi diqqət ayrılıb. Beynəlxalq iştirakçılara azad edilmiş ərazilərin bərpası layihələri təqdim olunur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyaları dayanıqlı urbanizasiyanın qabaqcıl nümunələri kimi nümayiş etdirilir.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər