Qatarda vəfat etdi, tanınması ölümündən sonra oldu: Cavad Mircavadovun həyat hekayəsi - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Mövqe

Qatarda vəfat etdi, tanınması ölümündən sonra oldu: Cavad Mircavadovun həyat hekayəsi - FOTO - VİDEO

Feliks Vişnevetskiy14:33 - Bu gün
Qatarda vəfat etdi, tanınması ölümündən sonra oldu: Cavad Mircavadovun həyat hekayəsi - FOTO - VİDEO

Bu yaxınlarda sosial şəbəkələrdə tanınmış azərbaycanlı rəssam, Əməkdar incəsənət xadimi Cavad Mircavadovun baxımsız vəziyyətdə olan məzarının fotosu yayılıb və geniş ictimai rezonans doğurub.

Kadrlar istifadəçilərin dəfn yerinin vəziyyətinə diqqət yetirməsinə səbəb olub. Sosial şəbəkələrdə məzarın layiqli şəkildə qorunub saxlanılmasının zəruriliyi və qəbirüstü daşın vəziyyəti ilə bağlı müzakirələr aparılıb. Bəzi istifadəçilər yeni qəbirüstü abidənin hazırlanmasını təklif ediblər. Mədəniyyət Nazirliyinin vəziyyəti nəzarətə götürməsindən sonra məsələ öz davamını tapıb. Bu arada başdaşı ətrafında ayrıca müzakirə də yaranıb.

Cavad Mircavadovun özü, yaradıcılıq yolu və irsinin əhəmiyyəti barədə 1news.az-ın materialında.

Cavad Mircavadov XX əsr Azərbaycan incəsənətinin diqqətçəkən simalarından biridir. Onun yaradıcılığını sovet rəssamlığı çərçivəsinə sığdırmaq çətindir: rəssam şərq obrazlılığını, Azərbaycan folkloru və mifologiyasını Avropa incəsənətinin üsulları ilə birləşdirərək özünəməxsus üslub formalaşdırıb.

C. Mircavadov 1923-cü ildə Bakıda anadan olub. 1949-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Hələ gənc yaşlarından Pol Sezannın yaradıcılığı ilə maraqlanıb. Avropa incəsənətinə olan marağı onun gələcək yaradıcılıq yolunun formalaşmasında mühüm rol oynayıb.

Rəssam məktəbi bitirdikdən sonra Leninqrada (indiki Sankt-Peterburq – red.) gedib və 1949-1954-cü illərdə Ermitajda çalışıb. Əvvəlcə fəhlə kimi fəaliyyətə başlayan rəssam muzeyin kolleksiyalarını öyrənmək və böyük ustadların əsərləri ilə tanış olmaq imkanı əldə edib. Bu dövr faktiki olaraq onun üçün rəssamlıq təhsilinin davamı olub. Bununla yanaşı, yuxarıda adı çəkilən Sezannın da onun bədii düşüncəsinə böyük təsiri olub. O, Ermitajda Sezannın əsərləri ilə tanış olub. Məhz onun və digər rəssamların yaradıcılığı vasitəsilə Mircavadov sovet incəsənətinin kanonlarından fərqlənən, tamamilə fərqli bir rəngkarlıq dili kəşf edib.

“TOY” (1980-ci illərin sonu)

Bakıya qayıtdıqdan sonra C. Mircavadov öz yolunu seçdi. Onun əsərlərində Azərbaycan folkloru, Şərq mifologiyası, Bibliya süjetləri və insan haqqında fəlsəfi düşüncələr bir-biri ilə çulğalaşdı. Onun tablolarında atlılar, heyvanlar, qadınlar, fantastik və mifoloji varlıqlar təsvir olunurdu. Qeyri-adi obrazların arxasında isə kifayət qədər real mövzular dayanırdı - həyat və ölüm, xeyir və şər, müharibə, qorxu və insan taleyi. Bununla yanaşı, rəssam rəsmi sovet incəsənətindən və onun ideoloji tələblərindən şüurlu şəkildə uzaqlaşırdı - onun yaradıcılığı həddindən artıq müstəqil idi və sosialist realizmi çərçivəsinə sığmırdı.

