General-mayor İsgəndər Allahverdiyev vəfat edib
Azərbaycan Respublikasının sərhəd mühafizəsi və təhlükəsizlik orqanlarında uzun illər məsul vəzifələrdə xidmət etmiş general-mayor İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib.
1news.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi nekroloq yayıb.
Nekroloqda bildirilir ki, İsgəndər İmanverdi oğlu Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub.
O, Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin yaradıldığı 1991-ci ildə komitənin sədri vəzifəsinə təyin edilib, 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb. Sonrakı dövrdə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunları İdarəsinin rəisi və Sərhəd Qoşunlarının komandanı vəzifələrində xidmət edib.
İsgəndər Allahverdiyev sonrakı illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında rəis müavini kimi fəaliyyət göstərib, zəngin xidmət təcrübəsinin gənc kadrların hazırlanmasına yönəldilməsinə töhfə verib.
Dövlət qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək “Azərbaycan Bayrağı” ordeni, “Hərbi xidmətlərə görə” medalı, eləcə də digər medal və təltiflərə layiq görülüb.
"General-mayor İsgəndər İmanverdi oğlu Allahverdiyevin vəfatı onu tanıyanlar, xidmət yoldaşları və silahdaşları üçün ağır itkidir.
Onun əziz xatirəsi daim ehtiramla yad ediləcəkdir.
Mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik", - nekroloqda qeyd olunub.












