Tranzitdən iqtisadi dəyərə: Azərbaycanın nəqliyyat və logistika potensialı Orta Dəhliz və Zəngəzur müstəvisində - MÜSAHİBƏ
Azərbaycanın nəqliyyat infrastrukturu son illərdə yalnız ölkədaxili tələbatın qarşılanması baxımından deyil, həm də regional və beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı baxımından yeni mərhələyə qədəm qoyub.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi ilə bağlı layihələr və Orta Dəhlizin genişləndirilməsi ölkənin tranzit imkanlarını daha da artırır.
1news.az xəbər verir ki, bu mövzuda nəqliyyat eksperti Rauf Ağamirzəyevlə müsahibənin ikinci hissəsini təqdim edirik.
Müsahibənin ilk hissəsində əsas diqqət Azərbaycanın daxili nəqliyyat sisteminə, xüsusilə Bakıda tıxac probleminə, metro və yerüstü nəqliyyatın inkişafına, tramvay xətlərinin bərpası perspektivlərinə, yeni yolların salınmasına və şəhər nəqliyyatının idarə olunmasında müasir texnologiyaların tətbiqinə yönəlmişdi.
Müsahibənin bu hissəsində isə söhbət Azərbaycanın beynəlxalq nəqliyyat imkanlarından, Orta Dəhlizdən, Zəngəzur dəhlizindən, Naxçıvanın tranzit potensialından, hava nəqliyyatından, logistika imkanlarından, azad iqtisadi zonaların rolundan, eləcə də ölkənin regional nəqliyyat qovşağına çevrilməsi perspektivlərindən gedir.
Müsahibəni təqdim edirik:
– Azərbaycan son illərdə Şərq-Qərb və digər nəqliyyat dəhlizləri üzrə mühüm layihələr həyata keçirir. Sizcə, ölkənin bu potensialından daha səmərəli necə istifadə etmək olar?
– Azərbaycanın çox böyük potensialı var. Bu potensialdan düzgün istifadə etməklə həm Orta Dəhlizin imkanlarını genişləndirmək, həm də yeni layihələr hesabına ölkənin iqtisadi və nəqliyyat imkanlarını artırmaq mümkündür.
Bakı tarixən yolların kəsişdiyi bir məkanda yerləşib. Bir tərəfdən Xəzər dənizi ilə əhatələnmişik, digər tərəfdən isə quru yollarının kəsişdiyi coğrafi mövqeyə sahibik. Vaxtilə qapalı Xəzər dənizinin sahilində yerləşməyimiz mənfi faktor kimi qiymətləndirilirdi. Lakin Azərbaycan bu xüsusiyyəti üstünlüyə çevirməyi bacardı.
Müstəqillik illərində həyata keçirilən strateji layihələr Azərbaycanı dünya ilə daha sıx bağladı. “Əsrin müqaviləsi” ilə başlayan proses çərçivəsində Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi layihələr reallaşdırıldı. Daha sonra Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Cənub Qaz Dəhlizi də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu əhəmiyyətli dərəcədə artırdı.
Bu gün isə artıq yalnız enerji deyil, nəqliyyat və rəqəmsal bağlantılar baxımından da yeni imkanlardan danışırıq. Xəzər dənizinin üzərindən Avropaya enerji kabelinin çəkilməsi, eləcə də fiber-optik kabel layihələri Azərbaycanın regional bağlantılardakı rolunu daha da gücləndirə bilər.
– Azərbaycanın nəqliyyat imkanlarını ayrı-ayrı istiqamətlər üzrə necə qiymətləndirirsiniz?
– Azərbaycanın beş növ nəqliyyat üzrə imkanları var və hər bir istiqamət üzrə ayrıca təklif formalaşdırmaq mümkündür. Buraya dəmir yolu, avtomobil yolları, dəniz nəqliyyatı, hava nəqliyyatı və boru kəmərləri daxildir.
Ələt Beynəlxalq Dəniz Ticarət Limanı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Liman vasitəsilə maye, səpinti və konteyner yüklərinin daşınması mümkündür. Gübrə, taxıl və digər məhsulların daşınması ilə yanaşı, çəkisi və həcmi nisbətən az, lakin dəyəri yüksək olan məhsullar üçün də bu marşrutların imkanlarından istifadə etmək olar.