Məhz buna görə Cavad Mircavadovun yaradıcılığına verilən qiymət və tanınması heç də dərhal baş vermədi. Onun iştirak etdiyi ilk sərgi yalnız 1970-ci ildə, ilk fərdi sərgisi isə rəssamın artıq 64 yaşı olduğu 1987-ci ildə keçirilib. 1988-ci ildə ona Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adı verilib.

Bu gün C. Mircavadov Azərbaycan avanqardının banilərindən biri hesab olunur. Onun bədii dili Avropa rəngkarlıq ənənəsi ilə milli mədəniyyətin kəsişməsində formalaşıb, əsərləri isə XX əsr Azərbaycan incəsənəti tarixinin mühüm hissəsinə çevrilib.

İncəsənət tənqidçiləri qeyd edirlər ki, Cavad Mircavadovun yaradıcılığını yalnız rəngkarlıq kimi qəbul etmək çətindir. Onun əsərlərində sanki başqa bir zamandan gəlmiş obrazlara - mifik varlıqlara, atlılara və s. daim rast gəlinir. Lakin bu qeyri-adi obrazlılığın arxasında həmişə tamamilə konkret bir mövzu dayanırdı - insan və onun dünyadakı yeri.

Yuxarıda qeyd edildiyi kimi, C. Mircavadov Azərbaycan folkloruna, Şərq mifologiyasına, qədim simvollara və müəyyən Bibliya süjetlərinə müraciət edirdi. Bununla belə, o, onları olduğu kimi kətana köçürməyə çalışmırdı. Rəssam tanış obrazları yenidən düşünür və onlardan özünəməxsus bədii dünya yaradırdı. Məhz buna görə onun əsərlərini hansısa bir istiqamətə aid etmək çətindir.

Qeyd edək ki, onun yaradıcılığında xeyirlə şərin qarşıdurması mövzusu mühüm yer tuturdu. Bəzi əsərlərində narahatlıq, təhlükə və faciə hiss olunur. Bu, xüsusilə 1978-ci ildə çəkilmiş “Planetin fəryadı” əsərində nəzərə çarpır. Hazırda bu rəsm Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Muzeyin əsərlə bağlı təsvirində bu əsər müharibə, insan faciələri və xeyirlə şərin mübarizəsi mövzuları ilə əlaqələndirilir.

“PLANETİN FƏRYADI” (1978-ci il)

Bununla belə, C. Mircavadov heç vaxt tamaşaçının xoşuna gəlməyə çalışan rəssam olmayıb. Onun əsərləri çaşqınlıq, təəccüb və hətta qəbul edilməmə hissi yarada bilərdi. Sovet dövründə belə bir bədii dil rəsmi sosialist realizmindən uzaq idi. Buna görə də rəssam uzun müddət daha çox dar sənət çevrələrində tanınan bir şəxs olaraq qaldı.

Tədricən vəziyyət dəyişməyə başladı. İlk fərdi sərgidən sonra rəssam üçün daha bir mühüm mərhələ Azərbaycan hüdudlarından kənarda sərgi fəaliyyətinin genişlənməsi oldu. Mircavadovun əsərləri Moskva, Tokio, Kopenhagen, London, Venesiya və digər şəhərlərdə nümayiş etdirilib. Onun yaradıcılığı tədricən yalnız mütəxəssislərin deyil, xarici kolleksiyaçıların da marağına səbəb olub.

