Polislərin yaralanması ilə nəticələnən hadisə haqqında rəsmi açıqlama verildi
Fevralın 2-də saat 01 radələrində Daxili İşlər Nazirliyinin "102" Xidmətinə paytaxtın Sabunçu rayonu ərazisində yerləşən "Emin" kafesində münaqişə olması barədə daxil olmuş məlumata əsasən dərhal hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin əməliyyat qrupu və həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları gələrək kafedə bir qrup vətəndaşın sərxoş vəziyyətdə xuliqanlıq hərəkətlərinin qarşısını almağa çalışıblar.
1news.az-a Bakı şəhəri Baş Prokurorluğundan verilən məlumata görə, ictimai qaydanı kobud surətdə pozaraq xuliqanlıq edən şəxslərdən bir neçəsi bıçaqla polis əməkdaşlarına hücüm edərək polis kapitanı Ağaəli Ələkbərliyə, polis serjantları Elnur Şərifova və Bəxtiyar Abbasova bədən xəsarətləri yetiriblər.
Polis əməkdaşları tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakinləri - 1987-ci il təvəllüdlü Dəyanət Muradov, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü İlham Məmmədov və Ağcabədi rayon sakini, 1986-cı il təvəllüdlü Fariz Məlikov zərərsizləşdirilərək dərhal Polis Bölməsinə aparılıb, hadisə zamanı istifadə olunan bıçaq isə maddi sübut kimi götürülüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə bir qrup şəxs tərəfindən xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib.
D.Muradov, İ.Məmmədov və F.Məlikov cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1news.az