Sahibkarlar üçün ABİF kreditləri üzrə dövlət zəmanətinin məbləği müəyyənləşib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sahibkarlar üçün ABİF kreditləri üzrə dövlət zəmanətinin məbləği müəyyənləşib

1news Redaksiyası11:07 - Bu gün
Sahibkarlar üçün ABİF kreditləri üzrə dövlət zəmanətinin məbləği müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2026-cı il tarixli Sərəncamı ilə zəmanət mexanizmi çərçivəsində sahibkarlıq subyektlərinə veriləcək kreditlərin ümumi portfelinin həcmi 500 milyon manat müəyyən edilib.

1news.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb. 

Sərəncama əsasən, həmin portfel üzrə dövlət zəmanəti ilə təmin ediləcək məbləğin yuxarı həddi isə 250 milyon manat təşkil edəcək.

Mexanizm Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçiriləcək.

Sərəncama əsasən, müəyyən edilən göstəricilər Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri, Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə şamil olunur. Mexanizm 2030-cu il dekabrın 31-dək pilot layihə kimi tətbiq ediləcək.

Sənəd Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 9 iyun tarixli 680 nömrəli “Sahibkarlıq subyektlərinə verilən kreditlərə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bu sahədə Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Sərəncamdan irəli gələn məsələlərin həlli İqtisadiyyat və Maliyyə nazirliklərinə tapşırılıb.

826s nömrəli Sərəncamı Bakı şəhərində Baş nazir Əli Əsədov imzalayıb. Sənəd imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, Prezidentin 2026-cı il 9 iyun tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun sahibkarlar tərəfindən manatla götürülən kreditlərə təminat verilməsi və həmin kreditlər üzrə hesablanmış faizlərin subsidiyalaşdırılması sahəsində səlahiyyətləri Azərbaycan Biznesinin İnkişafı Fonduna verilib.

Həmin Fərmana əsasən, müvəkkil təşkilatlar tərəfindən sözügedən mexanizmlər çərçivəsində verilən kreditlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 13 faiz müəyyən edilib. Hesablanmış illik faiz dərəcəsinin 50 faizi isə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər