1news.az

Vüqar Rəhimzadə: Dövlət siyasətində insan amili prioritetdir

5 Avqust saat 17:30 ~ 6 dəqiqəlik oxu 3390
Vüqar Rəhimzadə: Dövlət siyasətində insan amili prioritetdir

“Dünyanı bürüyən koronavirus infeksiyasının ölkələrin iqtisadi və sosial durumuna təsiri inkaredilməzdir. Mübarizə tədbirlərinə başlandığı gündən hər bir dövlət öz imkanlarından maksimum istifadə etməklə yaranmış vəziyyətdən  çıxmaq üçün yollar axtarır. Azərbaycan dövlətinin ilk gündən atdığı addımlar bu itkilərin miqyasının genişlənməməsini stimullaşdırdı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında  bildirib.

“Belə ki,  dövlətimizin başçısı İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”  19 mart  2020-ci il tarixli  Sərəncamı, bu sənədin  icrası ilə bağlı 4 sektoru və 20 fəaliyyət sahəsini əhatə edən 10 proqramın icrasına başlanılması ölkəmizin möhkəm iqtisadi bazaya malik olduğunu, məhz bu bazaya  əsaslanaraq   genişmiqyaslı iqtisadi və sosial paket həyata keçirdiyini bir daha təsdiqlədi. Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait təqribən 3.5 milyard manatdır. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri 5 milyona yaxın vətəndaşı əhatə edir. Prezident İlham Əliyev ilk gündən  bu çağırışı etdi ki, genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq”.

V.Rəhimzadə qeyd edib ki, koronavirus infeksiyasının yaratdığı çətinliklərə baxmayaraq ölkəmizdə  islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır: «Atılan addımlar ölkə iqtisadiyyatının möhkəm təmələ əsaslandığını böyük əminliklə söyləməyə əsas verir. 2003-cü ildən bəri  enerji sektorundan asılılığın minimuma endirilməsi prioritet məsələ kimi öndə saxlanıldı. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri günümüzün reallıqlarında  öz əksini tapır. Belə ki, regionların inkişafı öz  prioritetliyini qorudu. Dövlətimizin başçısı İlham Əliyevin regional inkişaf proqramların icrası ilə yaxından tanışlıq, eyni zamanda,  vətəndaşlarla birbaşa ünsiyyətdə olmaq məqsədilə bölgələrə davamlı səfərləri, hər bir səfərin yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalması bir daha bu  reallığı təsdiqləyir ki, insan amili dövlət siyasətinin əsasında dayanır.  Ölkəmiz hər bir çətinlikdən uğurla çıxmaq üçün malik olduğu  inkişaf modelinin nümunəviliyini bir daha dünyaya nümayiş etdirir.  Dövlətimizin başçısı İlham Əliyev  cari ilin əvvəllərində bu əminliyi  ifadə etmişdir ki, 2020-ci il də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü  kimi yadda qalacaq.»

Diqqəti pandemiya dövründə məşğulluğun və  sosial rifahın dəstəklənməsi sahəsində görülən tədbirlərin nəticəsində əldə olunan sosial-iqtisadi göstəricilərə  yönəldən V.Rəhimzadə qeyd edib ki,  bu müddətdə  dövlət və özəl sektorda muzdla çalışanların iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması, özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığının verilməsi və artıq 320 min şəxsin bu dəstəkdən yararlanması, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatlarının qurulması işlərinin həyata keçirilməsi, xüsusi karantin rejimi müddətində  ünvanlı  dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın müddətinin uzadılması, ünvanlı  sosial yardım alan ailələrin sayının  artmaqda davam etməsi, həmçinin sərt karantin rejimi  dövründə  yaşı 65-dən yuxarı olan  vətəndaşların  sağlamlığının qorunması məqsədilə evdə qalmalarının təmin olunması üçün  onlara sosial xidmətlərin göstərilməsi, 15 mindən çox tənha yaşlının  sosial xidmətlərlə əhatə olunması və sair deyilənlərin bariz nümunəsidir.

«Qeyd etdiyimiz kimi, pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı ilk gündən  Azərbaycan ən böyük iqtisadi dəstək proqramını - pandemiyanın iqtisadiyyata  mənfi təsirini minimuma endirəcək,  makroiqtisadi sabitliyi qoruyacaq, vətəndaşların sosial müdafiəsini təmin edəcək paket hazırlayıb icrasına start verməklə bir daha   iqtisadi və sosial  imkanlarını  təqdim etdi» söyləyən V.Rəhimzadə vurğulayıb ki, son 16 ildən artıq dövrün  sosial-iqtisadi göstəriciləri Azəbaycanın hər bir çətinlikdən uğurla çıxmasının aydın mənzərəsini yaradır: «2008-ci ildən dünyanı bürüyən  iqtisadi və maliyyə böhranından Azərbaycanın hansı nəticələrlə çıxdığını yada salmaq kifayətdir. Həmin illərdə  ölkəmiz iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Bunu şərtləndirən əsas amil isə  yenə də iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması idi.  Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Valyuta ehtiyatlarımız 52 milyard dollar təşkil edir.  Yoxsulluq həddi 49 faizdən 4,8 faizə enib. Təbii ki, bu nailiyyətlər dövlətimizin uğurlu, təkmil sosial-iqtisadi islahatlarının, insan amilinə verilən dəyərin, iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanmasının nəticəsidir.»

V.Rəhimzadə  bildirib ki, pandemiya dövründə  dövlətimizin başçısı İlham Əliyev ilk gündən iş yerlərinin sayının azaldılmamasını qarşıya əsas hədəf kimi qoydu: «Bu məqsədlə  işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal  işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı həyata keçirilib.  Prezident İlham Əliyev daim bu çağırışı edir ki, ölkənin sosial-iqtisadi vəziyyəti əhalinin demoqrafik vəziyyəti ilə uyğunlaşmalı, yeni iş  yerlərinin yaradılması daimi proses olmalıdır. Möhtərəm Prezidentimizin tapşırıqları  məhz 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramının icrasına yol açdı. Bu sənədlərin hər birinin əhatə etdiyi istiqamətlərdə əldə ediləcək  nəticələr cari ilin əvvəlində dövlətimizin başçısı İlham Əliyevin  2020-ci illə bağlı nikbin fikirlərinin reallıqda təsdiqi olacaq.»

Baş redaktor belə bir ümumiləşdirməni aparıb ki, dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün zəruri addımlar atılıb və hazırda atılmaqdadır: «Pandemiya dövründə «ASAN xidmət», DOST mərkəzlərinin coğrafiyasının genişləndirilməsi də diqqətdən kənarda qalmır. Əsas məqsəd  insanların sosial müdafiəsini gücləndirmək, rahatlıqlarını təmin etmək, ən əsası vətəndaş məmnunluğunun artırılmasıdır. Möhtərəm Prezidentimizə ünvanlanan təşəkkür məktublarında da  ölkə vətəndaşları bu  məqamı xüsusi qeyd edirlər ki, atdığı hər addımında xalqını düşünən, ən çətin anlarda belə vətəndaşının yanında olan Prezidentimizə milyonların sevgisi günümüzün reallığıdır. Məhz dövlət-vətəndaş birliyinin, həmrəyliyinin möhkəmlənməsi fonunda  koronavirus bəlasından uğurla çıxacaq, postpandemiya dövrü üçün hədəflənmiş məqsədlərə yüksək səviyyədə nail olacağıq.  Reallıq budur ki, Azərbaycan bu çətin anlarda da  sosial dövlət imicini qoruyur və bu imicə  yeni əlavələr edir».

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net