Bunun əyani nümunələrindən biri “Şərq miniatürlərinin improvizasiyası” silsiləsindən “Məkkəyə səyahət” əsəridir. Əsər 1985-1986-cı illərdə yaradılıb və 2013-cü ildə Sotheby's hərracında satışa çıxarılıb. Rəsmin ilkin qiyməti 80-112 min dollar (hazırkı məzənnə ilə 136-190 min manat) təşkil edib, nəticədə isə əsər 92,5 min funt sterlinqə (hazırkı məzənnə ilə 214 mindən çox manat) satılıb.

“MƏKKƏYƏ SƏYAHƏT” (1985-1986-cı illər)

Daha bir mühüm məqam Cavad Mircavadovun Venesiya Biennalesində iştirakı ilə bağlıdır. 2015-ci ildə, rəssamın ölümündən sonra onun əsərləri 56-cı Venesiya Biennalesinin Azərbaycan pavilyonunda “Beyond the Line” adlı sərgi çərçivəsində nümayiş etdirilib. Yaradıcılığı uzun illər rəsmi incəsənətdən kənarda qalan bir rəssam üçün bu, onun irsinə münasibətin nə dərəcədə dəyişdiyini göstərən daha bir nümunə olub.

Bu gün XX əsr Azərbaycan avanqardının əsas simalarından biri hesab olunan Cavad Mircavadovun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Moskvadakı Şərq Xalqları Muzeyinin kolleksiyalarında, həmçinin özəl kolleksiyalarda saxlanılır. Belə kolleksiyaçılar arasında, məsələn, yazıçılar Çingiz Aytmatov və Qabriel Qarsia Markes, dramaturq Artur Miller (2005-ci ildə vəfat edib) və başqaları da var.

56-CI VENESİYA BİENNALESİNDƏ “BEYOND THE LINE” SƏRGİSİ

Rəsmi tanınmasına baxmayaraq, C. Mircavadov ömrünün sonuna qədər sovet sisteminə sığmayan bir rəssam olaraq qaldı. O, ideoloji məhdudiyyətləri qəbul etmir və incəsənətin azad qalmalı olduğunu düşünürdü. Yaradıcılığı rəsmi şəkildə tanındıqdan sonra belə o, öz yolunu davam etdirir, əsərlərini dövrün tələblərinə uyğunlaşdırmırdı.

Rəssamın həyatının son illəri SSRİ hüdudlarından kənara səfərlər və sərgilərlə bağlı olub. 1991-ci ildə onun fərdi sərgiləri Kopenhagendə keçirilib. Mircavadov son əsərlərini 1990-cı ildə Vyanada yaradıb. 24 iyun 1992-ci ildə Cavad Mircavadov Kopenhagen-Moskva marşrutu ilə hərəkət edən qatarda vəfat edib. Onun 69 yaşı olub.

Rəssamın ölümündən sonra onun dəfni ilə bağlı mürəkkəb vəziyyət yaranıb. Brestdə Mircavadovun cəsədi qatardan düşürülərək meyitxanaya aparılıb və burada onun kremasiya edilməsi nəzərdə tutulub. Yaxınlarının Rubaba adlandırdığı həyat yoldaşı Lyubov Mircavadova kremasiyaya qarşı çıxıb. O, bildirib ki, həyat yoldaşı müsəlman olub və vəsiyyətində müsəlman adət-ənənəsinə uyğun dəfn edilməsini istəyib. Cəsədin Bakıya gətirilməsi üçün sink tabut hazırlanmalı idi. Bunun üçün isə pul və vaxt tələb olunurdu. Nəticədə həyat yoldaşı cəsədin daşınması məsələsini həll edə bilib və rəssamın cəsədi Azərbaycana gətirilib.

Əməkdar incəsənət xadimi Bakıda köhnə Yasamal qəbiristanlığında dəfn edilib. Sənətşünas Ziyadxan Əliyevin xatirələrinə görə, dəfn mərasimində cəmi 3-4 nəfər iştirak edib. Rəssam özü təmtəraqlı mərasim istəmirdi, dostlarının və tanışlarının bir çoxu isə onun ölümündən yalnız dəfndən sonra xəbər tutub.

