1news.az

Teatr nə “məscid” deyil, nə də “məbəd”. Teatr elə Teatrdır!

5 Dekabr saat 10:38 ~ 9 dəqiqəlik oxu 3250
Teatr nə “məscid” deyil, nə də “məbəd”. Teatr elə Teatrdır!

Məscid də, məbəd də insanları təmizliyə, saflığa, mərhəmətə, özünüdərkə və ən nəhayət uca Allahın insan və insanlıq ücün vacib olan bütün insani keyfiyyətlərə əməl olunmasına səsləyir.

Teatr isə insanlara yaxşını və pisi, ağ və qaranı, hörmət və ehtiramı, dost və düşməni, doğru və yalanı, riyakarlığı və xəyanəti və bütün bulardan (yaxşı və ya pis) çıxış yollarını canlı şəkildə insanlara göstərir. Əvvəlki yazılarımın birində aktyorları böyük Allahımızın yer üzərinə göndərdiyi mələklər adlandırmışdım. Əgər belə olmasa idi yəqin ki, teatr sənəti heç nəyə və heç kimə lazım olmazdı. Hər bir teatr xalqın keçmişini, bu gününü, mədəni və intillektual səviyyəsini dünyaya tanıdan bir müqqədəs ocaqdır ki, istisinə qızınırıq və qızındıqca dünyanın yeddi rəngini görməyə başlayırıq.

Mən bu gün sizi mələklərin yaşadığı bir ocaqla və onların yeni tamaşaya hazırladığı, böyük Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan “İmadəddin Nəsimi” tamaşası ilə tanış edəcəyəm. Tamaşanı Bakı Bələdiyyə teatrı hazırlayıb. Xalq yazıçısı İsa Muğannanın “Məşhər” romanının  motivləri əsasında Çingiz Ələsgərli tərəfindən səhnələşdirilib. Əsər dramaturji cəhətdən zəifdir. Sırf İmadəddin Nəsiminin həyatını əks etdirən əsərdə Çingiz Ələsgərli  Nəsiminin iç dünyasın böyüklüyünü tam şəkildə açmamışdır. Tamaşaya baxdıqda   bütün bunlar özünü büruzə verir. Lakin bütün bunlara baxmıyaraq qısa bir müddətdə belə bir əsərin ortaya çıxması böyük bir zəhmət tələb edir. Bütün dramaturji əsərlərin yazılma prinsiplərinə cavab verən bu əsərə görə biz Çingiz müəllimə çox sağ olun deməliyik.

Teatrın qayğı və səliqə ilə hazırladığı bu tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovun zəhməti danılmazdır. Tamaşanın dekorları nəfis və təqdirəlayiq işlənmişdir. Geyimlərin dövrə uyğun  hazırlanması ilk baxışdan  diqqəti cəlb edir. Tamaşada səhnə tərtibatını və misiqisini quruluşçu rejissor obrazlı məntiqlə birləşdirmişdir. Rejissor işinin təsirli çəhətlərindən biri də odur ki, o, səhnə ilə tamaşaçı arasında üzvü əlaqə yaradır. Yəni tamaşaçı sanki özünü  səhnədə baş verən hadisələrin içində hiss edir. Tamaşanın qüvvətli cəhətləri çoxdur və gərgin maraqla baxılır.

Rejissorun əsas nailiyyəti ondan ibarətdir ki, dramaturqun əsas fikri tamaşada öz yerini tapsın, obrazların mahiyyəti açılsın, bütün diqqət  bədii ümumiləşdirilmələrə yönəldilsin. Tamaşanın quruluşcu  rejissoru M.Fərzəlibəyov pyesdəki hadisələri intellektual  dram səpkisində şərh etmişdir. Aktyorlar - əməkdar artistlər Hüsniyyə Mürvətova (Fatma), Aydın Əliyev (Nəimi), aktyorlar-Ülviyyə Rza (Əzra), İlqar Musayev (Əmir Teymur) və Zülfiyyə Qurbanova (Zəhra) xarakterlərinin qorxu, təşviş və iztirablarını təbii canlandırır, tamaşaya bədii bütövlük gətirirlər. Tamaşanın bədii bütövlüyünün yaranmasında musiqi parçaları müstəsna rol oynayır və obrazların daxili hisslərinin açılmasına kömək  edir. Bütün bunlar əlbəttə ki, çox yaxşıdır. Lakin qəbul olunmayan və tövsiyə ediləcək problemlər də az deyil.

