Ermənistan regionu müharibəyə sürükləyir. Azərbaycan ona yeni dərs verməyə hazırdır | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan regionu müharibəyə sürükləyir. Azərbaycan ona yeni dərs verməyə hazırdır

09:31 - 23 / 09 / 2020
Ermənistan regionu müharibəyə sürükləyir. Azərbaycan ona yeni dərs verməyə hazırdır

Region böyük müharibənin astanasındadır. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi imkanlarını minimuma endirməklə müharibəni yaxınlaşdırır.

Rəsmi Yerevan oyuncaq rejimi danışıqlara cəlb etməyə çalışmaqla, işğal edilmiş torpaqları ilhaq etmək və “yeni torpaqlar üçün yeni müharibə” alışdırmaq niyyətini ifşa edən iddialı bəyanatlar səsləndirməklə, Livan ermənilərini qanunsuz olaraq işğal edilmiş ərazilərə köçürməklə və PKK silahlılarını bura cəlb etməklə faktiki olaraq danışıqlar prosesini pozmuş oldu.

Tovuz istiqamətində döyüşlərə səbəb olan təxribatın ardınca Ermənistan tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması, təmas xəttinin yaxınlığında Azərbaycanın yaşayış məntəqələrinin, mülki vətəndaşlarının və infrastruktur obyektlərinin mütəmadi olaraq atəşə tutulması halları artmaqdadır. Düşmən tərəf daha iri kalibrli silahlardan istifadə edir, bölmələrimizə qarşı kəşfiyyat-diversiya fəaliyyətini genişləndirir, aktiv şəkildə pilotsuz uçan aparatlardan istifadə edir. Bütün bunlar təmas xəttində vəziyyətin ciddi şəkildə kəskinləşməsinə səbəb olub.

Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatına görə, bütün hallarda düşmən təxribatlarının qarşısı Azərbaycan ordusu tərəfindən alınır, düşmən böyük itkilər verir. Nazirliyin məlumatına əsasən, sentyabrın 20-si saat 23:13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilmişdir. Sentyabrın 21-i saat 09:20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Elşən Məmmədov şəhid olmuşdur.

Bakıda başa düşürlər ki, erməni təxribatlarının məqsədi Rusiyanı və KTMT-ni münaqişəyə cəlb etmək üçün Azərbaycanın reaksiya verməsinə və hərbi əməliyyatların miqyasının işğal edilmiş ərazilərdəki təmas xəttini aşaraq Ermənistan-Azərbaycan sərhəddinə keçməsinə nail olmaqdır.

Prezident İlham Əliyev buna dəqiq və qəti cavab verdi. Azərbaycan bilir ki, erməni tərəfi yeni böyük müharibəyə hazırlaşır və bu səbəbdən KTMT-dəki öz müttəfiqlərini məsələyə cəlb etmək məqsədilə zondaj aparmağa çalışır.

“Mən o vaxt da demişəm, bu gün də deyirəm: bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur və biz əgər istəsəydik Ermənistan ərazisinə keçə bilərdik. Bunun üçün bütün hərbi imkanlarımız var idi. Amma biz bunu etmədik, çünki bizim hərbi siyasət konsepsiyamızda bu yoxdur, əgər bizə qarşı ciddi təxribat törədilməsə. Əgər törədilərsə, bizim üçün heç bir məhdudiyyət olmayacaq. Bunu hər kəs bilsin! Heç bir məhdudiyyət! Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik? Biz də yerə vuracağıq. Amma axırı pis olacaq onlar üçün”, - İlham Əliyev bəyan edib.

“Mən bir də demək və onlara xəbərdarlıq etmək istəyirəm, əgər onlar öz çirkin planlarından əl çəkməsə, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Təmas xəttinə yaxın ərazilərdə onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik və əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”, - Azərbaycan rəhbəri vurğulayıb.

Münaqişə zonasında yaranmış hərbi-siyasi vəziyyəti qiymətləndirən “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə diqqəti ona yönəldib ki, Ermənistanın təmas xəttində və Ermənistan-Azərbaycan sərhəddində artan təxribatları danışıqlar prosesinin praktiki olaraq davam etmədiyi bir zamanda baş verir. 

- Ekspertlər artıq çoxdandır danışıqların aparılmadığından danışırlar. Hansısa məsləhətləşmələr aparıla, hansısa məsələlər razılaşdırıla bilər, lakin danışıqlar aparılmır.

Bu dəfə Azərbaycan Prezidenti bu fakta xüsusi diqqət yönəldərək qeyd edib ki, danışıqlar prosesi praktiki olaraq dayanmışdır. Ölkə başçısının çıxışında vəziyyətlə bağlı narahatlıq hiss olunurdu.

Əlbəttə, bütün bunların günahkarı - münaqişə zonasında bilərəkdən vəziyyəti kəskinləşdirən Ermənistan tərəfinin təxribatçı hərəkətləridir ki, bu da hazırda demək olar ki, hər kəsin haqqında danışdığı müharibəni qaçılmaz edir.

Çox təəssüf ki, Minsk qrupu ya özünü elə aparır ki, guya heç nə baş vermir, ya da məsələyə lazımi diqqət ayırmır, bu isə çox narahatedici məqamdır. Danışıqların konstruktivliyi bir yana, danışıqlar prosesinin özü belə aparılmırsa, regiondakı vəziyyətin öz-özlüyündə normallaşacağını düşünmək, əlbəttə ki, olmaz. 

Ermənistan tərəfi niyə bu addımları atır? Məsələ burasındadır ki, çoxdan hamıya məlumdur ki, Ermənistan tərəfi işğal edilmiş əraziləri Azərbaycana qaytarmaq niyyətində deyil. Ermənistan, işğal altında saxladığı rayonlardan heç birini qaytarmağa hazırlaşmır. Orada qanunsuz fəaliyyət həyata keçirilir. Hazırda həm bizim təbii ehtiyatlarımızın istismarının, həm də boş qalmış Azərbaycan rayonlarında Livan və Suriyadan gələn erməni qaçqınlarını yerləşdirmək cəhdlərinin şahidi oluruq. Ermənistan ordusunun işğal edilmiş ərazilərdə necə möhkəmləndiyini görürük. Burada yeni hərbi obyektlər tikilir, işğalçı korpusu təchiz etmək məqsədilə nəqliyyat infrastrukturu yaxşılaşdırılır. Toponimlərin, şəhər və qəsəbələrin adlarının dəyişdirilməsi prosesi demək olar ki, fasiləsiz xarakter alıb.  

Bütün bu işlər həyasızcasına aparılır. Hətta bu addımlar beynəlxalq ictimaiyyət, eləcə də ATƏT-in Minski qrupu tərəfindən heç bir tənqid və ya ciddi reaksiya doğurmur.

Ermənistan tərəfi bunun vərdiş halı alacağına ümid edir və təəssüf ki, bu ümid özünü doğruldur. Minsk qrupu artıq bu vəziyyətə vərdiş edib. Beynəlxalq hüququn və öhdəliklərin kobud pozulması hallarına onun tərəfindən heç bir reaksiya verilmir.  

Bu səhlənkar yanaşma şəraitində işğalçı özünü getdikcə daha həyasızcasına və sərbəstcəsinə aparır. Xüsusilə də, Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış, tanınmamış oyuncaq rejimin rəhbərinin “inauqurasiyasının” Şuşada keçirilməsi Azərbaycana qarşı həyasız çağırış deməkdir. Azərbaycan ictimaiyyətində bu məsələ məhz bu cür qəbul edilir. Prezident də öz çıxışında, faktiki olaraq, Azərbaycan ictimaiyyətinin əhval-ruhiyyəsini səsləndirmiş oldu.

Prezidentə ünvanlanmış suallar ictimaiyyətdən qaynaqlanan suallar idi və ölkə başçısının cavabları nümayiş etdirdi ki, Azərbaycan rəhbərliyi proseslərin bu istiqamətdə inkişafı ilə bağlı ictimaiyyətin təlaşını və narahatlığını başa düşür və buna lazmi reaksiya vermək niyyətindədir.

                                                                                

Əlbəttə ki, bütün məsuliyyət erməni tərəfinin üzərinə düşür. Onlar bilir ki, danışıqlar masası üzərində aşkar tələblər var. Bunlar işğal edilmiş ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtması və gələcək perspektivdə Dağlıq Qarabağın statusunun müzakirə edilməsi ilə bağlıdır. Onlar başa düşür ki, Azərbaycan tərəfi özünün haqlı tələbləri üzərində təkid edəcəkdir. Onlar üçün bu variant arzuolunmazdır və bu səbəbdən sözügedən tələbləri yerinə yetirməkdən imtina edirlər.

Bu şəraitdə üfüqdə müharibə perspektivi görünür. Ermənilər bu müharibəyə açıq-aşkar hazırlaşırlar. Paşinyanın həyat yoldaşının Dağlıq Qarabağda keçirdiyi nümayişkəranə “treninqlər”, qondarma “qeyri-nizami xalq qoşunu” ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər, geniş ictimaiyyəti cəlb etməklə, Yerevanda mülki müdafiə məntəqələrinin yaradılması, Livan və Suriyadan olan məcburi köçkünlərin işğal edilmiş ərazilərdə yerləşdirilməsi ilə bağlı planların açıqlanması göstərir ki, Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin və Ermənistanı işğal edilmiş ərazilərdən çıxmağa çağıran bir sıra digər sənədlərin tələblərinə saymazyana yanaşır.

Bu şəraitdə müharibənin nə vaxt başlayacağı sadəcə zaman məsələsidir. Təəssüf ki, vəziyyətin bu cür həyəcanlı inkişafına çox az ölkə diqqət ayırır.

Türkiyə beynəlxalq ictimaiyyəti və Minsk qrupunu bu məsələyə ən diqqətli şəkildə yanaşmağa çağırır.

Çünki, Ermənistanın başı oynamağa elə qızışıb və reallıqla o dərəcədə hesablaşmır ki, Suriya və Livandan olan terrorçuların, silahlıların köməyinə müraciət edir.

Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Ermənistan tərəfi məmnuniyyətlə muzdluların xidmətlərindən istifadə edir. Onların fikrincə, bu kifayət qədər “effektiv alətdir”, çünki bu şəxslər birbaşa olaraq Ermənistanla əlaqəli deyillər və silahlılar arasında itkilər Ermənistan ictimaiyyətinin əhval-ruhiyyəsinə təsir etməyəcəkdir. Bu səbəbdən onlar bundan aktiv şəkildə istifadə edirlər. Dağlıq Qarabağ münaqişəsi zonasında, Türkiyə ordusuna qarşı döyüşmək təcrübəsinə malik PKK silahlılarından də istifadə edilə bilər. Ermənistan tərəfinin fikrincə, bu cür döyüş təcrübəsi onlara müəyyən üstünlüklər qazandırır.                      

Beləliklə, biz, Ermənistanın işğalçı bölmələrinin Suriya və Livanda fəaliyyət göstərən terrorçu şəbəkələrlə birləşməsinin şahidi oluruq. Hesab edirəm ki, bu simptomatik nümunə Ermənistanın faktiki olaraq regionda terrorizmin sponsorlarından biri olduğunu sübut edir.

Bundan əlavə, Ermənistan regional təhlükəsizliyin təməl prinsiplərini, özünün Avropa təhlükəsizlik sistemi çərçivəsindəki öhdəliklərini pozur. Münaqişə tərəflərinin ATƏT çərçivəsindəki öhdəliklərinin yerinə yetirməsinə nəzarət etməli olan və bu təşkilatdan vasitəçilik missiyasını daşımaq mandatını almış Minsk qrupunun diqqətini buna yönəltmək lazımdır. Lakin Minsk qrupu bunu etmir və bu baxımdan öz mənasını itirir.

Baxın, Ermənistan tərəfi işğal edilmiş ərazilərdə Livan və Suriyadan olan qaçqınları yerləşdirir və çəkinmədən bu barədə bəyan edir, baxmayaraq ki, 1949-cu il tarixli Cenevrə Konvensiyası işğalçı ölkə tərəfindən digər ölkənin ərazisinə hər hansı köçürmə fəaliyyətini qadağan edir. Həmsədrlər Ermənistanın hərəkətlərini ittiham edən bir bəyanat belə səsləndirmədi. Biz sadəcə çox mənfi fəsadlara səbəb olan daha bir səhlənkar yanaşma ilə üzləşirik.

Əlbəttə ki, region müharibəyə hazırlaşır. Azərbaycan başa düşür ki, Ermənistan işğal edilmiş əraziləri azad etmək niyyətində deyil, əksinə, işğal faktını əbədi etməyə çalışmaqla bütün mümkün vasitələrlə işğal edilmiş torpaqlarda möhkəmlənir.

Bu şəraitdə Azərbaycanın problemin hərbi həll yoluna bel bağlamaqdan başqa çıxış yolu qalmır. BMT Nizamnaməsinin 51-ci maddəsi bizə bu hüququ verir. Təbii ki, vəziyyətin bu cür inkişafına görə tam məsuliyyət Ermənistanın üzərinə düşür. Şübhəsiz ki, işğal edilmiş əraziləri azad etmək üçün hərbi yoldan istifadə etmək məcburiyyətində qalarsa Azərbaycan beynəlxalq dəstəyə ümid etmək hüququna malikdir. Xüsusilə də, Türkiyə ilə olan müqavilələrimiz bizə qardaş ölkənin dəstəyinə arxalanmaq imkanı verir. Türkiyə rəhbərliyi də, öz növbəsində, Azərbaycana qeyd-şərtsiz dəstək verdiyini bəyan edir.

Məsələ burasındadır ki, Ermənistanın “sayəsində” regionda formalaşan terror şəbəkəsi Türkiyənin də maraqlarına bilavasitə təhlükə yaradır. Suriya ərazisində fəaliyyət göstərən və PKK terror təşkilatının tabeçiliyində olan PYD/YPG silahlılarının düşərgələri Türkiyəyə qarşı fəaliyyət göstərirlər. Türkiyə ordusuna qarşı döyüşmək təcrübəsinə malik bütün bu silahlılar, mövcud məlumatlara görə, hazırda Dağlıq Qarabağa istiqamətlənirlər.

Yekun olaraq demək lazımdır ki, bir cinayətə görə cəzasızlıq başqa cinayəti doğurur. Təəssüflə qeyd etməli oluruq ki, məhz beynəlxalq strukturlar Ermənistanın işğalçılıq fəaliyyətinə şərait yaratmışdır.

Biz isə, öz növbəmizdə, vəziyyəti konstruktiv məcraya qaytarmaq üçün son səylərimizi göstəririk. Lakin ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu etməlidirlər, çünki bu onların birbaşa borcudur.

Əks halda, hərbi toqquşma qaçılmaz olacaq və bunun bütün günahı və məsuliyyəti Ermənistanın və müəyyən mənada, vəziyyəti bu nəticəyə gətirib çıxaran ATƏT-in Minsk qrupu və digər strukturların üzərinə düşəcəkdir. 

F.Bağırova

Paylaş:
4631

Son xəbərlər

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34
Bütün xəbərlər