Praqada Ermənistanın Azərbaycana təcavüzünə qarşı aksiya keçirilib – FOTO
Çexiyanın paytaxtı Praqada Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını tələb edən sülhməramlı aksiya keçirilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Praqada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi tərəfindən turistlərin ən çox səfər etdiyi Çexiya Prezident sarayının qarşısında keçirilən aksiyada azərbaycanlı gənclər tərəfindən Ermənistanın işğalçı hərəkətlərini pisləyən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə çağıran, işğalçı Ermənistan qoşunlarının ölkəmizin ərazisindən çıxarılmasını və işğala son qoyulmasını tələb edən şüarlar səsələndirilib.
Sülhməramlı aksiya zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü, xüsusilə cari ilin aprel ayının əvvəllərində Ermənistan qoşunlarının təmas xətti boyunca təxribat xarakterli hücumları, Azərbaycan mövqelərinin atəşə tutulması, dinc sakinlərimizin qətlə yetirilməsi haqqında müvafiq məlumat vərəqləri yerli sakinlər və turistlərə paylanılıb.
Sülhməramlı aksiya ilə bağlı Çexiya prezidentinə ünvanlanan petisiya tərtib edilib və aksiya iştirakçıları tərəfindən imzalanıb.
Aksiya azərbaycanlı tələbə və gənclər tərəfindən ölkəmizin himninin oxunması ilə başa çatıb.
1news.az