İşğaldan azad olunan Ağdamda yeni həyat başlayır - TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

İşğaldan azad olunan Ağdamda yeni həyat başlayır - TƏHLİL

15:43 - 20 / 11 / 2020
İşğaldan azad olunan Ağdamda yeni həyat başlayır - TƏHLİL

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilir.

Bəyanatda nəzərdə tutulduğu kimi Ağdam rayonu noyabrın 20-nə Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan ordu hissələri əraziyə daxil olub.

Qeyd edək ki, Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilib, bir neçə müdafiə xəttindən ibarət olub və müasir standartlar tətbiq edilməklə hazırlanıb. Buna görə də bu səddin keçilməsi cidddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi.

Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərmizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi.

Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil oldu. Bundan sonrakı qısa zaman kəsiyində Kəlbəcər və Laçın rayonlarının boşaldılması və Azərbaycana təhfil verilməsi prosesi də uğurla başa çatacaq.

Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı.

Ağdam – təbiət incisi, mədəniyyət beşiyi

Ağdam Azərbaycanın böyük və strateji əhəmiyət kəsb edən rayonlarından biridir. Vaxtilə Qarabağ xanı Pənahəli xan bu ərazidə ağ daşlardan ibarət yay sarayı inşa edib, bu imarət ərazidə bir növ istiqamət ünvanına çevrilib. Bu mənada “Ağdam” – nurlanmış işıqlı, ağ ev anlamındadır. “Pənahəli xanın imarəti” adı ilə tanınan abidə dağınıq şəkildə dövrümüzə gəlib çatmış iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil imiş. Bu kompleks Pənahəli xanın 1738-ci ildə - Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilib.

Pənahəli xanın imarəti

Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Üçoğlantəpə, Leylatəpə və Üzərliktəpədə aparılmış arxeoloji qazıntılar da bunu təsdiq edir. Üzərliktəpə Qafqazda ilk şəhər tipli yaşayış məskəni də hesab edilir. Qədim alban tayfalarından olan qarqarlar da Ağdam ərazisindəki Qarqarçayı boyunca məskunlaşıblar.

Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Xındırıstan kəndində yеrləşən Üzərlik Təpə abidəsi, rayonun Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu Kümbəzi (1314-cü il), Kəngərli kəndindəki Türbə və Daş abidələr (XIV əsr), Papravənd kəndindəki Türbələr, Məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. tarixi memarlıq abidələri və s. bu memarlıq abilərindəndir.

Onların əksəriyyəti işğal dövründə məhv edilmişdir. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb.

Ağdamda 145 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 1-i dünya əhəmiyyətli memarlıq, 3-ü dünya əhəmiyyətli arxeoloji, 3-ü ölkə əhəmiyyətli memarlıq, 96-sı ölkə əhəmiyyətli arxeoloji, 26-sı yerli əhəmiyyətli memarlıq, 4-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 4-ü yerli əhəmiyyətli arxeoloji abidələrdir.

Rayon ərazisində yerləşən Şahbulaq qəsri, Qutlu Xacə Musa oğlu türbəsi, Pənahəli xanın imarəti, Pənahəli xanın türbəsi, Ağdam cümə məscidi Azərbaycan Respublikası ərazisində mövcud olan daşınmaz tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir.

Şahbulaq qəsri

Qarabağ tarixçilərinin məlumatına görə, Qarabağ xanlığının banisi Pənahəli xan Ağdam şəhərinin 10 kilometrliyində “Şah bulağı” adı ilə məşhur olan bulağın yanında bir qəsr kompleksi saldırmış, daş və əhəngdən məscidlər, evlər, bazar və hamamlar tikdirib. İnşası 1751-1752-ci illərdə tamamlanmış bu kompleksdən indiyə bulaq yanındakı təpə üzərində ucalan qala və məscid binası qalıb. Qəsr öz adını gur sulu bulağın adından alıb. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə əslində, iri qəsr kompleksinin iç qalası olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına öz təsirini göstərib.

Qutlu Xacə Musa oğlu türbəsi

Ağdamın Xaçındərbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi mövcuddur. Xalq arasında “Sarı Musa türbəsi” adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir: “Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir”. Bu daş kitabəyə görə türbənin inşası 15 iyul 1314-cü ildə tamamlanmışdır. Abidənin istər inşaat texnikasında, istərsə də detallarının bədii-plastik həllində Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunub.

Ağdam cümə məscidi

Ağdamda Qarabağın XIX əsr dini memarlığının monumental örnəklərindən biri inşa edilib. Ağdamın Cümə məscidi olan bu abidəni 1868-1870-ci illərdə bu dövr Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfi Xan Qarabaği ucaldıb. O, orta əsr Azərbaycan memarlığında geniş yayılmış qoşa minarəli Cümə məscidləri ənənəsini davam etdirərək Ağdam məscidində öz dövrünün tələblərinə və Qarabağın memarlıq-inşaat təcrübəsinə uyğun özünəməxsus məscid obrazı yaradıb.

