Bakıda bəzi avtobusların hərəkət sxemində dəyişiklik edilib – XƏRİTƏ

Bakıda bəzi avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən 1news.az-a bildirilib ki, aparılan optimallaşdırma və çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, 51, 71, 139 və 204 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Belə ki, 51 nömrəli marşrut xətti üzrə hərəkət sxemində edilən dəyişikliklə avtobusların Rüstəm Rüstəmov-Bəkir Çobanzadə-Mehdi Abbasov-İmadəddin Nəsimi küçələrindən keçməsi təmin ediləcək.
71 nömrəli marşrut xətti üzrə dəyişikliyə əsasən, bu marşrut xətti üzrə avtobuslar Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzindən Ziya Bünyadov prospekti istiqamətində hərəkət edərkən Dərnəgül 1 yoluna (Baksol yoluna) İslam Abışov küçəsindən keçməklə çıxacaq.
139 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi uzadılaraq son dayanacaq məntəqəsi Savalan yaşayış massivindəki 28 nömrəli tam orta məktəbin qarşısındakı ərazi müəyyən edilib.
204 nömrəli marşrut xətti üzrə hərəkət istiqaməti Həsən bəy Zərdabi küçəsindən keçməklə yeni təmir olunan Mədən küçəsi yolunadək uzadılıb. Dəyişikliyin edilməsinə səbəb, qeyd olunan istiqamətdə sosial obyektlərin və yaşayış massivinin mövcud olmasıdır.
Qeyd edilən marşrut xətləri üzrə avtobuslar oktyabrın 26-dan test rejimində yenilənmiş sxem üzrə hərəkət edir.
1news.az