Maliyyə Nazirliyi Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvetmə balansını təsdiqləyəcək

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvetmə balansını və qalıq əmlakının bölüşdürülməsi planını əks etdirən hesabatı təsdiq edəcək.
1news.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 3 noyabr 2026-cı il tarixli sərəncamında qeyd olunub. 824s nömrəli sənədi Azərbaycanın Baş naziri Əli Əsədov imzalayıb.
Hesabat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.8-ci maddəsinin tələblərinə uyğun olaraq təsdiqlənməlidir. Sərəncamdan irəli gələn digər məsələlərin həlli də Maliyyə Nazirliyinə həvalə edilib.
Dəyişikliklər Nazirlər Kabinetinin 2024-cü il 6 fevral tarixli 95s nömrəli sərəncamına edilib. Həmin sərəncam Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 31 yanvar tarixli 2459 nömrəli “Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2022-ci il 16 iyul tarixli 1751 nömrəli fərmanının ləğv edilməsi barədə” fərmanının icrasını təmin etmək məqsədi daşıyır.
Dəyişikliyə əsasən, 95s nömrəli sərəncamın 2-ci hissəsinin birinci abzasından “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi” sözləri çıxarılıb. Həmin hissə 2.1-ci bənd hesab edilib və bəndin sonunda nöqtə nöqtəli vergül işarəsi ilə əvəzlənib.
Bununla yanaşı, sərəncama Maliyyə Nazirliyinə müvafiq tapşırıqları nəzərdə tutan 2.2 və 2.3-cü bəndlərdən ibarət yeni 2-ci hissə əlavə olunub.
Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq qəbul edilib və imzalandığı gündən qüvvəyə minib.











