Fazil Məmmədov: “Vergi Məcəlləsinə dəyişikliklər vergi yükünü azaldacaq”
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyətinin vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət edəcək.
Bunu bu gün Vergilər Nazirliyininkollegiyaiclasda çıxış edən vergilər naziri Fazil Məmmədov qeyd edib.
Onun sözlərinə görə, dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinin təşviqi də vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir.
“Bundan əlavə, aparılan sosial-iqtisadi siyasətə uyğun olaraq ölkə üzrə yaşayış minimumu və əmək haqları davamlı olaraq artırılır. Aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticədə həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olur. Əmək haqlarına tətbiq edilən vergi güzəştinin şamil olunduğu vergi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişiklik əhalinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək və əmək haqlarının leqallaşmasını təşviq edəcək. Bu vergi güzəştindən həm dövlət, həm də özəl sektorda çalışan 500 mindən artıq insan faydalana biləcək”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər 1 yanvar 2016-cı ildən qüvvəyə minir.
1news.az