Prezidentin mesajları - kənd təsərrüfatında problemlər necə həll edilməli? - Ekspertdən ŞƏRH | 1news.az | Xəbərlər
Mövqe

Prezidentin mesajları - kənd təsərrüfatında problemlər necə həll edilməli? - Ekspertdən ŞƏRH

Qafar Ağayev16:32 - Bu gün
Prezidentin mesajları - kənd təsərrüfatında problemlər necə həll edilməli? - Ekspertdən ŞƏRH

"Azərbaycan kənd təsərrüfatında illərdir yığılıb qalan problemlər Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə gündəmə gətirilib".

Bunu 1news.az-a açıqlamasında iqtisadçı ekspert, AQC sədrinin müşaviri Asif İbrahimov deyib.

O, bildirib ki, prezidentin son müşavirədə səsləndirdiyi fikirlər həm ekspert camiəsində, həm də orta statistik Azərbaycan vətəndaşını narahat edən məsələlərə toxunub:

"Azərbaycan neft ölkəsi olmaqla yanaşı, tarixi boyu həm də aqrar ölkə olub. Təəssüf ki, bu illər ərzində dövlət dəstəyinə, yeni kadrların təyinatına baxmayaraq, kənd təsərrüfatı sahəsində struktur problemlər qalmaqdadır. Orta statistik vətəndaş orta keyfiyyətli məhsulu yüksək qiymətə alır".

A.İbrahimov qeyd edib ki, qida təhlükəsizliyinin əsas dayağı kənd təsərrüfatıdır:

"Prezident açıq şəkildə tapşırıq verdi ki, daxili tələbat, xüsusilə ət və süd məhsulları tamamilə yerli istehsal hesabına ödənilməlidir. Bunun üçün mövcud qurumların fəaliyyəti yenidən təşkil olunmalı, xroniki problemlər aradan qaldırılmalıdır".

Ekspert subsidiyalarla bağlı da ciddi çatışmazlıqların olduğunu vurğulayıb:

"Fermerlər subsidiya kartlarına çıxışda, rəsmi prosedurlarda, məhsul planlaşdırılmasında dəstək görmürlər. Bir il soğan bahalaşır, növbəti il hamı soğan əkir. Bu, dövlət tərəfindən düzgün yönləndirilməlidir. Torpaq, örüş yerləri, texnika, yerli idarəetmə və məhsulların bazara çıxarılması sahəsində də problemlər mövcuddur".

O, əlavə edib ki, ayrılan vəsaitlərin böyük hissəsi əmək haqlarına və qeyri-müəyyən elmi-metodiki təcrübələrə gedir: "2025-ci ildə kənd təsərrüfatına 1,2 milyard manat ayrılıb. Amma bu vəsaitin təsiri bazarda görünmür. Prezidentin müşavirədə səsləndirdiyi fikirlər fermerlərin illərdir dilə gətirdiyi problemlərin təsdiqi idi və bu, müvafiq qurumlara ciddi siqnal oldu".

Ekspert beynəlxalq təcrübənin tətbiqinin vacibliyini də qeyd edib: "Velosipedi yenidən icad etməyə ehtiyac yoxdur. Dünya praktikasında uğurlu mexanizmlər var, onları Azərbaycana uyğunlaşdırmaq lazımdır. Fermerin ən böyük problemi ixrac bazarlarının çatışmazlığıdır. Rusiya bazarı siyasi səbəblərlə bağlana bilər. Avropa bazarına isə məhsul çıxarmaq mümkün olmur, çünki bizim laboratoriyalar Avropa İttifaqının standartlarına uyğun deyil. Bu istiqramətdə ciddi addımlar atılmalıdır".

Sonda A.İbrahimov bildirib ki, iki yol qalır:

"Ya daxili bazarı ucuz və keyfiyyətli məhsulla təmin etməliyik, ya da ÜTT-ə üzv olub daha bacarıqlı istehsalçıların məhsullarını ölkəyə gətirməliyik. Başqa alternativ yoxdur".

Xatırladaq ki, 25 may tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

Həmçinin oxuyun: Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Paylaş:
103

Son xəbərlər

Bütün xəbərlər