Beləliklə, sağlığında sovet dövründə norma hesab olunan rəsmi incəsənətdən uzun müddət kənarda qalan, lakin sonradan Azərbaycan avanqardının ən diqqətçəkən simalarından birinə çevrilən Cavad Mircavadovun həyat yolu başa çatıb. Bu gün, onun ölümündən üç onillikdən çox vaxt keçdikdən sonra diqqət yenidən onun dəfn olunduğu yerə yönəlib...

Lakin Cavad Mircavadovun qəbirüstü abidəsi ilə bağlı ayrıca tarixçə var - onun mənşəyi, ilkin ideyası və rəssamın məzarında necə peyda olması. Bu qeyri-adi qəbirüstü abidənin tarixçəsini 1news.az-a Mircavadovlar ailəsinin dostu Eldar Bayramov danışıb.

“Cavad Mircavadovun qəbirüstü daşını onun həyat yoldaşı Lyubov qoydurub. O, uzun müddət məhz belə bir daş axtarıb və bunun Abşeron əhəngdaşı olmasını istəyib. Bunun onun üçün xüsusi əhəmiyyəti var idi: Cavad Abşeron rəssamlıq məktəbinin nümayəndəsi idi və buna görə də daşın seçilməsi simvolik məna daşıyırdı. Qəbirüstü daşın üzərində artıq heç nə yoxdur - yalnız “Cavad” adı, o, əsərlərini belə imzalayırdı, həmçinin doğum və ölüm tarixləri. Bu gün məzarda olan daş da ilkin qəbirüstü daşın özüdür. Ondan əvvəl başqa abidə olmayıb, bu daş dəyişdirilməyib və hər hansı başqa abidənin əvəzinə qoyulmayıb”, - deyə Eldar Bayramov qeyd edib.

“2020-ci ildə Rubaba təxəllüsü ilə yaradan Lyubov Mircavadova vəfat etdi. O, həyat yoldaşının məzarında dəfn olundu. Qəbirüstü daşla artıq mən məşğul oldum və mənim üçün Lyubovun əvvəlcə düşündüyü konsepsiyanı pozmamaq prinsipial əhəmiyyət daşıyırdı. Buna görə də oxşar bir daş tapdım və üzərində “Rubaba” yazıldı. Beləliklə, ilkin ideya qorunub saxlanıldı: Cavadın məzarında onun həyat yoldaşının düşündüyü formada qəbirüstü daşı qaldı, yanında isə onun yaradıcılıq adı yazılmış eyni daşdan qoyuldu. Mənim fikrimcə, Cavadın qəbirüstü abidəsinin ilkin konsepsiyasına hər hansı müdaxilə yolverilməz idi və olaraq qalır”, - deyə Mircavadovlar ailəsinin dostu sözlərinə davam edib.

Eldar Bayramovun sözlərinə görə, Cavad Mircavadovun yaradıcılığını ən yaxşı şəkildə anlamaq üçün təkcə ayrı-ayrı nəşrlərlə tanış olmaq deyil, bilavasitə onun əsərlərinə baxmaq lazımdır. Bunun üçün o, rəssamın əsərlərinin saxlanıldığı muzeylərə baş çəkməyi, həmçinin həyat yoldaşı tərəfindən nəşr etdirilən Cavad Mircavadov haqqında monoqrafiya və xatirələr kitabı olan “Aytokua” kitabına müraciət etməyi tövsiyə edir.

E. Bayramov hesab edir ki, məhz onun əsərləri və yaxınlarının xatirələri vasitəsilə Cavad Mircavadovun bütün həyatı boyu yaratdığı bədii dünyanı əslində görmək mümkündür.

Material hazırlanarkən “Mədəniyyət” qəzetinin arxiv nəşrlərindən, Azərbaycan Milli Kitabxanasının və Azərbaycan Milli İncəsənət Muzeyinin materiallarından istifadə olunub.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər