Həbs olunmuş vəzifəli şəxslər azad olundu
Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
1news.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Zülfüqar Mansurov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, o həbsdən azad edilib.
İş baxılması üçün yenidən prokurorluğa qaytarılıb.
Qeyd edək ki, ötən ilin noyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov saxlanılıb, Binəqədi rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Bu il fevral ayında həbs müddəti yenidən uzadılıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.












