Ətraf mühitlə bağlı qanun pozuntularına görə 815 akt və 263 protokol tərtib edilib
2015-ci il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində qeydə alınmış qanun pozuntusu faktlarına görə təqsirkarlara qarşı 815 akt və 263 protokol tərtib edilib.
1news.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, qanun pozucularına görə inzibati qaydada 169630 manat məbləğində cərimə tətbiq edilib. Tədbir görülməsi üçün 18 iş hüquq-mühafizə orqanlarına, 149 iş isə aidiyyəti üzrə rayon məhkəmələrinə və icra bölmələrinə göndərilib.
O cümlədən, cari il ərzində qanunsuz ovla bağlı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında brakonyerliklə məşğul olan şəxslərə qarşı 63 akt və 63 protokol tərtib edilərək, onlardan 57 ov silahı və 250 patron götürülüb. Təqsirkar şəxslərə qarşı 67800 manat məbləğində cərimə tətbiq edilib.
Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidməti tərəfindən 11 akt və 11 protokol tərtib edilərək, qanun pozucularına qarşı 8400 manat məbləğində cərimə və iddia tətbiq olunub.
1news.az