1962-ci ildə yaradılmış Ağdam Tarix-Diyarşünaslıq Muzeyində rayon ərazisində aşkar edilən arxeoloji tapıntılar, insanların yaşam tərzini, məşğuliyyətini özündə əks etdirən maddi-mədəniyyət nümunələri, qədim əmək alətləri və əşyalar qorunub saxlanılırdı. 2500-dən artıq eksponatın sərgiləndiyi muzey Ermənistan tərəfindən tamamilə dağıdılıb. 2001-ci ildən muzey öz fəaliyyətini Ağdam rayon Qaradağlı kənd Mədəniyyət Evinin binasında qismən bərpa edib.

Dünyada ikinci, MDB məkanında isə birinci və yeganə çörək muzeyi olan Ağdam Çörək Muzeyi 1983-cü il noyabr ayında fəaliyyətə başlayıb. Ağdam Çörək Muzeyində toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına dair çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər də olub. Muzey eksponatlarının ən qədimi – eramızdan əvvəl VII minilliyə aid olan daşlaşmış buğda dənələri idi. 1992-ci il avqust ayının 12-də ermənilərin atdığı mərmi Ağdam Çörək Muzeyinin fəaliyyətinə son qoydu və muzeydə olan 1500-dək eksponat yanaraq məhv oldu.

Ağdam rayonunun işğala məruz qalan ərazilərində 107 kitabxana filialını özündə birləşdirən Rayon Mərkəzi kitabxanası və 67 kitabxana filialı tamamilə məhv edilib, digər 40 kitabxana filialının yerləşdiyi binalar, fondlarında olan kitablar və inventarlar tamamilə yararsız hala düşüb.

Ağdam Dövlət Dram Teatrında ilk tamaşa 1923-cü ildə səhnələşdirib. 1950-ci ildə bağlanan teatr 1968-ci ildə yenidən fəaliyyətini bərpa edib. Ağdam rayonu üzrə 11 uşaq musiqi məktəbi fəaliyyət göstərib. Ağdam rayon Mədəniyyət Mərkəzinə işğala qədər 23 mədəniyyət evi və  51 klub daxil olub.

Ağdam rayonunun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Coğrafi mövqeyi yaşayış və təsərrüfat üçün əlverişli şərait yaradır. Rayon əsasən, Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir.

Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. Qarqarçay - Xocalı şəhəri, Ağdam və Ağcabədi rayonlarının ərazisindən axaraq Kür çayına tökülür. İllik axımın 27%-i qar, 45%-i yağış, 28%-i isə yeraltı sular hesabına əmələ gəlir.

Xaçınçay - Kəlbəcər, Ağdam Ağdərə və Bərdə rayonlarının ərazisindən axaraq Kür çayına tökülür. Qar, yağış, və yeraltı sular hesabına qidalanır. Xaçınçay üzərində ümumi tutumu 23 mln.m3 olan su anbarı tikilmişdi.

Ağdamda 15 mineral xammal yatağı mövcud idi ki, bunlar əsasən yeraltı içməli su, qeyri-filiz və inşaat materialları yataqları idi. Burada Qarqarçay şirin su yataqları, Gülablı üzlük daşı, Boyəhmədli sement xammalı yatağı, Çəmənli gil, Qarqarçay və Xaçınçay qum-çınqıl yataqları böyük əhəmiyyət daşıyırdı.

S/s

Yataqların adı

Yatağın növü

Təsdiq edilmiş ehtiyatı

1

Gülablı

üzlük daşı

3999 min m3

2

Şahbulaq

sement xammalı

64767 min m3

3

Çobandağ

sement xammalı

140464 min ton

19981 min ton

4

Boyəhmədli

sement xammalı

44708 min ton

5

Şahbulaq I

sement xammalı

25197 min ton

6

Qarqarçay-I

qum-çınqıl

17500 min m3

7

Xaçınçay

qum-çınqıl

12099 min m3

8

Qarqarçay-II

qum-çınqıl

7289 min m3

9

Ağdam

gil

1599 min m3

10

Qarqarçay dərəsi

şirin su

39.3 min m3/gün

11

Qarqarçay dərəsi (Ağdam)

şirin su

38.4 min m3/gün

12

Şelli

üzlük daşı

3600 min m3

13

Burundağ

üzlük daşı

3700 min m3

14

Çəmənli-I

gil

2208 min m3

15

Çəmənli-II

gil

2304 min m3

Rayonun meşə fondu 4743 hektardır, işğal dövründə onların xeyli hissəsi Ermənistan tərəfindən məhv edilib. Ağdamda 85 ədəd Şərq çinarı növünə məxsus qədim ağaclar təbiət abidələri kimi qeydə alınmışdı. Bunlardan 71 ədədi Boyəhmədli kəndində idi, hündürlüyü 25 metr, yaşı isə 440 il təşkil edirdi. Rayon ərazisində ümumi sahəsi 732 ha olan Püstə meşəciyi qiymətli meşə sahələrindən idi. Nadir nəbatət obyekti olan həmin ağacların yaşı 370-400 il təşkil edirdi.

Heydər Əliyev: “Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz!”

Ümummilli lider Heydər Əliyev də Ağdama və ağdamlılara böyük diqqət və qayğı ilə yanaşırdı. O, hələ Sovetlər Birliyi dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə bir neçə dəfə Ağdamda olub, şəhərimizi və kəndlərimizi gəzmiş, əməkçilərlə görüşüb, onlarla səmimi söhbət edib. Ulu öndərimiz o illər Ağdamda olarkən demişdi: “Mən arzu edirəm ki, Ağdam gündən-günə çiçəklənsin. Həm şəhər həm də kəndlər dastanlarda, şeirlərdə olduğu kimi, Azərbaycanın gözəl bağ-bağatlı güşəsi olsun”.

“Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz!”. Bu fikirlər də ulu öndərimiz Heydər Əliyevə məxsusdur. Artıq o bu sözləri illər sonra, yağı düşmən torpaqlarımızı işğal etdikdən sonra deyib.

Ulu öndər 1996-cı il avqust ayının 2-də Ağdam şəhəri və onun ətraf kəndlərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin üçüncü ildönümü ilə əlaqədar Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib: “Ağdam şəhəri Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir. Respublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, elmi potensialına, həm də insanların fədakarlığına görə həmişə çox mühüm rol oynamışdır... 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, bu münaqişənin ilk qığılcımını Ağdamda hiss etmişlər... Ağdam rayonu o vaxtdan indiyədək Ermənistanın hərbi təcavüzünə qarşı aparılan mübarizədə ön cərgədə olmuşdur. Ağdam vuruşmuşdur, böyük itkilər vermişdir”.

Təxminən iki il sonra - 1998-ci il oktyabrın 8-də Heydər Əliyev Quzanlı qəsəbəsinə səfər etdi, rayon əhalisi ilə görüşdü və yenə də ağdamlıların fədakarlığını yüksək qiymətləndirdi.

Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev də dəfələrlə Ağdam rayonuna səfər edib. Ümumilikdə Ağdama 9 dəfə səfər edən dövlət başçısı bu səfərlər zamanı rayonda aparılan tikinti-quruculuq işləri ilə tanış olmaqla yanaşı, ağdamlılarla görüşərək onlarla səmimi söhbətlər edib, qayğı və problemləri ilə maraqlanıb.

Prezident İlham Əliyev ağdamlıların birinci Qarabağ müharibəsində böyük fədakarlıq, rəşadət göstərdiklərini söyləyib: “Ağdamlılar birinci Qarabağ müharibəsində böyük fədakarlıq, rəşadət göstərmişlər. Ən çox şəhid verən Ağdam rayonu olmuşdur. Siz bu dəfə də - aprel hadisələrində də böyük qəhrəmanlıq, rəşadət göstərmisiniz. Bütün Azərbaycan xalqı bunu bilir və sizinlə fəxr edir”.

İlham Əliyev: “Ağdam üçün yeni dövr başlayır”

Dövlət başçısı Ağdamın işğaldan azad olunduğu gün, noyabrın 20-də Azərbaycan xalqına müraciətində Ağdam rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu vurğulayıb:

“İndi isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi düşmənlə biz üz-üzə qalmışdıq. Nə Cəbrayılda, nə Füzulidə bir dənə də salamat bina qalmayıb, yalnız hərbi hissə və hərbi hissəyə aid olan bəzi tikililər. Qalan bütün infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz vəhşi düşmən tərəfindən dağıdılıb.

Mən orada o dağıntılar arasında Azərbaycan xalqına müraciət edərək demişdim ki, biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində - bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar”.

Bəli, bu gün həqiqətən də xalqımız, dövlətimiz üçün tarixi bir gündür. Erməni işğalçıları Ağdamı dağıtsalar da, onu xarabalığa çevirsələr də biz dogma yurdumuzu yenidən quracayıq və Ağdamda həyat əvvəlkindən də gözəl, firavan olacaq. O gün uzaqda deyil. Bayramınız mübarək əziz Azərbaycan xalqı, əziz ağdamlılar!

1news.az

Paylaş:
2065

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər