Bu ölkədə də azyaşlılara sosial media məhdudiyyəti tətbiq olundu
Malaziyada 16 yaşdan aşağı uşaqların sosial media hesabı açmasının qarşısını almağı hədəfləyən yeni qaydalar qüvvəyə minib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, yeni tənzimləməyə əsasən, "Facebook", "Instagram", "TikTok" və "YouTube" daxil olmaqla bir sıra sosial media platformaları istifadəçilər üçün yaşın təsdiqlənməsi sistemini tətbiq etməyə borcludur.
Malaziya Rabitə və Multimedia Komissiyası bildirib ki, bu gündən etibarən qüvvəyə minən qaydalar çərçivəsində platformalara yaş təsdiqləmə sistemlərinin tətbiqi üçün keçid müddəti veriləcək.
Qeyd olunur ki, əsas məqsəd uşaq və yeniyetmələri sosial şəbəkələrdəki zərərli məzmunlardan qorumaqdır. Yeni tənzimləmənin ölkədə təxminən 8 milyon sosial media istifadəçisinə təsir göstərəcəyi bildirilir.
Qanunun tələblərinə əməl etməyən sosial media şirkətləri 2,5 milyon dollara qədər cərimə ilə üzləşə bilər.
Xatırladaq ki, Avstraliya 2025-ci ilin dekabrında 16 yaşdan aşağı şəxslərin sosial media platformalarına çıxışını məhdudlaşdıran qanunu qəbul edən ilk ölkə olub. Daha sonra indoneziya da oxşar addım ataraq Cənub-Şərqi Asiyada bu istiqamətdə tədbir görən ilk ölkə kimi qeydə alınıb.
Bundan əlavə, Polşa, Danimarka, Fransa, İspaniya, Yunanıstan və Birləşmiş Krallıq kimi Avropa ölkələri də analoji məhdudiyyətlərin tətbiqinə hazırlaşırlar.












