Qazaxda yaşayış evinin həyətində partlayış baş verib - YENİLƏNİB

Qazax rayonun Yuxarı Salahlı kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində iki nəfərin xəsarət alması ilə nəticələnən partlayışın detalları məlum olub.
1news.az Trend-ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib.
“Ceyran sobası”ndan (çuqun qaz sobası) istifadə edən ev sakini D.Kəlayeva qaz təchizatının dayandırılmasından xəbərsiz olub. Qazı açıq qoyaraq yatıb. Qadının oğlu M. Kəlayev işdən evə qayıtdıqdan sonra qazı yandırmağa cəhd edib və nəticədə yığılan qazın alışması ilə partlayış baş verib.
Hadisə zamanı D.Kəlayeva üz nahiyəsindən, onun oğlu M. Kəlayev isə əl və ayaqlarından yanıq xəsarətləri alıb. Məlumata görə, qadının vəziyyəti qənaətbəxşdir, oğlu isə müalicə üçün Bakıya gətirilir.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 26.11.2026-cı il tarixində saat 07:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin termiki yanığı diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Qeyd olunub ki, hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, digər şəxsin vəziyyəti isə ağır qiymətləndirilir.
09:31
Qazax rayonun Yuxarı Salahlı kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində partlayış baş verib, iki nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyindən 1news.az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Qazax rayonu, Yuxarı Salahlı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinin həyətyanı sahəsində ümumi sahəsi 20 kv.m. olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib, nəticədə 2 nəfər xəsarət alıb, tikiliyə ziyan dəyib,
"FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır", - məlumatda bildirilir.











