Günay Ağamalının mətbuat katibi: Deputatın yanılmaq hüququ var - VİDEO
Milli Məclisin deputatı Günay Ağamalının ARB TV-də yayımlanan “Günə doğru” verilişində uşaqpulu ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Deputatın açıqlamaları cəmiyyətdə birmənalı qarşılanmayıb, müxtəlif mövqelər ortaya çıxıb. Xəbər saytlarında da məsələ ilə bağlı fərqli yanaşmaları əks etdirən yazılar dərc olunub.
Mütəxəssislər və ictimaiyyət nümayəndələri mövzunun sosial həssaslığını nəzərə alaraq öz fikirlərini bildiriblər. Hətta Günay Ağamalının mandatının ləğv edilməsi tələb edənlər də olub.
1news.az xəbər verir ki, məsələyə reaksiya verən Ana Vətən Partiyasının mətbuat katibi İsmayıl Nadirxanlı şəxsi hesabında paylaşım edərək bəzi media qurumlarını mövzunu təhrif etməkdə və “yalan başlıqlarla manipulyasiya aparmaqda” ittiham edib.
O, paylaşımında bildirib ki, millət vəkili Günay Ağamalıya aid edilən bəzi fikirlər düzgün interpretasiya olunmayıb:
“Günay Ağamalının uşaqpulu məsələsinə dair söylədikləri onun şəxsi mövqeyidir və Milli Məclisin tribunasından səsləndirilməyib. Lakin bəzi media qurumları bunu bilərəkdən parlament çıxışı kimi təqdim edir”.
İsmayıl Nadirxanlı sosial şəbəkələrdə yaranmış geniş narazılığa da münasibət bildirib:
“Cəmiyyət emosional reaksiya verir, hətta bəziləri mandatın ləğvini tələb edir. Amma dövlət emosiyalarla deyil, qanunlarla idarə olunur”.
O, bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 91-ci maddəsi deputat toxunulmazlığının fəlsəfəsini və sərhədlərini dəqiq cızır.
"Sözügedən maddə imperativ şəkildə bəyan edir ki, Milli Məclisin deputatı parlamentdəki fəaliyyətinə, səsverməsinə və səsləndirdiyi fikirlərə görə məsuliyyətə cəlb oluna bilməz. Qanunverici orqanın toxunulmazlıq zirehi millət vəkilinə parlament tribunasından sərbəst fikir yürütmək, debat aparmaq hüququ tanımaq məqsədilə bərqərar edilmişdir. Həmin çıxış cəmiyyətdə kəskin etiraz doğursa belə, konstitusion qoruma altındadır.
"Milli Məclis deputatının statusu haqqında" Qanunun müddəaları da eyni sarsılmaz hüquqi məntiqi diktə edir. Mandatın ləğvi proseduru yalnız Konstitusiyanın 89-cu maddəsində təsbit olunmuş konkret əsaslarla reallaşa bilər. Həmin müddəalarda sosial məsələyə uğursuz münasibət bildirmək yaxud ictimaiyyətin bəyənmədiyi fikir səsləndirmək adlı bənd yoxdur. Ortada nə cinayət tərkibi var, nə də vətəndaşlıq pozuntusu. Hüququn dili ilə ifadə etsək, deputatın mandatını ləğv edəcək qanuni əsas mövcudluq təşkil etmir".
İctimai fəal eyni zamanda media subyektlərini məsuliyyətə çağırıb:
“‘Etik qaydaların pozulması’ anlayışını hər xoşagəlməz fikrə aid etmək hüquqi çaşqınlıq yaradır. Media emosiyaya yox, fakta əsaslanmalıdır”.
Sonda isə o, cəmiyyəti emosional reaksiyalardan uzaq olmağa və hüquqi çərçivəni nəzərə almağa səsləyib:
“Deputatın düşünmək, müzakirə etmək və hətta yanılmaq hüququ var. Sözə hiddətlə deyil, arqumentlə cavab verilməlidir”.