Azərbaycanın avtomobil və dəmir yolu infrastrukturu da regionu Avropa ilə birləşdirən mühüm şəbəkənin tərkib hissəsidir.
– Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın nəqliyyat imkanlarına nə verəcək?
– 2020-ci və 2023-cü illərdə əldə olunan nəticələrdən sonra Azərbaycanın regional nəqliyyat layihələrində təşəbbüskar mövqeyi daha da güclənib. Zəngəzur dəhlizi də bu baxımdan mühüm layihələrdən biridir.
Horadiz-Ağbənd dəmir yolu layihəsi üzrə işlər 2021-ci ildən həyata keçirilir və layihənin böyük hissəsi artıq tamamlanıb. Burada əsas məsələlərdən biri Ermənistan ərazisindən keçən hissənin reallaşdırılmasıdır. Eyni zamanda Naxçıvan istiqamətində, Ordubad-Salaməlik və Ermənistan sərhədinə qədər olan hissələrdə də işlər aparılır.
Türkiyə tərəfində Qars-İğdır-Dilucu dəmir yolu layihəsinin həyata keçirilməsi də bu zəncirin digər mühüm hissəsidir. Naxçıvanda dəmir yolu infrastrukturunun yenilənməsi də həyata keçirilir.
Bu istiqamətdə siyasi proseslərin də böyük əhəmiyyəti var. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalardan sonra nəqliyyat bağlantılarının yaradılması ilə bağlı imkanlar daha da genişlənib.
– Zəngəzur dəhlizi üzrə hansı infrastrukturun yaradılması nəzərdə tutulur?
– Burada söhbət yalnız dəmir yolundan getmir. Dəhlizin kompleks şəkildə formalaşdırılması nəzərdə tutulur. Dəmir yolu ilə yanaşı, avtomobil yolu, fiber-optik kabel və enerji kabelinin çəkilməsi gündəmdədir. Gələcəkdə neft və qaz kəmərlərinin də bu istiqamətdən keçməsi imkanları yarana bilər.
Hazırda müxtəlif mühəndislik, geodeziya və geoloji araşdırmalar aparılır. Praktiki işlərin mərhələli şəkildə genişləndirilməsi gözlənilir. Məqsəd bu marşrutun yaxın illərdə tam şəkildə formalaşdırılmasıdır.
– Orta Dəhlizin alternativ qollarının yaradılması nə dərəcədə vacibdir?
– Çox vacibdir. Nə qədər çox marşrutunuz olarsa, risklər bir o qədər azalır. Yüklərin daşınması zamanı bir istiqamətdən asılılıq aradan qalxır və alternativ marşrutlar formalaşır.
Məsələn, Transqafqaz dəmir yolu xəttinin Xəzər sahilindən Qara dəniz limanlarına qədər uzanan hissəsi mühüm əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində onun daşıma qabiliyyətinin artırılması nəzərdə tutulur.
Zəngəzur dəhlizinin açılması isə bu marşrutların daha da şaxələndirilməsinə imkan verəcək. Nəticədə yük sahibləri üçün alternativlər çoxalacaq.
– Bu marşrutların şaxələndirilməsi hansı istiqamətləri əhatə edə bilər?
– Orta Dəhlizin müxtəlif qolları var. Məsələn, Çindən Qazaxıstan sərhədinə, oradan Aktau limanına, Ələt limanına və daha sonra Bakı-Tbilisi-Qars vasitəsilə Türkiyəyə çıxan marşrut mövcuddur.
Digər istiqamət Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan, Türkmənbaşı və Ələt üzərindən Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə çıxışı nəzərdə tuta bilər.
Bununla yanaşı, Qara dəniz istiqamətində də yeni imkanlar var. Türkiyənin Samsun, gələcəkdə isə digər limanları bu şəbəkəyə qoşula bilər. Türkiyənin İraq istiqamətində həyata keçirdiyi İnkişaf Yolu layihəsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Beləliklə, müxtəlif istiqamətlər bir-birinə bağlanır və bütöv bir regional nəqliyyat sistemi formalaşır.
– Zəngəzur dəhlizinə bəzi ölkələrin ehtiyatlı yanaşmasını necə qiymətləndirirsiniz?
– Burada müxtəlif səbəblər ola bilər. Bəzən müəyyən layihə ilə bağlı kifayət qədər məlumat olmur, bəzən isə siyasi və ya digər səbəblərdən yanaşma fərqli olur.
Amma nəticə etibarilə sağlam rəqabət bütün tərəflər üçün faydalıdır. Hansı marşrut daha qısa, daha sürətli, daha təhlükəsiz və prosedurları daha sadədirsə, yük sahibi həmin istiqamətə üstünlük verəcək.
Burada əsas məsələ sadədir: qısa marşrut, sadələşdirilmiş prosedurlar və rəqabətqabiliyyətli qiymətlər.
– Naxçıvanın Zəngəzur dəhlizi çərçivəsində rolu necə dəyişə bilər?
– Naxçıvanın potensialı tam şəkildə açıldıqda burada çox ciddi imkanlar yaranacaq. Naxçıvan şərqə, cənuba və şimala çıxış imkanlarının kəsişdiyi mühüm məkandır.
Lakin yalnız tranzitə fokuslanmaq düzgün deyil. Biz tranzitdən əlavə dəyər yaratmağa keçməliyik. Bunun üçün azad iqtisadi zonaların yaradılması, logistika mərkəzlərinin inkişaf etdirilməsi və yüklərin burada emal olunması vacibdir.
Məsələn, yük Azərbaycana daxil olur, burada saxlanılır və müəyyən müddət sonra başqa istiqamətə göndərilir. Bu prosesin özü iqtisadi dəyər yaradır. Eyni zamanda logistika mərkəzləri yeni iş yerlərinin yaranmasına səbəb olur.
Kiçik bağlamalar bazarı da böyük potensiala malikdir. Bir neçə kiloqramlıq məhsulların belə böyük bazarı var. Elektron ticarət şirkətlərinin Azərbaycanda və regionda paylama mərkəzləri yaratmasına şərait yaratmaq mümkündür.
– Ələt və digər logistika imkanlarımız bu baxımdan nə vəd edir?
– Ələt bu baxımdan çox əlverişli məkandır. Burada dəmir yolu, avtomobil yolu və dəniz limanı var. Hava yükdaşımaları üçün də infrastruktur inkişaf etdirilir.
Əsas məsələ bu üstünlüklərdən istifadə etməklə yalnız yükü bir məntəqədən digərinə ötürmək deyil, həmin yükə əlavə dəyər qazandırmaqdır. Yük burada saxlanıla, çeşidlənə, qablaşdırıla və hətta istehsal prosesinə cəlb oluna bilər.
Bu baxımdan azad iqtisadi zonaların inkişafı xüsusi əhəmiyyət daşıyır. Ələt Azad İqtisadi Zonası və Araz Vadisi İqtisadi Zonası kimi layihələr gələcəkdə bu imkanları daha da genişləndirə bilər.
– Dünyada baş verən böhranlar və nəqliyyat marşrutlarında yaranan problemlər Azərbaycanın imkanlarını necə artıra bilər?
– Risklər eyni zamanda imkanlar yaradır. Məsələn, “Ever Given” gəmisinin Süveyş kanalında yaratdığı problem zamanı dünya ticarətinin nə qədər həssas olduğu bir daha göründü. Kanalın bir neçə gün bağlı qalması böyük iqtisadi itkilərə səbəb oldu.
Bu kimi hadisələrdən sonra Avropa ölkələri də öz anbar və logistika imkanlarını genişləndirməyə başladılar. Çünki hər hansı müharibə, böhran və ya marşrutun bağlanması təchizat zəncirinə birbaşa təsir edir.
Azərbaycan və ümumilikdə Cənubi Qafqaz üçün burada böyük imkan var. Biz istehsalın və logistikanın müəyyən hissəsini regiona cəlb edə bilərik.
Məsələn, Azərbaycan Gəmiqayırma Zavodunda Orta Dəhliz üçün istifadə edilən gəmilərin istehsalı və təmiri həyata keçirilir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin də Xəzər hövzəsində böyük donanması var. Bu imkanları şaxələndirmək və daha böyük iqtisadi dəyərə çevirmək lazımdır.
– Azərbaycanın hava məkanından tranzit imkanları barədə nə deyə bilərsiniz?
– Azərbaycanın hava məkanı da böyük potensiala malikdir. Müxtəlif münaqişələr zamanı hava yollarının dəyişməsi nəticəsində Azərbaycan üzərindən uçuşların intensivliyinin artdığını müşahidə etdik.
Burada regional hava limanlarının imkanlarından daha səmərəli istifadə etmək olar. Hava limanları hava dəhlizlərinin üzərində və ya onlara yaxın yerləşdikdə yanacaq doldurma, texniki dayanacaq və digər xidmətlər üçün istifadə edilə bilər.
Bu baxımdan regional hava limanlarının sadəcə sərnişinlərin daşınması üçün deyil, həm də tranzit və logistika mərkəzi kimi fəaliyyət göstərməsi mümkündür.
– İşğaldan azad edilmiş ərazilərdə bir neçə hava limanının yaradılmasının əsas səbəbi nədir?
– Hər bir hava limanının öz funksiyası var. Qarabağ uzun illər Azərbaycanın ümumi nəqliyyat şəbəkəsindən təcrid olunmuş vəziyyətdə idi. Hazırda həmin ərazilərin ölkənin ümumi nəqliyyat sisteminə inteqrasiyası həyata keçirilir.
Hava limanlarının fəaliyyəti yalnız həmin ərazinin ehtiyacları ilə məhdudlaşmamalıdır. Onlar regional hava dəhlizləri ilə əlaqələndirilə və tranzit imkanlarından istifadə edə bilərlər.
Eyni yanaşma Naxçıvan üçün də keçərlidir. Hava yollarının və yerüstü nəqliyyat şəbəkəsinin bir-biri ilə əlaqələndirilməsi Azərbaycanın ümumi nəqliyyat imkanlarını artıracaq.
– Azərbaycanın gələcəkdə regional nəqliyyat qovşağına çevrilməsi real görünürmü?
– Bəli, bunun üçün potensial var. Əlbəttə, biz İstanbul miqyasında bir qovşaqdan danışmırıq. Amma Azərbaycanın regionda mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi tamamilə realdır.
Bunun üçün yalnız yolların və dəmir yollarının tikilməsi kifayət deyil. Logistika, anbar, bağlama və kuryer xidmətləri, istehsal və digər əlavə dəyər yaradan sahələr paralel inkişaf etdirilməlidir.
Azərbaycanın coğrafi mövqeyi buna imkan verir. Biz həm Avropanı Asiya ilə, həm də müxtəlif regional istiqamətləri birləşdirən nəqliyyat şəbəkəsinin mühüm hissəsiyik.
– Azərbaycanın beynəlxalq yol şəbəkəsindəki mövqeyini necə xarakterizə edərdiniz?
– Azərbaycanın yerləşdiyi mövqeni beynəlxalq yol şəbəkəsinin göstəricilərində də görmək mümkündür. Məsələn, E60 Avropa avtomobil marşrutu Fransadan başlayaraq Avropanı Asiya istiqaməti ilə birləşdirir. AH5 isə Asiya avtomobil yolu şəbəkəsinin əsas marşrutlarından biridir.
Azərbaycan bu iki böyük sistemin kəsişməsində yerləşərək Avropa ilə Asiya arasında mühüm bağlantı yaradır.
– Gələcəkdə Azərbaycanın regional hava limanlarından daha çox aşağıbüdcəli uçuşların həyata keçirilməsi mümkündürmü?
– Bunun üçün imkan var. Lənkəran, Zaqatala, Qarabağ və digər regional hava limanlarından istifadə etməklə yeni uçuş istiqamətləri yaratmaq mümkündür.
Gələcək illərdə Gəncə, Qəbələ, Lənkəran və digər regional hava limanlarından aşağıbüdcəli aviaşirkətlərin uçuşlarının həyata keçirilməsi ehtimalını da nəzərdən keçirmək olar.
Əsas məsələ tələb və təklifin formalaşdırılmasıdır. Əgər sərnişin tələbi varsa və aviaşirkətlər üçün iqtisadi baxımdan sərfəlidirsə, belə uçuşların sayını artırmaq mümkündür.






