“Yüksəliş” müsabiqəsi və Azərbaycanın strateji üstünlüklərinin axtarışı – Regionda yeni təsir mərkəzinə necə çevrilməli? | 1news.az | Xəbərlər
Mövqe

“Yüksəliş” müsabiqəsi və Azərbaycanın strateji üstünlüklərinin axtarışı – Regionda yeni təsir mərkəzinə necə çevrilməli?

First News Media17:08 - Bu gün
“Yüksəliş” müsabiqəsi və Azərbaycanın strateji üstünlüklərinin axtarışı – Regionda yeni təsir mərkəzinə necə çevrilməli?

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev VI “Yüksəliş” müsabiqəsinin finalında mentor qismində iştirakı ilə bağlı təəssüratlarını bölüşüb. 

1news.az xəbər verir ki, R.Hacıyev təəssüratlarını sosial şəbəkələrdəki paylaşımında bildirib.

Həmin paylaşımı olduğu kimi təqdim edirik:

"Ötən həftəsonu VI “Yüksəliş” müsabiqəsinin final mərhələsində mentor qismində iştirak etmək imkanım oldu.

Ənənəyə uyğun olaraq, yüksək səviyyədə təşkil olunmuş final mərhələsinin əsas hissəsini iştirakçılar üçün hazırlanmış strateji tapşırıq (keys) təşkil edirdi. Finalçılar komandalara bölünərək dövlət qurumlarının və iri şirkətlərin rəhbərlərindən ibarət mentorlarla birlikdə bu tapşırıq üzərində işləyirdilər.

Müzakirələrin sonunda hər masaya təyin olunmuş mentor iştirakçılardan birini seçərək ona əlavə bal verməli idi.

Budəfəki keys ilk baxışda sadə görünürdü: Azərbaycan hansı istiqamətlər üzrə regional təsir mərkəzinə çevrilə bilər və bu seçim ölkəyə hansı real dəyəri qazandıracaq?

Şərt isə kifayət qədər sərt idi: sadəcə yaxşı ideyaları sadalamaq yox, cəmi iki konkret istiqamət seçmək və həmin seçimi əsaslandırmaq.

Müzakirələr zamanı əsas fərqin bir sualda cəmləşdiyi aydın oldu: tranzit ölkəsi olmaq yoxsa, sistemə sahib olmaq?

Ölkə sadəcə bir yol rolunu oynaya — keçid haqqı almaqla kifayətlənib, nə vaxtsa alternativ marşrutların tikiləcəyini gözləyə bilər. Ya da elə bir ana qovşağa çevrilər ki, enerji, məlumat və mallar təkcə onun üzərindən keçməz, eyni zamanda bütün sövdələşmələr məhz onun platformasında bağlanar. Başqa sözlə, söhbət yalnız tranzitdən gəlir götürməkdən deyil, bu dövriyyənin qaydalarını diktə edən tərəf olmaqdan gedir.

Müzakirənin ən maraqlı sualı isə belə idi: Biz sadəcə tranzit ölkəsi olaraq keçid haqqı alacağıq, yoxsa bizsiz heç bir sövdələşmənin tutmadığı əsas platformaya çevriləcəyik?

Nəticədə Çin–Avropa və Xəzər–Avropa oxlarının kəsişməsində iki prioritet istiqamət formalaşdı.

Birincisi — yaşıl enerji qovşağı: Azərbaycan yalnız təmiz enerji istehsal edib ötürməklə kifayətlənməməli, bu bazarın idarəedicisinə çevrilməlidir. Yəni, enerjini istehsalçılardan (yerli və Mərkəzi Asiya) almalı, konkret sazişlər əsasında Avropa İttifaqına və digər bazarlara satmalı, onun “yaşıl” mənşəyini təsdiqləməli və ötürücü kanallara çıxışı tənzimləməlidir.

İkinci istiqamət isə Orta Dəhlizin bütün logistikasını birləşdirən rəqəmsal platformadır. Buraya gömrük üçün vahid pəncərə sistemi, sənədləşmə, daşımaların izlənməsi, ödənişlər və digər əsas proseslər daxildir.

Niyə məhz bu iki istiqamət?

Çünki hər ikisi eyni strateji xətt üzərində qurulur və eyni institutların inkişafını tələb edir. Onlar bir-birini gücləndirir, resurslar uğrunda rəqabət aparmır.

Məni ən çox təsirləndirən məqamlardan biri masamızdakı finalçıların yalnız analitik düşüncəsi deyil, həm də səmimiyyəti oldu. Gənc peşəkarlar bu məsələnin əsas zəif həlqəsini – ixtisaslı kadr çatışmazlığını açıq şəkildə qeyd edirdilər. Məhz “Yüksəliş” müsabiqəsinin əsas missiyası da bu boşluğu aradan qaldırmaqdır.

Qalibi seçmək, hər zamankı kimi asan olmadı.

Masamızda toplaşan bütün iştirakçılar qələbəyə layiq idilər. Lakin müsabiqənin qaydaları bunu tələb edir: sonda bərabər səviyyədə olan namizədlər arasından bir nəfər seçilməlidir.

Bir daha əmin oldum ki, “Yüksəliş” finalçılarının intellektual səviyyəsi və peşəkarlığı ölkəmizin ən mühüm strateji resurslarından biridir.

Müsabiqə haqqında qısa qeyd: “Yüksəliş” 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş idarəetmə potensialına malik istedadların aşkar olunması və inkişafına yönəlmiş milli proqramdır. Qaliblər bir illik mentorluq proqramı və özünüinkişaf üçün 20 000 manat məbləğində qrant əldə edirlər" - deyə R.Hacıyev əlavə edib.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər