Mikayıl Cabbarov: “Azərbaycan gəncliyi–bu, bizim haqqında inamla danışa biləcəyimiz sərvətimizdir”
Təhsil naziri Mikayıl Cabbarov 2 Fevral – Gənclər Günü münasibətilə gəncləri təbrik edib.
1news.az-ın verdiyi xəbərə görə, nazir qeyd edib ki, gənclər və gələcəyimiz bir-birinə mənaca yaxın sözlərdir:
“Gənc” anlayışı həyatın bütün sahələrində – elmdə, təhsildə, mədəniyyətdə atılan ilk addım, başlanğıc kimi qəbul olunur. Dahi Üzeyir bəy Şərqin ilk operasını yazanda, elmdə misilsiz imza sahibi Eynşteyn ilk ciddi araşdırmalara başlayanda, böyük rus şairi Lermontov “Zəmanəmizin qəhrəmanı”nı nəzmə çəkəndə gənc idilər. Bu insanlardakı gənclik ruhu onları gələcək üçün səfərbər edib və uğur hekayələrinə zəmin olub.
Əziz gənclər! Siz həm də yuxarı sinif şagirdi, tələbə, elm yolunda ilk qədəmlərini atan tədqiqatçı, müəllimsiniz. Hamımızın ana Vətəni olan Azərbaycan üçün çalışmağımızın bir məqsədi var: ölkəmiz güclü olsun! Sevinirəm ki, bu məqsəd üçün ölkəmizdə kifayət qədər güclü gənclik potensialı var. Onlar ölkəmizin gələcək hədəfləri haqqında düşünür, çalışır və yarışırlar. Demək olar ki, hər gün görüşdüyüm bu cür gənclərdən bir neçəsi ilə elə bu günlərdə tanış olmuşam. Bu tanışlığa səbəb onların qurucu, yaradıcı fikirləri, əldə etdiyi uğurlardır”.
M.Cabbarov qeyd edib ki, hazırda Azərbaycan gəncləritəhlil və analiz edir, Azərbaycanın və eləcə də dünyanın müxtəlif universitetlərində əvəzsiz təcrübə əldə edir və ölkəmizi müxtəlif yarışlarda təmsil edirlər:
“Azərbaycan gənci bu gün düşünür, tədqiq edir, ölkəmizin və dünyanın ən yaxşı universitetlərində bilik sərmayəsi qazanır, müxtəlif yarış meydanlarında qalib olur və respublikamızı təmsil edir. Bu bizim sərvətimiz və haqqında inamla danışa biləcəyimiz Azərbaycan gəncliyidir.
Əlamətdar haldır ki, hər il cənab Prezidentin sərəncamı ilə Gənclər üçün Prezident mükafatlarının verilməsi təqdirəlayiq ənənə halını alıb. Bu il də mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində mükafatlar xüsusi fərqlənən gənclərə təqdim olunacaq”.
“Firavan yaşayan cəmiyyətə aparan yol bilikdən keçir. Tarazlı və uğurlu sosial-iqtisadi inkişaf mükəmməl təhsilə bağlıdır. Təhsil isə cəmiyyətə və onun bəslədiyi dəyərlərə. Əziz gənclər, sizə bu əməllər naminə sözün həqiqi mənasında gənclik enerjisi arzulayıram!” – nazirin təbrikində deyilir.
1news.az