Azərbaycanda ilk LGBT jurnalının təsisçisi: “Qoy hər bir homoseksual daxilindəki xoruzu qucaqlasın və ona sevinsin”
Zənnimcə, müasir cəmiyyətin ən ağrılı yeri, ətrafında bitməyən söz-söhbətlər mövzusu olan qeyri-ənənəvi orientasiyadır.
Əgər homoseksual öz mənsubluğunu gizli saxlayarsa, bu, onun cəmiyyət tərəfindən hücumə məruz qalmasından qoruya bilər. Yox, əgər o, bunu açıq-aşkar bəyan edərsə, həmin an o, kərpiş və qınamalardan ibarət yağışa qərq olar.
Seksual azlıqlarla Azərbaycan ictimaiyyəti arasında yaranacaq anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə bir neçə müddətdir ki, onlayn “Minority” LGBT jurnalı dərc edilib.
Jurnalın konsepsiyası haqda təsisçi və baş redaktor Səməd İsmayılzadə məlumat verdi. O, hazırda Amerikada yaşayır və jurnalın yeni buraxılışına distans olaraq qoşulur.
- Səməd hazırda ölkədən kənarda təhsil alırsınız. Azərbaycandan getməyinizə burada seksual azlıqlara olan münasibətlər səbəbdirmi?
- Xarici ölkədə yaşamağımın əsas səbəbi təhsil almağımdır. Hazırda mən magistr pilləsində təhsil alıram. Bakıda isə hər zaman mehriban, xeyirxah, mədəni və savadlı insanların əhatəsində olmuşam. Məhz onlar xaricə getməyimdə, ölkədən kənarda təshil almağımda, başqa dünyanı görməyimdə mənə stimul veriblər... Lakin, sirr deyil ki, cəmiyyətimiz heç də homoseksuallar üçün mehriban məkan deyil. Və gözəl şəhərimizin parlaq gecə işıqları da heç kəsi dediklərimin əksinə inandıra bilməz.
- Başlıca olaraq nəyi nəzərdə tutursunuz? İşədüzəltmə və ya ətrafdakıların münasibətini ilə bağlı problemləri və ya nəsə başqa bir şeyi?
- Əminəm ki, ölkəmizin hər bir vətəndaşı bu suala asanlıqla cavab verə bilər – davranış modeli belədir ki, əgər insan özü-özünə qarşı dürüstdürsə və yalandan ətrafdakıların gözündən pərdə asmırsa bu, ortastatistik azərbaycanlı üçün inqilaba bərabərdir. Belə olan halda “Bu necə ola bilər?”, “Sən bunu necə edə bilərsən?” kimi suallar ətrafdakıların ilk reaksiyası olacaq.
O yerdə ki, kişi anasının seçib-bəyəndiyi qızla evlənir (əks halda bir müddət sonra boşanmağa məcbur olacaq), o yerdə ki, ailə həyatı qurmayan otuz yaşlı qız özünü yadplanetli kimi hiss edir, o yerdə ki, qonşular, qohumlar əsas hakimlərdir, seksual azlıqlara qarşı qərəzli münasibət normal görünür. Homoseksualları sıxışdıranlar da məhz qohum və qonşuların sözündən çıxa, istədikləri kimi yaşaya bilmədikləri üçün incik olan kəslərdir.
Mənə elə gəlir ki, (təbii ki istisnalar var və bu, işin fəaliyyət növündən asılıdır) heç kəs lesbiyan və ya geylə işləmək istəməz, o ki qaldı transseksual ola. Heç kəs istəməz ki, onun övladına homoseksual biri təhsil versin və ya lesbiyan müalicə etsin. Heç bilmirəm belə halda kimə daha çox acımaq lazımdır: “hər kəs tərəfindən qəbul olunmuş əxlaq”ın kölgəsində gizlənməkdən başqa çarəsi olmayan axlıqlara və ya buna səbəb olan çoxluğa.
- Azərbaycanda seksual azlıqlarla bağlı ilk jurnalın yaranması haqda ideya, onun fəlsəfəsi və istiqaməti haqda fikirlər necə yaranıb?
- Təəssüflə deyərdim ki, artıq XXI əsrdəyik, lakin Azərbaycanda ilk LGBT jurnal isə 2016-cı ildə yaranıb.
Mən təbiətcə cəsarətli adamam, lakin öz addımımı cəsarətli adlandıra bilmərəm. Əgər seçim yoxdursa bu, cəsarət deyil, ehtiyacdır. Yerli KİV-də LGBT nümayəndələrinin adı ya kriminal xəbərlərdə, ya da milli şou-biznesdən kimisə eynicinsli münasibərdə şübhəli biləndə çəkilir. Bu da təbii ki, ictimaiyyət arasında o insanlara qarşı neqativ münasibət yaradır. Cəmiyyətə qeyri-ənənəvi oriyentasiyadan olan insanlar haqda düzgün məlumat verən mənbə olmalıdır ki, burada onların əsl simaları canlandırılsın. Belə ki, onlar arasında alim, yazıçı, rəssam, musiqiçi – bir sözlə, dünyamınızı rəngləndirən insanlar var.
Jurnalımızın fəlsəfəsi də bundan ibarətdir. Oxucuya homoseksual, transseksual və digər seksual azlıqların düntasına alternativ baxış şansı tanısın.
- Jurnalın ilk sayında milli geyimdə əlində xoruz olan kişi əks olunub. Bu, həddindən artıq cəzbedici deyilmi?
- Mən bu şəkil üzərində seçimimi təsadüfən saxlamadım. Milli geyimdə, əlində xoruz tutan kişinin rəsmi dərin məna daşıyır. Əlbəttə, biz azərbaycanlılarda bu, gülüş və istehza doğurur. Lakin, məsələn, Fransada məsələ başqa cürdür.
Xoruz Fransanın rəsmi dövlət simvoludur. O simvol özündə fransız xalqının demək olar ki, bütün xüsusiyyətlərini əks etdirir: o rəngarəngdir, eleqantdır, göstərişlidir, ünsiyətçildir, öz şəxsiyyətinə diqqət tələb edir və daima o diqqəti görür, bununla yanaşı hər zaman öz fikrini mütləq ifadə edir, öz görünüşünə fikir verir. Həmçinin xoruz günəş və alov obrazı ilə əlaqələndirilir, özündə ruh yüksəkliyini və döyüşçü ləyaqətini təcəssüm edir.
Xoruz olmaqdan niyə qorxur homoseksuallar? Rəngli, çılğın, hər zaman özünü və ətrafını müdafiəyə hazır, cəsur bir quş niyə təhqir olsun axı? Homoseksualların bu sözü sevmələri mütləqdir. Əks halda özlərini daim alçaldılmış, zəif, sınmış hiss edəcəklər. Öz rənglərinin ahəngi ilə harmoniya yaratmaqları və ətrafdakıların bu rəngləri görüb, valeh olmaları, qorxmaqları bəzən isə çəkinərək onları “xoruz” adlandırmaları məncə gözəl bir şeydir. Hər bir homoseksual daxilindəki xoruzunu qucaqlasın, onunla barışsın, sevinsin. Xoruz olmaq, adlandırılmaq və o cür görünmək əslində rəngli olmaq, fərqli olmaq deməkdir. Və siz bunu dərk etdiyiniz an, bununla razılaşdığınız an bütün “xoruz” deyib sizi təhqir etməyi niyyətləmiş kəsləri silahsız qoyursunuz və bu xoşbəxtlikdir. Daha da önəmlisi isə xoruzların hər səhər hər kəsdən əvvəl oyanaraq gur səslə başqalarını oyatmaqları mütləq qalibiyyətdir, inqilabdır!!!
- Bəziləri deyir ki, seksual azlıqların nümayəndələri belə doğulur, başqaları əmin edir ki, onlar orientasiya həyat presesində kənar təsirlər və digər faktorlarların təsiri ilə dəyişə bilər. Bununla bağlı nə deyə bilərsiz?
- Problem ondadır ki, bu haqda danışan çoxdur, lakin bu mövzunu araşdıran çox az insan var. Homoseksuallığın yaranmasının müxtəlif səbəbləri var: psixoloji, genetik, antropoloji və s. ola bilər. Lakin psixoloqlar çoxdan oriyentasiyanın formalaşmasında tərbiyə, yaxud uğursuz sosial şəraitin təsirini inkar edib. Belə ki, lesbian və geylərin böyük əksəriyyəti heteroseksual valideynlər tərəfində tərbiyə olunub. Homoseksual valideynlərin tərbiyə etdiyi uşaqlar isə böyüyəndə heteroseksual olurlar.
Homoseksuallar adətən eynicinsli istəklərinin olduğunu cinsi yetişkənlik dövrünə qədər, hətta ilk seksual təcrübələrindən öncə dərk edirlər. Heyvanlar arasında homoseksual davranışların aşkar olunması belə bir faktı sübut etdi ki, bu hal təbiətə zidd deyil. Kanadalı alim Entoni Boqartın son tədqiqatları təsdiq etdi ki, seksual oriyentasiyanın formalaşmasına təsir edən həlledici amil bətndaxili inkişaf zamanı ortaya çıxır. Sadə dillə desək, homoseksuallıq anadangəlmə xüsusiyyətdir, fərdin həyatı boyunca dəyişilmir. Genetik səbəbləri araşdırmaq üçün gey qardaşlar və ekiz geylər arasında araşdırma aparılıb. Tədqiqatın nəticələri göstərib ki, X xromosomdakı müəyyən gen oriyentasiyaya təsir edə bilər. Lakin bu sahədə araşdırmalar hələ də davam edir.
- Sizin jurnal əhali arasında sosial sorğu aparıb və öyrənməyə çalışıb ki, insanlar övladlarının qey yaxud lesbian olduğunu öyrənsə necə reaksiya verər. Sorğunun nəticələri gözlənilməz oldu,yoxsa siz belə bir reaksiyanı gözləyirdiniz?
- Xalqımızın psixologiyasına çox yaxşı bələdəm. Bilirəm ki, insanlarımız əsasən, mehriban və geniş ürəklidir. Lakin elə məqamlar var ki, onlae haqqında ümumiyyətlə düşünmək istəmirlər. Məsələn, övladlarının qeyri-ənənəvi oriyentasiya ilə doğulduqları halda nə edərdilər. Əslində biz reaksiyanın necə olacağını bilirdik, sadəcə cəmiyyətə bu məsələ ilə bağlı güzgü tutmaq qərarına gəldik. Lakin mahiyyət bunda deyil. Biz insanları düşünməyə ( bu videonu 50000 insan izləyib) və bu suala cavab axtarmağa çağırdıq. Bu da məhz həmin ilk addımdır. Əvvəlcə bunun mümkünlüyünü qəbul etmək, sonra jurnalımızı oxumaq lazımdır.
- Sizin fikrinizcə nə üçün azərbaycanlı kişilər lesbian qadınlara geylərdən daha loyal yanaşır? Onlarda sosial azlıq nemayəndəsidir...
- Kişi sözü ilə qarşılaşdırma cəmiyyətimizdə yaxşı, layiqli insan anlamına gəlir. Məsələn “kişi kimi mərd”, “kişi kimi qürurlu”, “kişi kimi hərəkət etdi” kimi ifadələr qadınlarımıza söylənilən komplimentlər sırasındadırlar. Bəzi lesbianların maskulin olması onların cəmiyyət tərəfindən daha tolerant qarşılanmalarına gətirib çıxardır.
Geylər isə bunun tam əksi olaraq qəbul olunur. Onların cəmiyyətdə yerini tapması daha çətin baş verir.
- Elektron nəşrinizin perspektivini necə görürsünüz və gələcəkdə çap versiyasına keçməyi planlaşdırırsınızmı?
- Nə qədər təəccüblü olsa da, jurnalımıza ictimaiyyətin marağı çox böyükdür. Hamı ( hətta, sözdə əks gedənlər də) bizimlə maraqlanırlar. Biz hətta heteroseksuallardan məktublar da alırıq. Onlar jurnalın yaradılmasında öz köməklərini təklif edirlər. Kağız versiyasına gəlincə isə demək istəyirəm ki, mən həm də təbiətin qoruyucusuyam. Fəaliyyətimizin ətraf aləmə zərər vurmasını istəmirəm. Jurnalın elektron versiyası isə həm daha təhlükəsiz və eyni zamanda daha əlverişlidir. Çünki bu bir növ anderqraund mədəniyyətə çevrilir.
1news.az