Haşiyə: Səhnə əsərinin əsas qayəsi aktyorla yoğrulur. Yerdə qalanlar- dekorlar, işıqlar, geyimlər və s. tamaşaçını seyr edəcəyi sənət əsərinin dövrü məkanından, zaman  xüsusiyyətlərinin cərçivəsindən baxmağa dəvət edir və tamaşacı da bu dəvəti çox məmnuniyyətlə qəbul edir. Amma təsəvvüründə yaratdığı obrazı, təsəvvüründəki ( heç olmasa) obraz kimi görməyəndə o, sınır, bəlkə də uzun zaman heç bir tamaşaya baxmır. Beləliklə də hər tamaşada biz bir neçə tamaşaçını itirsək bir müddətdən sonra teatrlarda tamaşaçı qıtlığı yaranacaq ki, hal-hazırda teatrlar bu vəziyyətdədir. Anatoli Efros “Peşə: Rejissor” adlı dərslikdə  dramaturgiyadan bəhs edərək deyirdi ki, niyə indi dramaturqlar və rejissorlar adamları narahat etməkdən qorxurlar.Yaqonu Yaqo kimi göstərmir? Niyə əsərlər mütləq xoş sonluqla bitməlidir, məgər günümüzün tamaşaçısı Şekspir dövrünün tamaşaçısından zəifdir?

Doğrudanda bəzən  səhnədə xarakter əvəzinə sxem, hisslərə, duyğuya, əqlə təsir qəhrəman yerinə bu “vəzifəni” daşıyan personaj görürük. Bir də axı hadisənin formal olaraq qəhrəmanın xeyrinə bitməsi hələ ümumi  problemin müvəffəqiyyətli həlli demək deyil. Əsas məsələ -şüurda, psixalogiyada, bir sözlə, mənəviyyatda yaranan dəyişiklikdə, ictimai ideallara yüksək əxlaqi münasibətdədir.

Amma yaxşı olmayan  və tövsiyə ediləcək problemlər də az deyil.

Qəddi-qaməti, geyimi, qrimi və başqa atributlar aktyor oyununa kömək eyləyən vasitələrdir. Bütün bunlar Nəsimi obrazını ifa edən aktyorda ( Tural Əhməd) vardır. Ədəbiyyatdan da məlumdur ki, Nəsimi məhəbbət şairi,öz idealları uğrunda mübarizə aparan bir qəhrəmandır. Öz dövrünün sevilib seçilən, bütün şərq aləmində hörmət və ehtiram sahibi olan bir lirik, filosof şairdir. Tamaşanin əvvəlində Nəsiminin səhnəyə gəlişi tamaşaçıya xoş təsir bağışlayır. Çünki, bu Nəsimi gözümüzün alışdığı  Nəsimidən şox fərqlidir. Zahiri görünüşü nə qədər xoş təsir bağışlasa da, aktyorun oyununda tamaşaçıya şairin iç yanğısını, lirikasını, ruhunu çatdırmağa calışsa da, bu bəzi səhnələrdə alınmırdı, quru və sönük  görünürdü. Rejissor tərəfindən verilən mizanlarla kifayətlənir. Aktyorun belə oyunu, tərəf müqabilinin də oyununa mane olur. Obrazın daxili tempa ritmi ilə tamaşanın  tempa ritmi arasında uyğunsuzluq vardır. Bütün bunlara baxmayaraq Nəsiminin (Tural Əhməd)  uğurlu səhnələri də az deyil. Nəimi ilə görüş səhnəsini  xüsusi ilə qeyd etmək istərdim. Yəqin ki, tamaşa oynanıldıqca hər bir obraz öz qəlibinə düşəcək.

Haşiyə:  Aktyorun daxili tempi ilə tamaşanın tempi bir-birini tamamlamırsa və yaxud üst-üstə düşmürsə deməli ya aktyor verilən yükü daşıya bilmir, ya da rejissorun aktyorla iş prinsipi düzgün qurulmayıb. Hər bir tamaşanın süjet xəttinin və ideyasının aparıcı musiqisi (leytimotiv) olduğu kimi, tamaşadakı hər bir obrazın da öz daxili musiqisi vardır. Bu daxili musiqini isə rejissor yox məhz aktyor özü tapmalıdır. Bütün bunlarsa  məşq prosesində deyil, aktyorun rol üzərində işi zamanı meydana gəlir. Əgər aktyor verilən rolun daxili məziyyətlərini (danışıq tərzini, səs tembrini, yerişini, paltarını və onun rəngini, qrimini) əsərin ideyasına uyğun tapa bilibsə bu aktyorun sonrakı uğuruna dəlalət edir. Heç bir rejissorun borcu deyil ki, aktyora məşq zamanı mizan versin. Bu o zaman baş verir ki, rejissor aktyorun on gün əvvəlki məşq prosesi ilə bu günki məşq prosesi arasında heç bir fərq olmadığını görür. Bax onda rejissor tamaşanın xatirinə aktyora mizan verməyə məcbur olur və  tamaşa zamanı  həmin aktyorun oyunu tamaşaçının diqqətindən qaçmır.

Tamaşada ustalıqla performans sərgiləyən aktyorlar yetərincədir. Nəimi rolunun ifaçısının (Aydın Əliyev) səhnəyə hər gəlişi alqışla, rəğbətlə qarşılanırdı. Xüsusən Nəimi ilə Nəsiminin görüş səhnəsini xüsusi qeyd etmək istərdim. Onların bir birinə olan sanki ata və övlad sevgisi tamaşaçıda onlara qarşı böyük rəğbət hissi doğurur. Aktyor obrazlı bədii ifadə tərzinə məharətlə yanaşmışdır. Hər bir hərəkəti müəyyən bir məna kəsb eyləyən aktyorun ölümə gedərkən boynuna saldığı şərfi Nəsimiyə bağışlaması Nəiminin Nəsimi qüdrətinə olan böyük inamın, etibarın təzahürüdür. Aktyor obrazın mənəvi ruhunu bir tablo halına salaraq qiymətli bir sənət əsəri kimi təqdim etməyi bacaran, sənətinə hörmət və ehtiramla yanaşma sənətkarlardandır.

Tanınmış rejissor və pedaqoq Nəsir Sadıqzadə deyərdi : “Rejissor işinin böyüklüyü tamaşada oynayan aktyotların mahir və məharətli oyunundadır. Standart səhnədə gözəl dekorlu, əla geyimləri, işiqları  və musiqiləri tam yerində olan bir tamaşada aktyor oyunu zəifdirsə deməli bu aktyorun  günahıdır”.

Tamaşada əsas rollardan biri olan Fatimə obrazının ifaçısı Hüsniyyə xanım Mürvətovadır. Aktrisa çox peşəkarlıqla yaratdığı rolunun lirik təbiətini  emosionallıqla canlandırır. Aktrisanı fərqləndirən cəhətlər kifayət qədərdir. Səhnədəki cevikliyi, təklif olunan vəziyyətə uyğun dəyişmə  və yaşam hissi, təbii, ifadəli oyun tərzi ilə seçilir, rolunun yükünü məharətlə daşıyır. Sadaladığım bütün bu keyfiyyətləri Əzra (Ülviyyə xanım) haqqında da söyləmək olardı. Ülviyyə xanım hələ gənc olsa da, özünü peşəkar bir aktrisa kimi göstərə bildi.

İlqar Musayevin oynadığı Əmir Teymur obrazını xüsusi qeyd etmək istərdim. Sənəyə ilk gəlişində fikirləşirdim ki, görəsən bu gənc aktyor belə mürəkkəb bir rolu necə oynayacaq? Mükəmməl oyunu ilə bütün tamaşaçılar kimi məni də valeh etdi. Öz rolunu zərgər dəqiqliyi ilə işləyib tamaşaçıya təqdim eləyən aktyorun uğurları  hələ çox olacaq.

Tamaşada Rafiq İbrahimov (İbrahim şah), İsmayıl Atakişiyev (Şeyx Əzəm), Toğrul Rza (Gövhər Şah), Mehman Abdullayev (Yusif) və Əhməd Salahov (Həmzə)  öz  obrazlarını qadir olduqları səviyyədə oynadılar.

Tamaşanın əvvəlindən sonunadək verilən tüstü həm aktyorlara həm də tamaşaçılara mane olurdu. Bəzən aparatın səsi iştirakcıların səsini üstələyirdi.

Sonda  səhnəyə göydən qlobusun düşməsi fikir kimi qəbul edilə bilər. Lakin onun səhnədə istifadəsi olduqca kobud və yersiz görünür.

Tamaşa var, tamaşa baxılır və baxılacaq. Bütün kollektivə uğurlar arzulayıram.

- Bəzən onlar darıxır, bəzən də saatlarla düşünür, qrim masasının arxasında oturub oynayacağı obrazın əsərdən kənar həyat tərzi görməyə çalışır, bəzən də öz doğma evində belə rahatlıq tapa bilmirlər. Bax onda getməyə bircə məkanları qalır. İstisinə qızındıqları ocaqları...

Nə yaxşı ki, teatr var, nə yaxşı ki, ocaqların odunu, közünü göz bəbəkləri kimi qoruyub saxlayan məsum mələklər var... Ocaqlarınızın közü heç zaman sönməsin...

Hikmət  Nəbili,

əməkdar mədəniyyət işçisi

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net