Dənizdə ölüm dalğası: Bizi boğan sudur, yoxsa öz səhvlərimiz? | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizdə ölüm dalğası: Bizi boğan sudur, yoxsa öz səhvlərimiz?

Ayşən Salehli15:57 - Bu gün
Dənizdə ölüm dalğası: Bizi boğan sudur, yoxsa öz səhvlərimiz?

Dəniz sahilində keçirilən bir gün bəzən bir ömrün ən ağır xatirəsinə çevrilə bilir.

Yay mövsümü başlayandan bəri suda boğulma xəbərlərinin ardı-arası kəsilmir. Dəniz, çay, göl, suvarma kanalı və süni göllərdə baş verən faciələr demək olar ki, hər gün ailələrin gözünü yaşlı qoymağa, eşidənlərin ürəyini ağrıtmağa davam edir. Təəssüf ki, bu suda batma və itkin düşmə xəbərlərinin əsas simaları gənclər, yeniyetmə və uşaqlar olur.

Bir anlıq ehtiyatsızlıq, təhlükənin düzgün qiymətləndirilməməsi və ya “mənə heç nə olmaz” düşüncəsi bəzən geri dönüşü olmayan nəticələrə səbəb olur. Halbuki bu faciələrin bir çoxunun qarşısını vaxtında görülən sadə tədbirlərlə almaq mümkündür. Dənizin sakit görünməsi, suyun tanış olması və ya üzməyi bacarmaq heç də hər zaman təhlükəsizlik demək deyil. Suyun sakit görünüşü altında bəzən böyük faciələr gizlənir.

Rəsmi statistika da vəziyyətin ciddiliyini göstərir. TƏBİB-in 1news.az-ın sorğusuna cavab olaraq verdiyi məlumata görə, 2026-cı ilin iyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərində yerləşən Şüvəlan çimərliyində baş vermiş suda boğulma hadisəsi ilə əlaqədar 3 müraciət daxil olub. Onlardan 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb, 1 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Məsələ ilə bağlı 1news.az-a danışan FHN-in Kiçikhəmcli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili boğulma hallarının əksəriyyəti təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlıdır.



Onun sözlərinə görə, nazirliyin əməkdaşları hər il olduğu kimi bu il də zəruri təhlükəsizlik tədbirlərini, kompleks təhlükəsizlik tədbirlərini həyata keçirib.

“Belə ki, aprel ayından etibarən Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən yerli icra nümayəndələrinin iştirakı ilə birlikdə sahilboyu ərazilərdə monitorinqlər keçirilib”.

Ekspert qeyd edib ki, monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və təhlükəli sahələrin müəyyən edilməsi, eyni zamanda çimərlik operatorlarına təhlükəsizlik qaydaları barədə təlimatların təqdim edilməsi olmuşdur. Bundan əlavə, Xidmətin nəzarət etdiyi çimərliklərdə və Heydər Əliyev Fondunun “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı maneələr, sualtı təmizləmə işləri aparılmış, çimərlik ərazilərində vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün xüsusi maarifləndirici lövhələr yerləşdirilmiş, Xidmətin balansında olan xilasetmə texnika və vasitələri, habelə dalğıc-axtarış işlərində istifadəsi nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilmişdir və may ayının 15-dən etibarən Xidmət əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.

A.Əlili vurğulayıb ki, çimərlik seçimi insanların təhlükəsizliyi baxımından həlledici əhəmiyyət daşıyır:

“Biz hər zaman müraciətlərimizdə qeyd etmişik ki, çimərlik seçimində diqqətli olmaq lazımdır. Əgər hər hansı bir çimərlikdə xilasedici yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini və bu kimi yerlərdən istifadənin təhlükəli olduğunu bildirir. Eyni zamanda çimərliklərdə xoş zaman keçirmək üçün hava şəraiti də olduqca vacibdir. Qeyd edirik ki, küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda çimərliklərdə suya girilməsi qadağandır. Həmçinin hava qaraldıqdan sonra suya girmək təhlükəlidir”.

Aqşin Əlili bildirib ki, FHN çimərlik mövsümündən əvvəl və mövsüm ərzində televiziya, radio, internet resursları, sosial şəbəkələr, eləcə də təhsil və səhiyyə müəssisələrində keçirilən maarifləndirici tədbirlər vasitəsilə vətəndaşları mütəmadi olaraq məlumatlandırır. Buna baxmayaraq, bəzi insanlar hələ də təhlükəli ərazilərdə çimməyə üstünlük verirlər.

"Təəssüf ki, bütün maarifləndirmə işlərinə baxmayaraq, vətəndaşların nəzarətsiz çimərliklərdən, eləcə də çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən - suvarma kanalları, süni göllər, su anbarları və çaylardan istifadə etməsi halları davam edir. Bu isə sonda acı nəticələrə səbəb olur”.

43 nəfər ölümdən xilas edilib

Xidmət rəisi cari ilin hazırkı dövrə qədər olan statistik göstəricilərini də açıqlayıb. Onun sözlərinə görə, ilin əvvəlindən indiyədək ümumilikdə 43 nəfər, onlardan 37-si məhz çimərlik mövsümündə olmaqla suda boğulma təhlükəsindən xilas edilib.

“Bu rəqəmlər də onu deməyə əsas verir ki, həqiqətən də xilasedicilərin xidmət apardığı çimərliklərdən istifadə edilməlidir ki, hər hansı bir suda batma riski baş verdikdə dərhal xilasedicilər müdaxilə edib zərərçəkmişi sahilə çıxarsın, onu sahilə təxliyə etsin”.

A.Əlili əlavə edib ki, xilasedicilərin xidmət apardığı çimərliklərdə onların bütün göstərişlərinə əməl olunmalıdır.

“Küləkli havada, dalğalı dənizdə suya girmək, üzmə sərhədlərini müəyyən edən nişanları ötüb keçmək, sərxoş halda çimərlikdən istifadə etmək, suya girmək, suda kobud hərəkətlər etmək qadağandır.

13 yaşınadək uşaqlar yalnız valideynin müşayiəti ilə çimərlikdən istifadə etməli və nəzarətsiz qoyulmamalıdır. Təhlükə zamanı dərhal 112-yə zəng olunmalıdır”.

Boğulan şəxsə kömək edərkən ikinci qurban olmayın

Aqşin Əlili boğulan şəxsə kömək etmək istəyən vətəndaşların da ehtiyatlı davranmasının vacibliyini vurğulayıb.

“Bəzən eşidirik ki, hər hansı bir ərazidə üç nəfər, iki nəfər birdən boğulur. Araşdırmalar göstərir ki, əslində bu zaman boğulan şəxs bir nəfər olub, yalnız digər şəxslər də ona kömək etmək istəyəndə xilasetmə vərdişlərini, üsullarını bilmədikləri üçün onlar də təhlükə ilə üz-üzə qalıblar.

Əgər suda batan şəxs bizim bizə yaxın məsafədədirsə, ona ağac budağı, taxta parçası, köynək, kəmər uzadırıq, özümüz möhkəm bir yerdən tutaraq həmin əşyanı dartmağa çalışırıq. Əgər suda boğulan şəxs bizdən kifayət qədər uzaqdadırsa, o zaman suda batmayan, ipə bərkidilmiş əşyanı həmin şəxsə ata bilərik. Əgər bu iki halın heç biri baş vermirsə, heç bir cəhd alınmırsa, biz yalnız üzə biləcəyimiz halda suya girə bilərik. Üzə bilmiriksə, əks halda suya girmək tövsiyə olunmur. Unutmamalıyıq ki, suda batan şəxs hər şeydən tutmağa çalışır, odur ki, bizi də suyun altına çəkə bilər. Bu zaman biz ona arxa hissədən yaxınlaşmalı, onun saçından, köynəyinin yaxasından və ya qoltuq nahiyəsindən tutub başını suyun üzərinə, suyun səthinə qaldırıb sahilə doğru üzməyə çalışmalıyıq. Sahilə çıxdıqdan sonra da ətrafdakılardan təcili yardımın çağırılmasını istəməliyik. Əgər zərərçəkmişin həyat əlamətləri yoxdursa - yəni ürəyi döyünmürsə, tənəffüsü yoxdursa - bu zaman dərhal ona 30-un 2-ə nisbətində ürəyin qapalı masajı və süni tənəffüs icra etməliyik. Əgər zərərçəkmişin həyat əlamətləri varsa, o zaman onu dizimizin üzərinə aşırıb kürəyindən boynuna doğru təzyiq edirik. Daha sonra iki barmağımızla onun dil kökünə təmas edərək onda qusma refleksi yaradaraq nəfəs borusuna qəbul etdiyi suyu boşaltmağa çalışırıq. Zərərçəkmiş özünü yaxşı hiss etdikdə artıq onu nəm paltarlardan azad edirik, ona isti maye verə bilərik. Onu da qeyd edim ki, suda batma təhlükəsindən xilas olmuş şəxs nə qədər də özünü yaxşı hiss etsə bilə, mütləq həkim müayinəsində olmalıdır”.

Xilasetmə əməliyyatlarını çətinləşdirən amillər

Aqşin Əlili bildirib ki, xilasetmə əməliyyatlarında xilasedicilərə təsir edən bir sıram amillər var.

“Küləkli havada, dalğalı dənizdə xilasetmə əməliyyatları aparmaqda çətinliklər yaranır. Eyni zamanda, küləkli havada, dalğalı dənizdə su nəqliyyatı vasitələrini idarə etmək, suya salmaq, istismar etmək olmur.

Həmçinin, hava qaraldıqdan sonra suda görüntü olmadığı üçün yenə də xilasetmə əməliyyatlarında çətinliklər yaranır. Xüsusən bizim bölgələrimizdə - çaylarda, su anbarlarında, suvarma kanallarında sürətli axın olduğundan, su altında müxtəlif yad cisimlər (ağac budağı, daha sonra beton plitələr və s. yad cisimlər) olduqda da, mürəkkəb relyefdə də axtarışlar müəyyən qədər çətinliklər törədir. Ona görə də yalnız xilasedicilərin xidmət apardığı çimərliklərdən istifadə olunmalıdır. Çünki həmin çimərliklərdə insanların təhlükəsiz istirahəti üçün münbit şərait yaradılıb, təhlükəsiz bir sahə ayrılmışdır”.

Sonda FHN rəsmisi bir daha vətəndaşlara müraciət edərək təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb:

“Unutmayaq ki, qaydalara biganəlik həyatımıza təhlükədir”.

Məsələ ilə bağlı 1news.az-a danışan təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib ki, çimərliklərdə baş verən faciələrin böyük əksəriyyəti insan amili ilə bağlıdır və onların əksəriyyətinin qarşısını almaq mümkündür.

“Dəniz istirahəti insanların diqqətini cəlb edən istirahət növlərindən və məkanlarından biri hesab olunur. Amma bu gözəllik çox tez və qəfil bir şəkildə insanların həyatına təhlükələr yarada bilər. Bəzən insanlar dənizdə istirahət edərkən dənizin təhlükəli bir tərəfinin olmasını unudurlar. Təəssüf ki, spirtli içki qəbul edərək suya girmək, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək hələ də adi bir davranış hesab olunur”.

Onun fikrincə, vətəndaşlar yalnız nəzarət olunan və rəsmi fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər.

“Çünki bu məkanlarda Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici heyəti mövcuddur. Hər hansısa bir fövqəladə hal baş verərsə, çevik şəkildə müdaxilə etmək imkanları var. Nəzarətsiz çimərliklərdə xilasedici xidməti mövcud olmadığına görə, hər hansısa bir fövqəladə hal baş verərsə, insan həyatını xilas etmək mümkün olmur. Nəzarət olunan çimərliklərdə suyun dərinlik dərəcəsi müəyyən olunub və ayaq altında insanlara xəsarət yetirəcək daşlar, daş qırıntıları, qayalar təmizlənmiş şəkildə olur”.

Orxan Musayev vurğulayıb ki, dənizə girməzdən əvvəl hava şəraiti, küləyin sürəti və dalğanın hündürlüyü mütləq nəzərə alınmalıdır.

“Hətta peşəkar üzgüçülər belə meteoroloji faktorların təsiri ucbatından özlərini itirə bilirlər. Maarifləndirici və təbliğat xarakterli işlər daha da dərinləşdirilməlidir. Yəni insanlar təkcə “dalğa var”, “üzmək olmaz” kimi xəbərdarlıqlara yoх, bu dalğaların insan bədəninə təsirini bilməlidirlər. Axına düşəndə nə baş verdiyini, boğulma zamanı bədəndə hansı proseslər gedir, bunlar barədə agah olmalıdırlar.

Çimərliklərdə insanlar tərəfindən qaydalar pozulduqda, məsələn, qadağan olunmuş çimərliklərdən istifadə və ya alkoqol qəbul edib suya girdikdə bu hallara həm ictimai qınaq, həm də inzibati qaydada cərimə tədbirləri görülməlidir ki, insanlar bu davranışlardan çəkinsinlər”.

Ekspertin sözlərinə görə, boğulma hadisələrinin əksəriyyəti insanların düşündüyü kimi səs-küylə deyil, çox qısa müddətdə və səssiz şəkildə baş verir.

“Boğulma hadisələrinin çoxu saniyələr içində, səssiz və xəbərdarlıqsız baş verir. Yəni insanlar qışqırmır, sadəcə olaraq suyun altında itir. Hər il baş verən faciələrin təkrarlanmasına səbəb ehtiyatsızlıq və “heç nə olmaz” düşüncəsidir ki, bu düşüncədən qurtulmalıyıq”.

Bir neçə il əvvəl dənizdə boğulma təhlükəsi ilə üzləşən Bakı sakini Leyla Həsənova yaşadığı hadisəni 1news.az-a danışıb. Onun sözlərinə görə, üzməyi bacarır və asudə vaxtlarında üzgüçülüklə məşğul olmağı çox sevir. Bir neçə il əvvəl dənizə yaxın ərazidə yaşayan qohumunun evinə qonaq gedib və birlikdə dəniz kənarında dincəlmək qərarına gəliblər. Qohumları sahildə qalsa da, suya yalnız özü girib.

“Hava sakit idi və üzməkdə səriştəli idim. Ona görə də qorxmurdum. Xeyli irəli getdikdən sonra artıq dənizin dayaz yerindən dərin hissəsinə keçdim. Bir qədər üzdükdən sonra yorulduğumu hiss edib geri qayıtmaq qərarına gəldim. Geri dönüb baxanda sahildən çox aralı olduğumu və orada məni gözləyən qohumlarımın həyəcanla məni səslədiyini gördüm. Yenə də rahat idim və yavaş-yavaş sahilə doğru üzməyə başladım. Lakin dalğalar məni tez-tez geri atır və qət etdiyim məsafəni boşa çıxarırdı”.

Leyla Həsənova bildirib ki, bir müddət dalğalarla mübarizə apardıqdan sonra artıq gücünün tükəndiyini hiss edib.

“Bütün gücümün tükəndiyini və geri qayıtmaq üçün qollarımın taqətsiz qaldığını hiss etdim. Artıq qorxmağa başlamışdım, amma soyuqqanlılığımı əldən vermədim. Çox çətinliklə də olsa, özümü sahilə çatdırmağı bacardım. Amma həddən artıq heysiz və təngnəfəs qalmışdım”.

Leyla Həsənovanın sözlərinə görə, aradan illər keçsə də, o hadisədən sonra bir daha üzmək məqsədilə dənizə getməyib.

“Suda boğulma xəbərlərini hər dəfə oxuyanda ağlıma həmin gün gəlir. Mənim bəxtim gətirdi. Çünki həm üzməyi bilirdim, həm də təşvişə düşüb çapalamaq yerinə təmkinimi qorumağı bacardım. Lakin bunlar həyatda qalmaq üçün yetərli deyil. Üzməyi mükəmməl bilsən belə, qadağan olunmuş və nəzarət edilməyən ərazilərdə üzmək ölümlə qumar oynamaq kimidir”.

Leyla Həsənova bildirib ki, üzməyi bacarmayan insanların dənizə girməsini görəndə narahat olur və hər kəsi daha məsuliyyətli davranmağa çağırır.

“Üzməyi bilmədiyi halda dənizə girən insanları gördükdə isə dəhşətə gəlirəm. İnsanlara demək istəyirəm ki, dəniz, çay və göllərə gedəndə ehtiyatlı olsunlar. Çünki su məsuliyyətsizliyi sevmir”.

Hər yay təkrarlanan acı xəbərlər bir daha bunu göstərir ki, əslində ən böyük təhlükə dalğalarda yox, “mənə heç nə olmaz” düşüncəsində gizlənir. Dəniz, çay və göllər insanın düşməni deyil, amma qaydalara etinasızlıq və məsuliyyətsizlik ən gözəl istirahət gününü belə bir ömür boyu unudulmayan faciəyə çevirə bilər.

 

Paylaş:
145

Son xəbərlər

Bütün xəbərlər