ADİF: Bağlanan bankların müştərilərinə kompensasiyaların ödənişi ilə bağlı problem olmayacaq
Bu gün lisenziyası ləğv edilən “Texnikabank” ASC-nin sığorta olunan əmanətlərin həcmi ilkin məlumata görə, təqribən 70-80 milyon manat təşkil edir.
1news.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib. Onun sözlərinə görə, bu hələ dəqiq məlumat deyil.
A.Cavadov qeyd edib ki, hazırda iki bank – “Bank of Azerbaijan” və “Gəncəbank” – müflis elan edilib. Onların əmanətlərinin ümumi həcmi təqribən 26 milyon manat təşkil edir.
“Texnikabank” müflis elan edilsə, biz ümumilikdə 100 milyon manatdan bir qədər artıq kompensasiya ödəməliyik (“Bank of Azerbaijan” və “Gəncəbank” nəzərə alınmaqla). Bizim 132 milyon manatımız mövcuddur, buna görə də kompensasiyaların qaytarılması ilə bağlı problem olmayacaq. Həttə bütün kompensasiyanı ödəmək üçün vəsaitimiz çatmasa, bizim Mərkəzi Bankla razılaşmamız var ki, tənzimləyicinin özü çatışmayan vəsaiti qarşılayacaq”- deyə, A.Cavadov əlavə edib.
1news.az