Azərbaycanın “rəqəmsal dövlət” strategiyası: Dövlət xidmətləri necə dəyişir?
Dövlətlərin rəqabət qabiliyyətinin getdikcə daha çox rəqəmsal texnologiyaların tətbiqi sürəti ilə müəyyən olunduğu müasir dünyada Azərbaycan yalnız inkişaf edən ölkələri izləyən iqtisadiyyat olmaq niyyətində deyil.
Ölkə ardıcıl şəkildə öz rəqəmsal inkişaf gündəliyini formalaşdırır, müasir dövlət xidmətlərinə, süni intellektə və məlumatların idarə olunmasına üstünlük verir. Bu transformasiya yalnız yeni texnologiyaların tətbiqinə deyil, həm də dövlət, vətəndaş və biznes arasında qarşılıqlı münasibətlərin yeni modelinin formalaşdırılmasına xidmət edir.
Bu transformasiyanın yeni mərhələsi Prezident İlham Əliyevin fevralın 27-də təsdiqlədiyi "Azərbaycanın rəqəmsal inkişafının sürətləndirilməsi üzrə 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb. Sənədin icrasının əsas prioritetləri və onun praktik həyata keçirilməsi istiqamətində ilk addımlar iyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyənləşdirilib.
İclasda çıxış edən Mehriban Əliyeva vurğulayıb ki, rəqəmsal transformasiya daha geniş iqtisadi və institusional dəyişikliklərin mühüm aləti kimi qiymətləndirilir.
"Qarşıdakı üç il üçün rəqəmsallaşmanın, süni intellektin, kibertəhlükəsizliyin və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol Xəritəsi müəyyən edilib. Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək, vahid yanaşmanı formalaşdırmaq, qəbul edilmiş qərarların vaxtında və səmərəli icrasını təmin etməkdir. Məqsədimiz yalnız yeni texnologiyaların tətbiqi deyil, həm də ölkə iqtisadiyyatına güclü təkan vermək, müasir innovasiya ekosistemi formalaşdırmaq, yerli və xarici investisiyaları cəlb etmək, yerli startapları dəstəkləmək və dövlət idarəçiliyinin daha səmərəli sistemini yaratmaqdır", – deyə Mehriban Əliyeva bildirib.
Prioritet istiqamətlərdən biri də müasir dövlətin əsas infrastruktur elementlərindən biri kimi getdikcə daha böyük əhəmiyyət qazanan süni intellektdir.
"Süni intellekt artıq gələcəyin deyil, bugünkü inkişafın əsas amillərindən biridir. Eyni zamanda, dövlətlərin təhlükəsizliyinin təmin olunmasında süni intellektin rolu artır və bu sahədə artıq mərkəzi mövqe tutur. Sirr deyil ki, dünyanın aparıcı ölkələrində süni intellektin inkişafı gözləniləndən daha sürətlə gedir. Bu isə öz növbəsində həm yeni imkanlar, həm də yeni risklər yaradır. Xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində meydana çıxan risklərə hazır olmalıyıq", – deyə Mehriban Əliyeva bildirib.
O qeyd edib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq bütün dövlət qurumlarının birgə, fəal və səmərəli fəaliyyətini tələb edir.
"Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahəsində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Xarici və beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına uyğun amillər nəzərə alınmaqla qəbul edilməlidir", – deyə Mehriban Əliyeva vurğulayıb.
Rəqəmsal inkişaf gündəliyinin praktiki icrası artıq planlaşdırma mərhələsindən tətbiq mərhələsinə keçib. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sözlərinə görə, Fəaliyyət Planına rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik sahələrini əhatə edən 58 təşəbbüs daxildir.
40 dövlət qurumu ilə birgə yol xəritələri hazırlanıb. Onlardan 13-ü artıq təsdiq edilib və ya təsdiq mərhələsindədir. Paralel olaraq Milli Məlumatlar Fondunun yaradılması, dövlət informasiya sistemlərinin hökumət buluduna köçürülməsi və yeni məlumat emalı mərkəzinin (Data Mərkəzinin) tikintisi istiqamətində işlər aparılır.
Rəqəmsal xidmətlərdən vahid sistemə
Ayrı-ayrı elektron dövlət xidmətlərinin yüksək inkişaf səviyyəsinə baxmayaraq, uzun illər ərzində rəqəmsal infrastruktur ayrı-ayrı qurumların prinsipi əsasında formalaşdırılıb. Nəticədə dövlət xidmətləri çoxsaylı tətbiq və platformalar arasında bölünüb.
Bu isə dövlət xidmətlərindən istifadə edən vətəndaşların müxtəlif rəqəmsal sistemlərlə qarşılıqlı əlaqə qurmasını zəruri edib. Hər bir sistemin özünəməxsus giriş qaydası, interfeysi və iş prinsipi olub. Zaman keçdikcə bu parçalanmış struktur elektron dövlətin gələcək inkişafı qarşısında əsas maneələrdən birinə çevrilib.
Bu çağırışa cavab olaraq vahid rəqəmsal ekosistem konsepsiyası hazırlanıb.
Bu ekosistemin əsasını mygov və mygov Biznes platformaları təşkil edir. Həmin platformalar dövlət xidmətlərini mərhələli şəkildə vahid rəqəmsal məkanda birləşdirir. Vətəndaşlar üçün bu vahid xidmət pəncərəsi mygov, biznes subyektləri üçün isə mygov Biznes platformasıdır.
Söhbət ayrı-ayrı qurumlara məxsus parçalanmış xidmət modelinin dövlət xidmətlərinə vahid çıxış arxitekturası ilə əvəz olunmasından gedir. Bu proses artıq başlayıb.
e-Sosial, e-Təbib və e-Su tətbiqləri tam şəkildə mygov platformasına inteqrasiya olunub. e-Polis, Mobil Notariat, Azərişıq, Reseptim, e-Səhiyyə, MigAz və ASAN Müraciət tətbiqlərinin funksiyalarının əhəmiyyətli hissəsi artıq istifadəçilərin ixtiyarındadır. İlin sonunadək onların tam inteqrasiyasının başa çatdırılması planlaşdırılır.
İlk addımı atan dövlət
Rəqəmsallaşmanın növbəti mərhələsi xidmətlərin sadəcə onlayn mühitə köçürülməsini deyil, dövlətlə vətəndaş arasında qarşılıqlı əlaqənin məntiqinin dəyişdirilməsini nəzərdə tutur.
Fəaliyyət Planına əsasən, proaktiv dövlət xidmətlərinin payı 50 faizə çatdırılmalıdır. Bu, dövlətin mövcud məlumatlara əsaslanaraq vətəndaşın müraciətini gözləmədən xidməti özü təqdim etdiyi modelə keçidi nəzərdə tutur.
Bu modelin əsas elementlərindən biri "Yalnız bir dəfə" prinsipidir. Həmin prinsipə əsasən, vətəndaşlar və biznes subyektləri dövlət orqanlarının informasiya bazalarında artıq mövcud olan məlumatları təkrar təqdim etməməlidirlər. Məlumatlar dövlət informasiya sistemləri arasında avtomatik mübadilə olunmalıdır.
Bu model artıq praktikada tətbiq edilməyə başlayıb.
Belə ki, yaşa görə əmək pensiyası təyin edilərkən vətəndaşların ayrıca ərizə təqdim etməsinə artıq ehtiyac yoxdur. Müvafiq şərtlər yerinə yetirildiyi halda, dövlət informasiya sistemlərində mövcud olan məlumatlar əsasında pensiya proaktiv qaydada təyin edilir.
Eyni mexanizmin uşağın doğulmasına görə birdəfəlik müavinətin təyin edilməsində də tətbiqi nəzərdə tutulur. Doğum faktı dövlət informasiya sistemində qeydə alındıqdan sonra müvafiq ödəniş valideynlərin əlavə sənəd təqdim etməsinə və ya hər hansı müraciət etməsinə ehtiyac qalmadan proaktiv qaydada həyata keçiriləcək.
Proaktiv yanaşma inzibati bildirişləri də əhatə edir. Vətəndaşlar şəxsiyyət vəsiqəsinin, ümumvətəndaş pasportunun və ya sürücülük vəsiqəsinin etibarlılıq müddətinin başa çatması barədə əvvəlcədən məlumatlandırılacaqlar. Bu, sənədlərin yenilənməsi prosesini sadələşdirəcək və əlavə inzibati çətinliklərin qarşısını almağa imkan verəcək.
Ayrıca istiqamətlərdən biri də əvvəllər vətəndaşın şəxsən iştirakını tələb edən prosedurların rəqəmsallaşdırılmasıdır. Belə ki, hərbi xidmətə çağırış çərçivəsində tibbi müayinəyə dəvətlər də rəqəmsal formatda həyata keçiriləcək. Vətəndaşlar dövlət informasiya sistemləri vasitəsilə vaxtında məlumatlandırılacaq ki, bu da prosesin daha operativ və şəffaf təşkilinə şərait yaradacaq.
Beləliklə, dövlət mərhələli şəkildə müraciətlərə reaksiya verən modeldən təşəbbüsü öz üzərinə götürən, xidmətləri proaktiv qaydada təqdim edən modelə keçir.
Artıq görünən nəticələr
Rəqəmsal islahatların praktiki nəticələri artıq vətəndaşların gündəlik həyatında özünü göstərməyə başlayıb.
mygov platforması vasitəsilə sürücülük vəsiqəsinin dəyişdirilməsi xidməti artıq tam şəkildə əlçatandır. Yaxın perspektivdə şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunun alınması və dəyişdirilməsi proseslərinin də eyni qaydada həyata keçirilməsi planlaşdırılır.
Təhsil sahəsində də rəqəmsallaşma geniş vüsət alır. Ali təhsil müəssisələrinə qəbul olunan təxminən 75 min nəfər qeydiyyat prosesini tamamilə onlayn qaydada başa vura bilir. Bundan əlavə, təxminən 225 min valideyn övladlarının məktəbəqədər təhsil müəssisələrinə qəbulunu mygov platformasının veb-versiyası vasitəsilə rəsmiləşdirə bilər.
Hüquqi əhəmiyyət daşıyan onlayn xidmətlərin də əhatə dairəsi genişlənir. Platforma vasitəsilə artıq Ədliyyə Nazirliyinin bir sıra xidmətləri, o cümlədən yetkinlik yaşına çatmayan şəxsin ölkədən çıxmasına notariat qaydasında təsdiq edilmiş razılığın verilməsi və sənədlərin tərcüməsinin təsdiqi xidmətləri əlçatandır.
Platformadan istifadə göstəricilərinin artması da həyata keçirilən dəyişikliklərin miqyasını əks etdirir. Belə ki, son üç ay ərzində mygov istifadəçilərinin sayı 2,7 milyondan 3,5 milyona yüksəlib ki, bu da təxminən 30 faizlik artım deməkdir.
Yeni dövlət modelinin əsasında məlumatlar dayanır
Rəqəmsallaşmanın növbəti mərhələsi xidmətlərin göstərilməsi modelindən məlumatların idarə olunması modelinə keçidlə bağlıdır.
İslahat çərçivəsində dövlət qurumları arasında məlumatların etibarlılığını, tamlığını və uyğunluğunu təmin edəcək mərkəzləşdirilmiş dövlət məlumat anbarının (Data Lake) yaradılması istiqamətində işlərə başlanılıb.
Bu platforma vətəndaşların ehtiyaclarını müəyyən etmək və onlara fərdiləşdirilmiş xidmətlər göstərmək üçün analitik alətlərdən və süni intellekt texnologiyalarından istifadə etməyə imkan verəcək.
Paralel olaraq mygov Biznes platforması da inkişaf etdirilir. Platforma artıq sınaq mərhələsini uğurla keçib və bir sıra dövlət qurumlarının xidmətlərinin inteqrasiyasına başlanılıb. Gələcəkdə onun dövlətlə biznes arasında qarşılıqlı əlaqə üçün vahid rəqəmsal pəncərəyə çevrilməsi nəzərdə tutulur.
Beləliklə, Azərbaycanda rəqəmsal transformasiya artıq ayrı-ayrı texnoloji layihələrin çərçivəsini aşaraq dövlət idarəçiliyinin yeni modelinin formalaşdırılması mərhələsinə qədəm qoyur. Söhbət xidmətlərin ayrı-ayrı elektron servis kimi deyil, vahid rəqəmsal sistemin qarşılıqlı əlaqəli elementləri kimi fəaliyyət göstərdiyi yeni idarəetmə arxitekturasının qurulmasından gedir.
Qurumlar üzrə parçalanmış həllərdən vahid platformaya keçid, proaktiv xidmətlərin tətbiqi və dövlət məlumatlarının strateji infrastruktur resursu kimi istifadəsi dövlətlə vətəndaş arasında münasibətlərin yeni modelini formalaşdırır. Bu proses hələ ilkin mərhələdə olsa da, onun miqyası artıq bu gün dövlət xidmətləri sisteminin dərin və struktur xarakterli yenidən qurulmasından danışmağa əsas verir.







