“QDF-in dostları” platforması çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının investisiya potensialı təqdim edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

“QDF-in dostları” platforması çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının investisiya potensialı təqdim edilib - FOTO

16:00 - Bu gün
“QDF-in dostları” platforması çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının investisiya potensialı təqdim edilib - FOTO

25 may 2026-cı il tarixində Qarabağ Dirçəliş Fondu (QDF) və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə işgüzar görüş keçirilib.

1news.az xəbər verir ki, “Qarabağ Dirçəliş Fondunun Dostları” platforması çərçivəsində baş tutan tədbirdə dövlət rəsmiləri, Fondun donor və tərəfdaşları, ölkənin aparıcı şirkətlərinin rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.

“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında investisiya potensialı və biznes fürsətləri” mövzusunda təşkil olunan görüşün məqsədi sözügedən rayonların sosial-iqtisadi mənzərəsini, prioritet sektorlar üzrə yaranan investisiya imkanlarını investorlara ətraflı şəkildə təqdim etmək olub.

Görüşdə regiona yerli kapitalın cəlb olunmasını təşviq etmək, dövlət-özəl sektor dialoqunu gücləndirmək və regionun iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrini nümayiş etdirmək kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tədbirdə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdiyini vurğulayıb. Azərbaycanın bütün bu nəhəng layihələri öz imkanları hesabına reallaşdırdığını qeyd edən İdarə Heyətinin sədri ölkəmizdə fəaliyyət göstərən yerli şirkətlərin bərpa prosesindəki mühüm rolunu xüsusilə qeyd edib.

QDF-in fəaliyyəti barədə məlumat verən Rəhman Hacıyev, Fondun həmçinin 2025-ci il üzrə ölkənin 100 ən böyük vergi ödəyiciləri siyahısına daxil olduğunu qeyd edib.

Çıxışının sonunda Rəhman Hacıyev donor və tərəfdaşlara göstərdikləri dəstəyə görə təşəkkür edərək, hər bir töhfənin Qarabağın dirçəlişinə birbaşa xidmət etdiyini vurğulayıb.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev çıxış edərək bildirib ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılması regionun sürətli dirçəlişində həlledici rol oynayır. Hazırda bu rayonlarda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri və yaradılan əlverişli biznes mühiti sahibkarlar üçün geniş imkanlar açır.

Xüsusi nümayəndə həmçinin regionda formalaşan yeni logistik imkanların, xüsusilə “Zəngəzur dəhlizi”nin və yeni tikilən nəqliyyat qovşaqlarının həm yerli, həm də beynəlxalq bazarlara çıxış baxımından strateji əhəmiyyətini vurğulayıb. O, bütün iş adamlarını bu tarixi quruculuq missiyasına qoşulmağa və təqdim olunan biznes fürsətlərindən yararlanmağa dəvət edib.

Çıxışlardan sonra Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında aparılan bərpa-quruculuq layihələrinə, eyni zamanda Qarabağ Dirçəliş Fondunun sifarişi ilə tanınmış britaniyalı yazıçı Qrem Vilson tərəfindən qələmə alınan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” innovativ kitab layihəsinə həsr olunan videoçarxlar nümayiş olunub.

Sonra Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qeyd olunan bölgədə ümumi investisiya imkanları, dövlət dəstəyi mexanizmləri və güzəştlər, tikinti sektorunun imkanları, kənd təsərrüfatı layihələrinin potensialı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında yeni ekoloji modelin yaradılması və regionun turizm potensialı mövzuları ətrafında geniş təqdimatlarla çıxış ediblər.

Təqdimatlardan sonra tədbir sual-cavab sessiyası və müzakirələrlə davam edib. Müzakirələr zamanı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının və ümumilikdə Qarabağ bölgəsinin bərpa və quruculuq prosesində şirkətlərin rolundan danışılıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Qarabağ Dirçəliş Fondunun Dostları” platforması çərçivəsində işğaldan azad edilmiş digər rayonların investisiya potensialına həsr olunan analoji görüşlərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda bu görüşlərin davamı olaraq investorların Qarabağ və Şərqi Zəngəzurda görülən işlər və investisiya imkanları ilə tanış olmaq məqsədi ilə bölgəyə işgüzar səfərlərin təşkil olunması da planlaşdırılır.

Tədbir çərçivəsində həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən UNEC Dizayn Məktəbinin tələbələrinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə həsr olunan xüsusi sərgisi təşkil olunub. Təqdim olunan layihələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər