Fransanın Azərbaycandakı səfiri Qubada qış məktəbinin açılışında iştirak edib - FOTO
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez fevralın 3-də Qubaya səfər edib.
Bu haqda 1news.az AZƏRTAC-aistinadla xəbər verir ki, səfir Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri üçün təşkil olunan qış məktəbinin açılış mərasiminə qatılıb. Qış məktəbi universitetin Quba rayonunun İkinci Nügədi kəndində yerləşən Tədris, İdman və İstirahət Kompleksində təşkil olunub.
Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən qış məktəbi müəllimlərin elmi-pedaqoji biliklərinin artırılması, müasir tədris bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyır. Bu gün start verilən təlimlər “Universitet sistemində interaktiv təhsil” mövzusuna həsr edilib. Paris Sorbon Universitetinin Abu Dabi kampusunun professoru Florent Pratlonqun keçdiyi təlimlərdə Dövlət İqtisad Universitetinin 100 müəllimi iştirak edir.
Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universiteti ilə tanışlığından məmnun qaldığını bildirib. Ölkəsindəki təhsil sektorundan danışan səfir, dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Paris Sorbon Universitetinin təcrübəsindən yararlanmağın müsbət tərəflərini qeyd edib.
Xanım Orelia Buşez səfir kimi təyinatından sonra Azərbaycanın bölgələrinə ilk səfərinin Qubaya etdiyini və bura gəlməkdən məmnun qaldığını da diqqətə çatdırıb.
Tədbirdə qış məktəbinin davamlı keçiriləcəyi bildirilib. Növbəti mərhələdə Türkiyənin Uludağ Universitetinin professoru Ercan Dülgeroğlu Azərbaycan Dövlət İqtisad Universitetinin 30 müəlliminə təlim keçəcək. Eyni zamanda, İqtisad Universitetinin 15 professoru Türkiyənin ali təhsil sistemi ilə yaxından tanış olmaq üçün qardaş ölkəyə ezam olunub.
Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri üçün təşkil olunan qış məktəbi fevralın 6-dək davam edəcək.
1news.az