Velosiped və skuter idarə edənlərə MÜRACİƏT
Yaz-yay aylarında ikitəkərli nəqliyyat vasitələrindən istifadənin artdığı, qaydalara əməl olunmamasının isə yollarda qəza şəraiti yaratdığı bildirilb.
1news.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, velosiped və skuter idarə edən şəxslər əks istiqamətdə hərəkət etməməli, svetoforun qadağanedici siqnalı yandıqda dayanmalı, piyada keçidlərində isə nəqliyyat vasitəsindən düşərək piyadalar kimi yolu keçməlidirlər.
Mərkəz tərəfindən vurğulanıb ki, qanunvericiliyə əsasən velosipedlər, asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri yalnız yolun sağ kənar zolağında, yol nişanları və nişanlanmanın tələblərinə uyğun şəkildə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidir. Velosipedlərin yol çiyini ilə hərəkətinə isə piyadalar üçün maneə yaratmamaq şərti ilə icazə verilir.
Bundan əlavə, velosiped yolu olduğu halda həmin yolun kənarındakı avtomobil yolunda hərəkət etməyin qanunla qadağan olunduğu diqqətə çatdırılıb. Həmçinin yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped sürücülərinin digər nəqliyyat vasitələrinə yol verməli olduğu bildirilib.
“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” təhlükəsizliyin əsas şərtinin məsuliyyət olduğunu xatırladaraq, hərəkət iştirakçılarını yollarda qaydalara əməl etməyə və məsuliyyətli davranmağa çağırıb.












