Şagirdlər üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tanışlıq turu təşkil edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şagirdlər üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tanışlıq turu təşkil edilib

12:15 - Bu gün
Şagirdlər üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tanışlıq turu təşkil edilib

Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrində yerləşən bir sıra ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ekologiya və Təbii Sərvətlər Nazirliyində bir gün” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tanışlıq turu təşkil olunub.

1news.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Nigar Məmmədova məlumat verib.

Deputatın sözlərinə görə, layihənin əsas məqsədi şagirdlərin ekoloji biliklərinin artırılması, dünyagörüşlərinin genişləndirilməsi və ətraf mühitin qorunması istiqamətində maarifləndirilməsidir.

Səfər çərçivəsində iştirakçılar üçün biomüxtəliflik və ekoloji tarazlıq mövzusunda təqdimat keçirilib. Şagirdlərə təbiətin qorunmasının əhəmiyyəti, ekoloji tarazlığın saxlanılması istiqamətində görülən işlər, eləcə də rəqəmsal ekologiya və innovativ yanaşmalar barədə ətraflı məlumat verilib. Həmçinin müasir texnologiyaların ekologiya sahəsində tətbiqi və innovativ həllərin ətraf mühitin mühafizəsində rolu diqqətə çatdırılıb.

Layihə iştirakçılarına dibçəkdə əkilmiş tinglər və “Yaşıl Gələcək” sertifikatları təqdim olunub. Daha sonra şagirdlər ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ilə görüşərək onları maraqlandıran sualları ünvanlayıblar.

Proqram çərçivəsində iştirakçılar Azərbaycan Geologiya Muzeyini də ziyarət ediblər. Muzeydə onlara Azərbaycanın geoloji irsi, faydalı qazıntıları və təbii sərvətləri haqqında geniş məlumat verilib.

Qeyd olunub ki, bu kimi layihələr uşaqlarda təbiətə sevgi, ekoloji məsuliyyət hissi və elmə marağın formalaşmasına mühüm töhfə verir, gələcək nəsillərin daha şüurlu və məsuliyyətli yetişməsində əhəmiyyətli rol oynayır.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər