Abdullah Öcalandan PKK-ya növbəti çağırış – “Silahın yox, siyasətin gücünə inanıram” | 1news.az | Xəbərlər
Dünya

Abdullah Öcalandan PKK-ya növbəti çağırış – “Silahın yox, siyasətin gücünə inanıram”

Qafar Ağayev11:21 - Bu gün
Abdullah Öcalandan PKK-ya növbəti çağırış – “Silahın yox, siyasətin gücünə inanıram”

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan bu gün növbəti dəfə təşkilat üzvlərinə silahlı mübarizədən imtina etməyə çağırış edib.

1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Abdullah Öcalan İmralı həbsxanasından videobağlantı vasitəsilə PKK üzvlərinə müraciət edərək, dərhal tərksilah prosesinə başlamağı tövsiyə edib.

“Mən silahın gücünə deyil, siyasətin gücünə inanıram. Sizi də bu prinsipə əməl etməyə çağırıram”, – deyə o, çıxışında bildirib.

Öcalan çıxışında bildirib ki, Kürdüstan Fəhlə Partiyası (PKK) artıq milli dövlət yaratmaq iddiasından əl çəkib, hərbi strategiyasını dayandırıb və faktiki olaraq fəaliyyətinə son verib.

Qeyd edək ki, bu, Öcalanın ilk tərksilah çağırışı deyil. Son illərdə DEM Partiyası nümayəndələri İmralı adasında onunla bir neçə dəfə görüş keçiriblər. Həmçinin, Türkiyə Prezidenti də DEM Partiyasının təmsilçilərini qəbul edib və bu mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Abdullah Öcalan 1999-cu ilin fevralında Türkiyə Milli Kəşfiyyat Təşkilatının Keniyada keçirdiyi əməliyyat zamanı saxlanılaraq Türkiyəyə gətirilib. Əvvəlcə ölüm cəzasına məhkum edilən PKK liderinin hökmü sonradan ömürlük həbslə əvəz olunub. O, 26 ildir İmralı adasındakı həbsxanada cəza çəkir.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər